İctimai fəalın apelyasiya şikayəti təmin olunmayıb
Bakı Apelyasiya Məhkəməsində Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etməkdə günahlandırılan ictimai fəal Nərmin Şahmarzadənin şikayətinə baxılıb. Apelyasiya şikayəti Xətai Rayon Məhkəməsinin N.Şahmarzadə haqqında 23 oktyabr 2019-cu il tarixli hökmündən verilib. Bu hökmlə N.Şahmarzadə “Facebook” hesabında paylaşdığı yazılarda M.İbrahimovu təhqir etməkdə təqsirli bilinib və Cinayət Məcəlləsinin 148-ci maddəsilə ona 400 saat ictimai işlər cəzası verilib.
Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyilə keçirilən prosesdə N.Şahmarzadə hökmün qanunsuz və əsassız olduğunu bildirib. Onun sözlərinə görə, Xətai Rayon Məhkəməsi hökmü əsassızdır, təzyiq altında çıxarıb:
“Qarşı tərəf məhkəməyə prezidentin şəkli olan plakatlarla gəlirdi. Əslində isə hüquqi dövlətdə vətəndaş istəsə, hətta prezidenti də məhkəməyə verə bilmək imkanına sahib olmalıdır. Məhkəmə sistemi o qədər ədalətli olmalıdır ki, prezidentlə adi vətəndaş arasında fərq qoyulmamalıdır".
N.Şahmarzadə hesab edir ki, onun haqqındakı hökm ifadə azadlığına ziddir. Onun fikrincə, belə hökmlərin məqsədi adamları susdurmaqdır:
"Adamların gözünü qorxudurlar ki, səslərini çıxarmağa, fərqli fikir söyləməyə cəsarət etməsinlər. Göstərirlər ki, fərqli düşünən belə cəzalandırılır. İstəyirlər ki, inqubator toyuğu kimi hamı eyni cür fikirləşsin".
N.Şahmarzadə vurğulayıb ki, o, Mübariz İbrahimovu təhqir etməyib, müharibənin əleyhinə olduğunu çatdırmaq istəyib: "Linqvistik ekspertizanın mənim yazdıqlarım barədə verdiyi rəy biabırçıdır. Məhkəmə də o biabırçı rəyi əsas götürüb".
N.Şahmarzadənin çıxışından sonra qərar elan olunub. Qərara əsasən, apelyasiya şikayəti təmin edilməyib, Xətai Rayon Məhkəməsinin hökmü qüvvədə saxlanıb.
M.İbrahimovun anası Şamama İbrahimovanın xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında N.Şahmarzadə Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə təqsirləndirilirdi. Məhkəmə ona 147-ci maddə ilə bəraət verib, 148-ci maddə ilə isə 400 saat ictimai işlər cəzası təyin edilib.
Ötən ilin dekabrında N.Şahmarzadənin M.İbrahimov haqqında yazdığı statusları məhkəmə ekspertizaya göndərib. Ekspertiza rəy verib ki, həmin statuslarda
M.İbrahimovun şərəfini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan fikirlər yer alıb.
N.Şahmarzadə isə rəyi ədalətli hesab etmir.
N.Şahmarzadənin cinayət məsuliyyətinə cəlb olunması üçün Milli Qəhrəmanın anasından başqa Fövqəladə Hallar Nazirliyinin mayoru Araz Musayev və vəkil Ramil Rüstəmov da məhkəmədə iddia qaldırmışdı. Lakin onlar M.İbrahimovun yaxın qohumu olmadığından iddiaları icraata götürülmədi. Vəkil R.Rüstəmov daha sonra Ş.İbrahimovanı məhkəmədə təmsil etdi.