Məlumata görə, buna səbəb Türkiyənin öz hava məkanından keçməyə icazə verməməsidir
İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana planlaşdırılan səfərinin təxirə salındığı bildirilir.
Baş nazirliyin açıqlamasında səfərin təxirə salınmasının “bölgədəki təhlükəsizlik vəziyyəti və diplomatik cədvəlin sıxlığı” ilə əlaqəli olduğu bildirilib.
“Reuters”in məlumatına görə, bu qərarın arxasında Qəzzadakı əməliyyatların genişləndirilməsi üçün minlərlə ehtiyat hərbçinin çağırılması və Livan sərhədi ilə işğal altındakı Qərb Sahilinə yerləşdirilməsi kimi hərbi hazırlıqların olduğu qeyd edilir.
Lakin “The Times of Israel” yazır ki, əsl səbəb Türkiyənin “Wing of Zion”a (İsrailin yüksək səviyyəli dövlət rəsmilərini, xüsusilə də Prezident və Baş naziri xarici səfərlərə aparmaq üçün xüsusi təchiz olunmuş rəsmi dövlət təyyarəsi-red.) öz hava məkanından keçməyə icazə verməməsidir.
Məlumatda deyilir ki, Baş nazirin ofisi Bakıya, Yunanıstan və Bolqarıstan üzərindən alternativ uçuş marşrutunu nəzərdən keçirib, amma bu halda uçuş vaxtı iki dəfəyədək uzandığından bundan imtina edib.
Bu birinci dəfə deyil Türkiyə ilə münasibətlər üzündən İsrailin yüksəkrütbəli rəsmilərinin səyahət planları dəyişir. 2024-cü ilin noyabrında İsrail Prezidenti İsaak Hersoq son anda Azərbaycanda keçiriləcək BMT-nin COP29 iqlim konfransına səfərini ləğv etmişdi. Rəsmi açıqlamada bu qərarın “təhlükəsizlik səbəbləri” ilə əlaqəli olduğu bildirilmişdi.
Lakin həmin vaxt yayılan məlumatlara görə, əsl səbəb Türkiyənin İsrail liderlərini daşıyan “Wing of Zion” təyyarəsinin öz hava məkanından keçməsinə icazə verməməsi olub.
İsraildən Azərbaycana birbaşa uçuş marşrutları məhduddur. Bir çox hallarda təyyarələr ya Türkiyə, ya da alternativ olaraq Suriya, İraq və İran üzərindən uçmalı olur.
Azərbaycanla münasibətlər İsrail üçün strateji əhəmiyyət daşıyır və iki ölkə arasında enerji, müdafiə və ticarət sahələrində əməkdaşlıq mövcuddur.
Bir müddət öncə isə Bakıda İsraillə Türkiyə arasında görüşlərin keçirildiyi açıqlanmışdı.