Nəyisə elə-belə etmək

Etmək istəmədiyinizi etməklə siz düşünmədiyinizi də düşünməyə vadar ola bilərsiniz.

Source:

Nərmin Kamal

Hər bir insanın özünü ləyaqətli hiss etmək ehtiyacı var. Küçədə təsadüfən 5 manat alıb kameraya öz yaşayışı haqqında “hər şey əladır” – deyən kasıb adam həmin çıxışından dərhal sonra yaşayışının həqiqətən də yaxşı olduğunu düşünür. Çünki o özünə ləyaqətsiz bir iş gördüyünü, həqiqəti beş-on manata satdığını etiraf edə bilmir.


Bu yaxınlarda bir videoya baxdım. İki sıravi adamı bir təcrübəyə cəlb edirlər. Onların hərəsinə dörd kərpic verib tapşırırlar ki, sadəcə hərəsi öz kərpiclərinin yerlərini dəyişdirsin. Vintlər verirlər ki, onları açıb yenidən öz yerlərinə bağlasınlar. Bir saat ərzində belə bir darıxdırıcı iş görəndən sonra təcrübəni aparan şəxs onların ikisindən də bir xahiş edir: Dəhlizə çıxıb öz eksperiment növbəsini gözləyənlərə yalan danışsınlar. Desinlər ki, içəridə çox maraqlı iş görürdülər, guya tapşırıq çox əyləncəli idi.

Bu yalana görə onlardan birinə 20, o birinə isə cəmi 1 dollar verirlər. Hər ikisi dəhlizə çıxıb növbədəki adamlara həmin sözləri deyir. Sonra bu iki adam yenə içəri qayıdıb təcrübəçinin özünə əslində bu bir saatın onlar üçün necə keçdiyini, – doğrunu deməlidirlər. Sizcə, cavablar nə olsa yaxşıdır? Kimin bir saat ərzində kərpiclərin yerini dəyişdirmək, vint açıb bağlamaq daha çox xoşuna gəlib? 20 dollar alanınmı?.. Xeyr.

20 dollar alan adam təcrübəçiylə üz-üzə oturanda ona səmimiyyətlə deyir ki, tapşırıq darıxdırıcı idi, məhz 20 dollar aldığına görə, – pul xatirinə yalan danışıb. 1 dollar alıb dəhlizdəkilərə yalan danışan adam isə bu son mərhələdə təcrübəçinin özünə də tapşırığın xoş, əyləncəli olduğunu deyir: “Bilirsiz, heç də darıxdırıcı deyildi, sizə deyim ki, doğrudan da əyləncəli tapşırıq idi.”

Təcrübə cürbəcür adamlarla dəfələrlə təkrarlanır, hər dəfə ortaya eyni nəticə çıxır. 20 dollar alan adamın dəhizdə gözləyənlərə sifariş olunan yalanı deməyə səbəbi var. O, pul qazanıb. Hakimiyyətdən milyonlarla qazancı olanlar həmin 20 dolları alan adamın vəziyyətindədirlər. Nəyin xatirinə yalan danışdıqlarını bilirlər. 1 dollar alıb dəhlizdəkiləri aldadanın isə belə bir səbəbi yoxdur, gözləyənləri aldatdığı üçün özünü narahat hiss edir, rahat olmaqdan ötrü özünü də aldadır. Deyir ki, əslində yalan deməyib, həqiqətən də o bir saatı maraqlı, əyləncəli keçirib.

Budur, insan özünü ləyaqətli hiss etməyə ehtiyac duyur.

Dünənə kimi yaşayışını, güzəranını lənətləyən sıravi zəhmət adamlarında göndərişlə getdikləri mitinqdən, seçki məntəqəsindən çıxanda tapşırıqla səs verdkləri adama sevgi yaranır.


Hansısa dövlət kollecinin tələbələrinə, hansısa məktəbin müəllimlərinə deyilir ki, hakimiyyətdə olan partiyaya üzv olmalı, bunun üçün bu siyahıya, bu sənədə imza atmalıdırlar. Həmin ana qədər belə bir istəyi olmayan, hətta həmin partiyanın əleyhinə az-maz fikirləri olan adamlar belə, imza atıb üzvlük vəsiqəsini alandan sonra avtomatik onun təəssübkeşinə çevrilirlər.


Onlar yox deyə bilərdilər. Bunun üçün onları heç kəs birbaşa oxuduğu yerdən qovmayacaqdı. Amma demirlər. İndi özlərini yalançı, qorxaq, alçaldılmış, iradəsiz hiss etməlidirlərmi? Hər insan öz-özünə bunları etiraf edə bilmir. Bu, olmur. O səbəbdən kollektiv şəkildə aparıldıqları və istəmədikləri namizədin adını qışqırdıqları təşviqat mitinqindən, kameraya danışılan həmin yalandan sonra kasıb adamlarda belə bir səmimi mövqe hasil olur: Bu adını qışqırdığım adam heç də pis deyil, hakim partiya əslində elə də pis deyil. İnanır ki, prezidenti həqiqətən də xoşladığı üçün tərifləyib, ona özü səs vermək istədiyi üçün hamıyla birlikdə avtobusa minib fırıldaq seçki əməliyyatına gedib.


Etmək istəmədiyinizi etməklə siz düşünmədiyinizi də düşünməyə vadar ola bilərsiniz. Bu işlərə 1 dollara və ya elə-belə cəlb olunmaq məhz bu səbəbdən qat-qat təhlükəlidir.

Ana səhifəMənim FikrimcəNəyisə elə-belə etmək