Nərmin itməmişdən əvvəl atası anasını niyə bıçaqlamaq istəyib?

İlkin Süleymanov. Foto: Meydan TV

Nənə Minayə İsmayılova: “Qaynı Lətifdən şübhələndiyimi demişəm, ona görə qızım mənimlə danışmır”

Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu il noyabrın 21-də 10 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yanmış meyitin tapılmasıyla bağlı məhkəmə prosesi iyunun 16-da davam edib. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyilə keçirilən bu məhkəmə prosesində sənədlərin elanı mərhələsidir.

Budəfəki məhkəmə iclasında kənd sakinlərinin, eləcə də Nərminin nənəsi (anası Aynurə İsmayılovanın anası) Minayə İsmayılovanın istintaqdakı ifadələri elan edilib. Bu şəxslər vaxtilə prokurorluqda dindirilsələr də, adları məhkəmədə ittiham tərəfin şahidləri siyahısına daxil edilməyib. Baxmayaraq ki, təqsirləndirilən İlkin Süleymanovun vəkilləri Minayə İsmayılovanın məhkəməyə də çağırılıb dindirilməsini tələb edirdi, məhkəmə onu dindirməkdən imtina etdi.

Kənd sakinlərindən Adil Abdullayev bildirib ki, uşaq itkin düşdüyü gün səhər saat 9-dan axşam saat 18.00-a qədər Dondar Quşçuda qohum-qonşuya dəvətnamə paylayıb. Bu müddətdə küçədə nə Nərmini görüb, nə də onu oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovu.

Başqa bir kənd sakini isə uşağın axtarışlarında iştirak etdiyini bildirib. Deyib ki, çöldəki sahələri axtarırdılar.

Daha sonra Minayə İsmayılovanın ifadəsi elan edilib. O, ifadəsində göstərib ki, qızı Aynurə 2007-ci ildə Şərif Quliyevlə ailə qurub. Onun sözlərinə görə, kürəkəni Şərif Quliyevə ciyər xəstəliyilə əlaqədar əlillik təyin edilib.

Minayət İsmayılova bildirib ki, kürəkəninin anası Leybə Quliyeva ilə münasibətləri yaxşı deyil. Çünki illər öncə Leybə Quliyeva onun qızı Aynurəni iki uşaqla birlikdə evdən çıxarıb:

“Onda hələ üçüncü qız Şəhanə doğulmamışdı, Şəbnəm və Nərmin var idi. Şəhanə onlar mənim evimdə qalanda dünyaya gəldi. Bir müddət mənim evimdə qaldılar. Bir müddət də kirayədə qaldılar. Sonradan mənim də dəstəyimlə ev tikib köçdülər. Bu hərəkətinə görə Leybə ilə danışmırdım”.

Minayə İsmayılova istintaqda dindirilərkən öz qızı Aynurə İsmayılova ilə də küsülü olub. Səbəbini isə belə izah edib:

“Hazırda qızım mənimlə küsülüdür. Səbəb isə telekanallarda danışanda qaynı Lətifin adını çəkməyim olub. Mən Lətifdən şübhələndiyimi demişəm”.

Nənəsi bildirib ki, uşağı sonuncu dəfə itkin düşməmişdən 7-8 gün əvvəl görmüşdü. Hadisə gününə gəlincə, Minayə İsmayılova bunları danışıb:

“Qovlar qəsəbəsində işləyirəm, həmin gün səhər işə getdim. Qayıdandan sonra saat 19.00 radələrində Şəbnəm gəldi ki, Nərmin burada deyil? Dedim ki, yox. Çıxıb getdi. Gecə saat 1 radələrində qapım döyüldü, dedilər ki, polisdir. Bir neçə polis əməkdaşı evə daxil oldu, baxdılar. Sonra mən də onlarla birlikdə maşınla qızımgilə getdim. Orada eşitdim ki, günorta Arif əmisigilə gödəkçə aparıb verib, sonra keçib Lətifgildən də atasının gödəkçəsini götürüb, ondan sonra yoxdur. Bir müddət sonra Şəbnəm onun arxasınca gedib, deyiblər ki, dərhal çıxıb gedib. Şəbnəm qayıdanda onu bir sarı maşına mindirmək istəyiblər, minməyib”.

Nərminin atası Şərif Quliyev məhkəmədə ifadəsində bildirmişdi ki, həmin gün toyaxşamından qayıdandan sonra axşam saat 21.00-22.00 radələrində qayınanasıgilə gedib, uşağını soruşub. Lakin qayınanası onun evinə daha tez – saat 19.00 radələrində nəvəsi Şəbnəmin gəldiyini bildirib.

Vəkillər bu ziddiyyəti Şərif Quliyevlə aydınlaşdırmağa çalışıb. O bildirib ki, qızı Şəbnəmlə birlikdə özü də getmişdi. Halbuki, Şərif Quliyev özü də ifadəsində deyib ki, o gün saat 18.00 radələrindən 20.00 radələrinə qədər başqa kənddə toyaxşamında olub. Bu baxımdan 19.00 radələrində qayınanasıgildə ola bilməzdi.

Vəkillər ondan soruşub ki, bəs niyə qızı Şəbnəm günorta gəlib ona Nərminin yoxa çıxdığını xəbər verəndən dərhal sonra uşağı axtarmağa başlamayıb?

Nərmin Quliyevanın atası Şərif Quliyev, Foto: Meydan TV

“Bəlkə də sən o uşağı vaxtında axtarsaydın, heç işlər gəlib bu yerə çıxmazdı…”, – vəkillərdən biri belə deyib.

O isə cavabında deyib ki, uşağını 47 gün axtarıb.

Minayə İsmayılovanın iş materiallarında daha bir ifadəsi var. Həmin ifadədə isə o bildirib ki, qızı Aynurə kafedə işləyirdi. Hadisədən bir müddət əvvəl kürəkəni Şərif Quliyev sərxoş vəziyyətdə Aynurə İsmayılovanın işlədiyi kafeyə gələrək, onu bıçaqlamaq istəyib. Həmin vaxt qorxuya düşən qızı ona zəng edib, iş yerinə gəlməsini istəyib. O da taksi ilə qızının işinə gedib. Həmin gün yolda Şərif Quliyevi görüb çağırsa da, kürəkəni ona əhəmiyyət verməyib. Qızını iş yerindən götürüb, birlikdə polis şöbəsinə gediblər, orada ərinin Aynurə İsmayılovanın başına gətirdiklərini danışıblar. Bir neçə gün sonra yenidən polis şöbəsinə gediblər. Bu dəfə isə qızı əri ilə barışdığını bildirib.

Məhkəmə prosesi iyulun 13-də davam edəcək.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Ana səhifəBölgəNərmin itməmişdən əvvəl atası anasını niyə bıçaqlamaq istəyib?