Nicat İbrahim: “Polislər başımıza elə oyunlar açıb ki, uşaqlarım polis görəndə qorxurdu”

Nicat İbrahim. Foto: Şəxsi “Facebook” səhifəsi

Məhkəmə fəalın ev dustaqlığı ilə bağlı vəsatətini təmin etməyib

4 aydır ki, həbsdə olan ictimai fəal Nicat İbrahimin məhkəməsi başlayıb. 

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyilə baxılır.

Yanvarın 6-da məhkəmənin hazırlıq iclasında prokuror bildirib ki, cinayət işinin materialları ilə tanış deyil. Bu səbəbdən də məhkəmədən vaxt istəyib.

Vəkil Zibeydə Sadıqova isə müvəkkilinin 4 aydır ki, heç bir cinayət törətmədiyi halda həbsdə saxlandığını əsas gətirərək onun hökm çıxarılana qədər ev dustaqlığına buraxılması barədə vəsatət verib. 

Nicat İbrahim Bəhmən Əliyev adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur. 

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham irəli sürülüb.

Vəkil bildirib ki, Nicat İbrahim bu ittihamı qəbul etmir, heç kimi bıçaqlamadığını deyir. 

Onun bu cinayəti törətdiyi iddia edilən yerdə “Təhlükəsiz Şəhər” kameraları var. 

Ona görə də həbsindən dərhal sonra istintaqa vəsatət veriblər ki, ərazidəki kamera görüntüləri təqdim olunsun, Nicat İbrahimin həqiqətən adam bıçaqladığı sübut olunsun: 

“Lakin bizə o görüntüləri təqdim eləmədilər. Çünki Nicat İbrahim heç kimi bıçaqlamayıb. Əgər bıçaqlayıbsa, niyə görüntülər təqdim olunmur? Şübhə əsaslı olmalıdır. Sübutlar mötəbər olmalıdır”.

Nicat İbrahim özü də bildirib ki, tanımadığı adamı gətirib onun üzünə qoyurlar. 

İddia edirlər ki, onu bıçaqlayıb. İctimai fəalın sözlərinə görə, sentyabrın 6-da iki övladı və həyat yoldaşı ilə birlikdə ölkədən getmək istəyirdi. Lakin hava limanında məlum olub ki, onun ölkədən çıxışına qadağa qoyulub. 

Həyat yoldaşı və uşaqlarını sərhəd-buraxılış məntəqəsindən buraxsalar da, onun çıxmasına icazə verilməyib. 

Həmin vaxt o, Daxili İşlər Nazirliyinin “102 xidməti”nə zəng eləyib. 

Məlumat verib ki, əvvəllər ölkədən çıxışına qadağa olsa da, 2023-cü ilin mayında Səbail Rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın qərarı ilə həmin qadağa ləğv edilib.

Uzunmüddətli danışıqlardan sonra Nicad İbrahim əsəbiləşərək, gəlib Daxili İşlər Nazirliyinin qarşısında intihar edəcəyini bildirib:

“Mən çalışırdım ki, ölkədən çıxım gedim. Hətta Prezident Administrasiyasında Fuad Ələsgərovun qəbuluna yazılmışdım, sentyabrın 19-da onun qəbuluna gedəcəkdim. İstəyirdim ki, ölkədən çıxış məsələm həll olunsun, ailəmin yanına çıxım gedim. Mən niyə kimisə bıçaqlamalıydım, başıma iş açmalıydım? Bir tərəfdən məni bəyənmirlər, o biri tərəfdən də ölkədən getməyə qoymurlar. Mənim uşaqlarım da qalmaq istəmirdilər burada. Polislər bizim başımıza elə oyunlar açıb ki, uşaqlarım polis görəndə qorxurdu. Ona görə çıxıb getmək istəyirdik…”

Aygün Qurbanova, Fərid Namazov və Telman Hüseynovdan ibarət hakimlər kollegiyası Nicat İbrahimi ev dustaqlığına buraxmaqdan imtina edib.

Məhkəmə prosesi isə yanvarın 13-nə qədər təxirə salınıb.

Nicat İbrahim bir neçə il əvvəl ağzını tikməklə polislərə qarşı etiraz aksiyası keçirmiş, 4 il öncə isə prezidentə istefa tələbindən sonra koronavirusu yayma ittihamı ilə il yarım həbsdə saxlanmışdı.

Tanımadığı adama bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs olunan ictimai-siyasi fəallar arasında keçmiş diplomat Emin İbrahimov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev, işçilərin hüquqlarının müdafiəsilə məşğul olan Afiəddin Məmmədov da var.

Zamin Salayev də məhkəməsində dəfələrlə tələb etdi ki, hadisənin baş verdiyi ərazidə – Lökbatan dairəsində olan təhlükəsizlik kameralarının görüntülərinə baxış keçirilsin. Lakin görüntülərə baxılmadı, bildirildi ki, həmin vaxt ərazidə olan 8 kameranın heç biri işləməyib.

Ana səhifəXəbərlərNicat İbrahim: “Polislər başımıza elə oyunlar açıb ki, uşaqlarım polis görəndə qorxurdu”