“Hətta maska və əlcəyi də ona çatdıra bilmirik”
Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan fəalı Tofiq Yaqublunun psixoloji-mənəvi təzyiq altında saxlandığı bildirilir. Bu barədə Meydan TV-yə danışan qızı Nigar Həzi deyir ki, virusdan qorunmaqdan ötrü, hətta maska və əlcəyi də ona çatdıra bilmirlər.
N.Həzinin sözlərinə görə, atasına geyim və başqa zəruri gigiyenik vasitələrin çatdırılmasına qadağa da davam edir. Onun zəruri məhsulları təcirdxananın daxilindəki köşkdən ala bilməsi üçün pul da göndərə bilmirlər:
“Ona verilən maska və əlcəyi belə, çatdırmayıblar. Başqa dustaqlara poçtla pul göndərmək mümkündür. Bizdən bu yolla da götürmədilər. Mayın 7-də gedib, dərmanları verdim, bir də hesabına pul qoydum. Pul təcridxanadakı ticarət köçkündə dustağın hesabına qoyulur, alış-veriş etdikcə, oradan çıxılır. Mayın 9-da zəng elədi, məlum oldu ki. dərmanları çatdırıblar. Amma pulu deyəndə təəccübləndi. Bildirdi ki, ona bu barədə məlumat verməyiblər”.
N.Həzi deyir ki, atası növbəti dəfə telefon əlaqəsi saxlayanda pulun ona çatıb-çatmadığını dəqiqləşdirə biləcək.
T.Yaqublunun ayrı-seçkiliyə məruz qaldığını vurğulayan qızının sözlərinə görə, ən adi məsələlərdə belə ona əngəllər yaradırlar: “Günahsız həbs eləməklə kifayətlənmirlər, bu cür qeyri-insani davranışlarla əlavə əziyyət verirlər”.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə bildirir ki, bu qurumun tabeliyindəki həbs yerlərində saxlanılan bütün şəxslərə eyni münasibət göstərilir.
COVİD-19 (koronavirus) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində martın 6-dan həbs yerlərinə sovqat çatdırılmasına və görüşlərə qadağa qoyulub.
Tofiq Yaqublu martın 22-də həbs olunub. Ona qarşı CM-nin 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.
T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, həbsindən əvvəl “Facebook” hesabında yazmışdı: “Dostlar, ciddi təxribatla üzləşmişəm. “8-ci kilometr bazarı”nda park halında olan maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır…”
T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.
Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.