Nəsib Nəsibli də Müsavatdan istefa verdi (yenilənib)

Sabiq millət vəkili faktı təsdiqləsə də, heç bir şərh verməyəcəyini dedi

Source:


Sabiq millət vəkilinin Arif Hacılıya görə istefa verdiyi aydın oldu

Sabiq millət vəkili, Müsavat Partiyasının Azərbaycanda bərpasında önəmli rolu olmuş, həm də müsavatçılıq irsinin araşdırmaçısı Nəsib Nəsibli partiyadan istefa verib.

Nəsib Nəsibli olayı Meydan TV-yə təsdiqləsə də, heç bir şərh verməyəcəyini dedi. O, yalnız istefa ərizəsini üzvü olduğu Xətai Rayon Təşkilatına təqdim etdiyini söylədi.

Nəsib Nəsibli 1989-1992-də Yeni Müsavat Milli Demokratik Partiyasına başçılıq edib, Müsavat Partiyası Bərpa Mərkəzinin birinci katibi olub və AXC hakimiyyəti dövründə Azərbaycanın İran İslam Respublikasında səfiri olub.

Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədli apa-ya açıqlamasında N. Nəsiblinin istefa verəcəyi barədə əvvəlcədən məlumatlı olduğunu, onun istefasına qurultay və başqanlıq seçkilərinin təsir etdiyini bildirib.

O, bildirib ki, N. Nəsibli Müsavat Partiyasına Arif Hacılının başqan seçilməsini qəbul etməyib: “Bizim aramızda qurultaydan sonra danışıq oldu. O bilirdi ki, partiyanın başına gələn şəxs Müsavatı məhv edəcək. Onun istefasının əsas səbəbi budur. O mənə dedi ki, qurultaydan sonra iki gün özünə gələ bilməyib. Mənə bildirdi ki, belə olan təqdirdə yəqin ki, partiyada qalmayacaq. Bir müddətdən sonra mənə yenə zəng vurdu. Xətai rayon təşkilatına istefa müraciəti göndərmək üçün məndən məsləhət istədi. Mən də gözləməsini xahiş etdim. Çalışdım ki, bir həftə gözlədim onu. O da buna əməl etdi. Ancaq bir həftədən sonra yenidən aramızda söhbət oldu və mən onu gözlətdiyim üçün üzr istədim. Mərkəzi Nəzarət-Təftiş Komissiyasının məlum rəyindən sonra, o, dəyişən bir hadisənin baş vermədiyini görərək istefa verdi”.

Müsavat Partiyasının başqanı Arif Hacılı Nəsiblinin istefasına təəssüflənib. O, apa-ya bildirib ki, Nəsib Nəsibli Müsavat Partiyasının bərpa olunmasında və sonrakı fəaliyyətində xidmətləri olan şəxslərdən biridir: “Partiya üzvü olmasa da, Müsavat irsinə, milli ideologiyaya sadiq qalacağı qənaətindəyəm. Nəsib Nəsibliyə şəxsi həyatında və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıram”.

Ana səhifəXəbərlərNəsib Nəsibli də Müsavatdan istefa verdi (yenilənib)