İlham Əliyev: “Biz onların dövləti ilə sülh istəyirik”
Avqustun 1-də Azərbaycanın və Ermənistanın dövlət başçıları “Euronews” televiziyasına müsahibə verib.
Jurnalist Aneliz Borjesin hər iki ölkə başçısına suallarının əksəriyyəti eyni olub.
“Deməzdim ki, hər şey çox rəvan gedir, ancaq hələ də nikbinik…”
Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibə Şuşada baş tutub.
İlham Əliyev 2020-ci il noyabrın 10-da imzalanan bəyanatın dayanıqlı sülhü təmin etmədiyini bildirib:
“O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq. Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Sonra yenə boşluq yarandı. Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik”.
“Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq. Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq. Deməzdim ki, hər şey çox rəvan gedir. Ancaq hələ də nikbinik, çünki hazırda hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal danışıqlar aparırıq”, – deyə Əliyev qeyd edib.
“Azərbaycan sənədin bir sıra müddəalarını kobud şəkildə pozur”
Ermənistanın Baş naziri Nikol Paşinyan da oxşar yanaşma sərgiləyib.
Onun sözlərinə görə, Moskvada imzalanmış sənəd hüquqi aspektinə görə sülh sazişi deyil. Ancaq Paşinyan təəssüfənib ki, Azərbaycan sənədin bir sıra müddəalarını kobud şəkildə pozur:
“Məsələn, Azərbaycan Prezidentinin imzaladığı 9 noyabr tarixli Üçtərəfli Bəyannaməyə baxmayaraq, Dağlıq Qarabağın olmadığını təkid etməkdə davam edir. Həmçinin “Dağlıq Qarabağ” subyektinin mövcudluğunu bildirir. Üstəlik, Dağlıq Qarabağda təmas xəttinin olduğu, Dağlıq Qarabağın üçtərəfli bəyanatın 7-ci bəndi ilə müəyyən edilmiş ərazisinin olduğu qeyd edilir. Bundan başqa, həmin bəyanatın 7-ci bəndi məcburi köçkünlərin və qaçqınların BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının idarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik rayonlara qayıtmasını nəzərdə tutur”.
“Təəssüf ki, Azərbaycan bu öhdəliyi və bu hüququ hələ də təmin etməyib. Üstəlik, müharibə zamanı ermənilərin qovulduğu bir sıra kəndlərdə tikinti işləri gedir və Azərbaycan bu əraziləri azərbaycanlılarla məskunlaşdırır. Yaxud Üçtərəfli Bəyanatın 8-ci bəndinə zidd olaraq, əsir, girov və digər məhbuslar hələ də Ermənistana qaytarılmayıb, son vaxtlara qədər 33 məhbus olub, bu yaxınlarda isə daha 2 nəfər oğurlanıb”, – Paşinyan vurğulayıb.
“Heç kim sülhə nail olmağın asan olacağına söz vermədi”
Azərbaycanın dövlət başçısı II Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə üzərinə götürdüyü öhdəliyi xatırladıb:
“İstərdik ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız olsun. Lakin bu, hələ də baş vermir”.
O bildirib ki, Ermənistan tərəfindən konstruktiv yanaşma görünsə və ən vacibi isə əgər onlar ərazi bütövlüyünü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda ilin sonuna qədər tezliklə sülh variantını tapa bilərlər.
Ermənistanın Baş naziri Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə olan görüşü xatırladaraq deyib ki, tərəflər bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanımaq barədə razılığa gəliblər:
“Bundan sonra Çarlz Mişel müvafiq bəyanatla çıxış etdi. Hələlik Azərbaycan prezidenti bu razılaşmanı açıq şəkildə təsdiq etməyib. Düzdür, o bunu inkar etmirdi. Bu, müəyyən inamsızlıq yaradan bir nüansdır. Bizim də razılaşmamız var ki, Bakı ilə Dağlıq Qarabağın paytaxtı və əsas şəhəri olan Stepanakert (Xankəndi) arasında beynəlxalq mexanizm çərçivəsində Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı dialoq aparılmalıdır. Bu dialoq hələ də yoxdur. Amma biz ardıcıl işləməliyik. Heç kim sülhə nail olmağın asan olacağına söz vermədi. Əgər asan olsaydı, sülh çoxdan bərqərar olardı”.
“Bizim heç bir ərazi iddiamız yoxdur. Lakin biz düşünürük ki…”
Jurnalistin “Bu gün qarşı tərəfə mesajınız nədən ibarətdir?” sualına Əliyev: “Mən bu barədə düşünməmişəm, çünki həyatımda ilk dəfədir ki, mənə bu sual verilir”, – deyə cavab verib:
“Əgər onlar mənim söylədiklərimə qulaq asırlarsa, mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur.Baxmayaraq ki, müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bununla belə, bizim heç bir ərazi iddiamız yoxdur. Lakin biz düşünürük ki, Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var. Onlara digər bir mesaj ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi və bu, təkcə bununla bitmədi. O həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı”.
“Onlar dərk etdilər ki, müharibəni uduzublar və çox güman ki, bu, onlar üçün psixoloji cəhətdən çox ağrılı oldu. İndi biz sülh istədiyimizi deyəndə, bu, ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəyirik. Beləliklə, erməni icmasına gəlincə, düşünürəm ki, onlar beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdırlar. Başa düşməlidirlər ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə vəziyyət proqnozlaşdırılmayan olacaq. Gördüyümüz kimi, dünyada və regionda geosiyasi vəziyyət çox kəskin şəkildə dəyişir. Onların təhlükəsizliyi ilə bağlı ümidlərinin bir qismi tamamilə yoxa çıxdı. İndi onlar yeni təhlükəsizlik qarantları axtarırlar. Kim bu ərazidə döyüş meydanında Azərbaycanla qarşıdurmaya hazırdır, xüsusilə bizim müharibə zamanı nümayiş etdirdiklərimizdən və müharibədən sonra müdafiə imkanlarımızı artırdığımız bir vaxtda? Ermənilərə görə bizə qarşı döyüşməyə hazır olan kimsə varmı? Mən buna şübhə edirəm”, – deyə Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan müharibədən sonra Qarabağ erməniləri ilə dərhal təmasa başlayıb:
“Mənim konkret olaraq bu vəziyyətdə Ermənistan hökumətinə artıq çatdırdığım başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Qarabağdakı ermənilərə xatırlatmaq istərdim ki, biz onlarla təmaslara dərhal başladıq. Faktiki olaraq biz erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu. Mənə məlumat verildi ki, yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar dərhal dostlaşıblar. Əgər tikintinin birinci ayında rusiyalı sülhməramlılar hər iki tərəfin təhlükəsizliyini təmin edirdilərsə, sonradan onlar, sadəcə olaraq, çıxıb getdilər”.
“Rusiya sülhməramlıları yox idi, onlar asanlıqla ünsiyyət qururdular. Beləliklə, bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur. Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu “liderlər”, – hazırkı və bundan əvvəlki “liderlər”, – onlara bütün bu müddət ərzində – müharibədən əvvəl, müharibə zamanı qalib gəldiklərini deyəndə yalan danışıblar. Hətta biz Şuşaya nəzarəti ələ alanda onlar deyirdilər ki, Şuşa onların nəzarəti altındadır. Onlar bunu çox yaxşı bilirlər. Onlar Xankəndidə hakimiyyəti ələ keçirmiş və əsas məqsədi öz maraqlarını güdmək olan bugünkü rejimin girovuna çevrilməməlidirlər”, – deyə o əlavə edib.
“Həm Ermənistan, həm də Azərbaycan ictimaiyyəti öz hakimiyyətlərindən sülh tələb etməlidir”
Nikol Paşinyan bu sualı çox da uğurlu janr hesab etməyib:
“Çünki iki siyasətçi bir-biri ilə danışanda əslində iki xalq danışır. Bir tərəfdən bu xalqın seçdiyi adam danışır, digər tərəfdən həmin xalq tərəfindən seçilmiş şəxs. Ona görə də söhbətimiz təbii ki, beynəlxalq platformadır, amma o, həm də xalqa yönəlib və əgər deyiləsi bir şey varsa, demək olar ki, birinci saniyədən dediklərim həm də Azərbaycan xalqına ünvanlanıb. Belə hallarda gözləmə təklifləri olur: biz uzun illərdir burada yaşayırıq və hələ də uzun müddət burada yaşamalıyıq. Düşünürəm ki, bütün sözlər deyilib”.
“Yeri gəlmişkən, bəlkə də həm Ermənistan ictimaiyyətinə, həm də Azərbaycan ictimaiyyətinə eyni dərəcədə ünvanlanan bir mesaj var. Çünki həm Ermənistan ictimaiyyəti, həm də Azərbaycan ictimaiyyəti öz hakimiyyətlərindən sülh tələb etməlidir. Bu, ictimai tələb kimi formalaşmalıdır. Onlar sülh, çeviklik və bu tələbi ödəmək bacarığı tələb etməlidirlər”, – o bildirib.
“Humanitar yardım təyinat yerinə çatmalıdır”
Nikol Paşinyan Beynəlxalq Qızıl Xaç Komitəsinin Laçın dəhlizinin bağlanması səbəbindən Dağlıq Qarabağa humanitar yardım çatdırmaq imkanının olmadığını vurğulayıb:
“Bu o deməkdir ki: birincisi, Beynəlxalq Qızıl Xaç Komitəsi Dağlıq Qarabağa humanitar yardımın çatdırılmasının zəruriliyini rəsmən bəyan edir, əks halda yardımı çatdıra bilməyəcəyini bəyan etməzdi. İkincisi, bunu edə bilməyəcəyini müəyyənləşdirir; üçüncüsü, Laçın dəhlizinin blokadasına görə bunu edə bilmir. Bunun ardınca, səhv etmirəmsə, “Freedom House” beynəlxalq təşkilatı Dağlıq Qarabağa humanitar yüklərin daxil olmasını təmin etmək çağırışı ilə reaksiya verdi. Həm də üçtərəfli Bəyanata və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əsasən, humanitar yardım təyinat yerinə çatmalıdır. İndi bunun baş verib-verməyəcəyini görəcəyik”.
“Nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi…”
İlham Əliyev Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisinin Bakı ofisinə yox, Yerevandakı ofisə tabe olmasını yolverilməz adlandırıb:
“Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Hətta Ermənistanın Baş naziri dəfələrlə “Qarabağ Azərbaycandır” söyləyib. Bəs nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox, Yerevandakı ofisə tabedir? Bu, bizim legitim tələbimizdir”.
Azərbaycan Prezidenti Laçın dəhlizi, sərhəd-keçid məntəqəsi və bu, çox mühüm keçid yolu məsələsinin indi sülhə əngəl olan əsas maneələrdən biri olduğunu düşünmədiyini deyib:
“Laçın-Xankəndi yolundakı vəziyyət biz aprel ayının 23-də sərhəd-buraxılış məntəqəsi yaradanda yerində dəyişdi. O vaxta kimi bizim sülh razılaşmasına gəlmək üçün iki il yarım vaxtımız var idi. Yeganə əngəl Ermənistanın rəsmi surətdə Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımaq istəməməsi idi. Bəli, onlar bunu bəyanatlarla, şifahi bəyanatlarla edirdilər. Bu da mövqeyin ifadə edilməsinin bir yolu idi, lakin onlar sənədə imza atmalı idilər. Odur ki, mən bu iki məsələnin bir-biri ilə bağlı olduğunu düşünmürəm. Çünki Ermənistanla aparılan sülh danışıqlarının uğurlu bir ssenari ilə yekunlaşacağına ümid edirəm və bunun yaxın aylarda baş verəcəyinə ümidvaram”.
“Müharibənin səbəbi sülhün qorunmasının və ya davamlı sülhün əldə edilməsinin mümkünsüzlüyündən irəli gəlir”
Hər iki ölkə başçısı müharibənin əleyhinə olduğunu bildirib.
Nikol Paşinyan isə müharibəni problemin həlli üçün yanlış variant sayıb:
“Müharibə həmişə yanlış variantdır, yəni müharibə varsa, deməli, filankəs filan yerdə səhv edib, ya da kimlərsə səhv edib. Müharibənin səbəbi sülhün qorunmasının və ya davamlı sülhün əldə edilməsinin mümkünsüzlüyündən irəli gəlir. Müharibənin məntiqi ilə belə demək istəyirəm: biz nisbətən desək, birinci qan amilini heç vaxt unutmamalıyıq. Haradasa qan töküləndə bu, çox dərin psixoloji, sosial, ictimai-siyasi məqamdır. Bu həm ictimaiyyət, həm də siyasətçilər üçün çox çətindir. Əslində belə bir bölgü yoxdur. Yenə də həmişə bilin ki, bəli, siyasətçilər camaatın əhval-ruhiyyəsinə təsir edir, amma onlar da camaatın əhval-ruhiyyəsindən təsirlənirlər və əksinə. Belə qərarlar, güzəştlər vermək bəzən çox çətindir ki, bu da öz dərinliklərində keçmişdə dünyasını dəyişən insanların boş yerə ölməsi mənasına gəlir. Bu problem hər yerdə var və heç vaxt tək tərəfdə olmur”.
“Baxın, sən ölən əsgərin anasından danışırsan və təsəvvür et ki, bu nə mühüm amildir ki, indi bizim söhbətimizdə bunu müzakirə obyektinə çevirmisən. Amma ondan əvvəl və ya ondan sonra sual oluna bilər: əgər siz indi belə güzəştə gedirsinizsə, o zaman uşaqlarımız niyə öldü? Və bu suala heç kimin cavabı yoxdur, heç kim heç vaxt verə bilməz. Və bilin ki, bu sual hər bir siyasətçinin qarşısındadır. İnsan gələcəkdə qurbanların qarşısının alınmasının vacibliyini dərk etsə də, həmişə bilir ki, ikinci suala cavab almalıdır: keçmişdə ölənlər niyə öldü? Yəni bu qurban mənasız idi? Yəni siyasətçilər o adamları təzədən götürüb öldürdülər, bu qədərmi? Bütün bunlarda başqa məna, məzmun, məqsəd, missiya varmı? Və insanlara başa salmaq çox çətindir ki, bilirsiniz, oğlunuz və ya qızınız gələcək dünya üçün həlak olub? Bir insana dünya naminə ölə biləcəyinizi necə izah etmək olar”, – Paşinyan qeyd edib.
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi”
İlham Əliyev isə deyib ki, müharibədə qalib gəlmək onun siyasi həyatının missiyası olub:
“Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik: siyasi amillərə, bizim hərbçilərimiz üçün bir neçə müdafiə səddinin qırılmasını çətinləşdirən işğal edilmiş ərazilərdə uzunmüddətli infrastruktur layihələrinin olması amillərinə baxmadan. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz öz torpağımızda vuruşduq. Biz Ermənistanın torpağında savaşmadıq və biz Zəfər çaldıq. Otuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir. Demək olar ki, bir milyon azərbaycanlı evindən məhrum olmuşdur. Bütün bu acıya baxmayaraq, biz qisas almadıq”.
O deyib ki, Ermənistan sülh istəyərsə, buna nail olmaq mümkündür:
“Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir. Bu, bizim onları buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər?”
“Hesab edirəm ki, bu, legitim yanaşmadır. Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur. İndi biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nəyə görə Gürcüstanın separatçı regionlarına qarşı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anlaşılır, lakin bizim eyni mənşədən olan separatizmə son qoymaq üçün legitim istəyimiz sual atlına alınır? Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik“, – Əliyev qeyd edib.