Amerika kinostudiyaları Rusiyada filmlərinin yayımını dayandırıb
Amerika kinostudiyaları Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada filmlərin yayımını ləğv etməyə başlayıb.
Filmlərinin Rusiya kinoteatrlarına çatdırılmasını dayandıran studiyalar siyahısında birincilərdən olan “Walt Disney” şirkətidir.
Onlar aydınlaşdırıblar ki, vəziyyətə uyğun olaraq növbəti qərarlar veriləcək.
“Sony Pictures” də Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada gözlənilən teatr premyeralarını dayandırıb.
“Warner Bros” rəsmi premyeradan bir gün əvvəl “Betmen” filminin Rusiya kinoteatrlarında nümayişini ləğv edib.
Filmin Rusiya premyerası martın 2-də gözlənilirdi.
“Netflix” Rusiyanın 20 yerli televiziya kanalını yayımlamaqdan imtina edib.
Platforma müqaviləyə əsasən martın 1-dən “NTV”, “Pervıy kanal”, RPÇ “Spas” telekanalları olmaqla Rusiyanın 20 təbliğat kanalının yayımına başlamalı idi.
“Hazırkı vəziyyəti nəzərə alaraq, bu telekanalları servisimizə daxil etməyi planlaşdırmırıq”, –“Netflix” servisinin nümayəndəsi belə deyib.
Ukrayna Kino Akademiyası hərbi əməliyyat başlayandan sonra Rusiya kinosunu və kino sənayesini beynəlxalq boykot etməyə çağırıb.
Rusiyada kinoteatrlar fərdi şəxslərə, bir çox media və reklam platformaları dövlətə məxsusdur.