“Nərmin işi”ndə vəzifəli şəxslərin dindirilməsi tələb olundu: Kamal Qılıcov, Şirzad Əsgərov…

İlkin Süleymanov. Foto: Meydan TV

Məhkəmə bir neçə vəsatəti təmin edib

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı məhkəmə prosesi davam edir. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki məhkəmə iclasında azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun vəkilləri bir çox şəxsin məhkəməyə çağırılıb dindirilməsi barədə vəsatət qaldırıblar. Onların arasında Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi Kamal Qılıcov, Tovuz rayon Polis Şöbəsinin keçmiş rəisi Şirzad Əsgərov da vardı. Hər iki şəxsin adı uzun müddətdir ki, azyaşlının oğurlanıb öldürülməsiylə bağlı məhkəmə prosesində dəfələrlə hallanıb.

Məsələn, Nərminin anası Aynurə İsmayılova məhkəmədə dindiriləndə demişdi ki, yandırılmış meyit tapılmamışdan iki-üç gün əvvəl polis rəisi onlara gəlib, tanınmaz halda tapılarsa, uşağı nədən tanıya biləcəklərini soruşub. İlkin Süleymanovun vəkillərində də sual yaranmışdı ki, Şirzad Əsgərov Nərminin meyitinin tanınmaz halda tapılacağını əvvəldən hardan bilirdi?

Kamal Qılıcova gəlincə, o, Quliyevlər ailəsigilə gəlib. İlkin Süleymanov deyir ki, Tovuz Rayon Polis İdarəsində birbaşa onun gözünün qarşısında işgəncələrə məruz qalıb. Onun sözlərinə görə, Qılıcov özü də şəxsən ona təzyiq göstərərək, bu cinayəti üzərinə götürməsini tələb edib.

Məhkəmə Baş Prokurorluğun idarə rəisi və hazırda təqaüddə olan keçmiş polis rəisi ilə bağlı vəsatəti hələlik müzakirəyə çıxarmayıb.

Vəkillər Nərmin Quliyevanın ana nənəsi Minayə İsmayılovanın, İlkinin bacısının evdə dərs keçdiyi iki şagirdin, Dondar Quşçu kəndinin bir sıra sakinlərinin, bu cinayət işi üzrə rəy vermiş ekspert Aysel Cavadovanın da məhkəmədə dindirilməsi barədə vəsatətlər qaldırıblar. Bu vəsatətlərin bir hissəsi təmin olunub.

Cinayət işində iddia olunur ki, İlkin Süleymanov azyaşlını 2019-cu il noyabrın 21-də saat 15.30 radələrində qapılarından keçəndə çağırıb evə gətirib, onu əvvəlcə kitablar olan otağa aparıb. Vəkillər isə bildirir ki, məhz həmin gündə və o saatlarda sözügedən otaqda İlhamə Süleymanova şagirdlərə dərs keçib. Əgər həmin vaxt Nərmin ora gəlmiş olsaydı, şagirdlər onu görə bilərdi. Məhkəmə həmin şagirdləri dindirməyə razılıq verib.

İş üzrə ekspert rəylərində iddia olunur ki, meyitin üstündən tapılan paltarlarda İlkin Süleymanovun gödəkçəsinin lifi çıxıb. İlkin Süleymanov da məhkəmədə bildirib ki, əgər gödəkçə ilə həmin paltarlar bir-birinə sürtünübsə, onlardan gödəkçəsinin lifi tapılıbsa, deməli, avtomatik gödəkçədə də həmin paltarların lifi olmalıydı. Lakin onun gödəkçəsindən Nərminin paltarlarına aid lif tapılmayıb.

“Yaxud da ekspert yazıb ki, İlkin Süleymanova aid isti alt paltarının üstündən Nərminin paltarlarının lifi tapılıb. Bəs niyə həmin paltarlarda isti alt geyiminin lifləri yoxdur? Hələ onu demirik ki, o alt geyiminin İlkin Süleymanov tutulandan sonra – polis şöbəsində saxlanılarkən alındığını məhkəmədə dindirilən satıcı da təsdiqlədi. Bildirdi ki, İlkin artıq tutulmuşdu, qardaşı onun yanına göndərmək üçün gəlib ondan almışdı. Başqa bir məsələ, uşaq cins şalvarının üstündən də İlkinin paltarına aid lif tapılması haqda rəy verilib. O cins şalvarı ekspertiza kimdən alıb, bilinmir. Çünki meyitin üstündən tapılan paltarlar arasında cins şalvar yoxdur. Həmin ekspert adi gözlə baxanda fərqli olduğu görünən parçalarla bağlı rəy verib ki, eyni materialdandır. Aysel Cavadova gəlsin, bütün bu ziddiyyətlərə aydınlıq gətirsin”, – vəkillər bildirib.

İlkin Süleymanov işgəncəyə məruz qalması faktının təsdiqlənməsi üçün onunla Bakı İstintaq Təcridxanasında eyni kamerada saxlanmış Mehman Həsənovun da məhkəmədə dindirilməsini istəyib. O bildirib ki, Tovuz Rayon Polis Şöbəsində ağlasığmaz işgəncələrə məruz qalmışdı, cinayəti üstünə götürüb təcridxanaya köçürüləndə çox pis vəziyyətdə idi:

“Mənə yaralarıma sürtmək üçün maz vermişdilər. Hətta qalxıb onu sürtməyə də taqətim yox idi. Mehman Həsənov yaralarıma maz sürtməyə də kömək edirdi”.

Vəkillər İlkin Süleymanovun telefonuna aid anten məlumatlarının alınması barədə də vəsatət qaldırıb. Müdafiəçilər bildirib ki, bu məlumatlarla İlkin Süleymanovun uşağı onların evində saxlandığı iddia olunan vaxtlarda əslində, dəfələrlə Dondar Quşçudan kənarda olduğu aydınlaşacaq. Bundan başqa, İlkin Süleymanovun 2020-ci il yanvarın 10-da tutulduğu iş materiallarında yazılıb. Lakin o, yanvarın 6-dan Tovuz Rayon Polis Şöbəsində saxlandığını, dörd gün müxtəlif formada işgəncəyə məruz qalandan sonra cinayəti üzərinə götürdüyünü deyir. Vəkillər bildirib ki, anten məlumatları həmin 4 gün ərzində də İlkin Süleymanovun harada olması məsələsinə aydınlıq gətirə bilər.

Məhkəmə bu vəsatəti təmin edib – 2019-cu il noyabrın 21-dən (Nərmin itdiyi gündən) 2020-ci il yanvarın 10-na qədər anten məlumatlarının alınmasına qərar verilib.

Vəkillər onu da bildirib ki, azyaşlı Nərminin valideynləri eyni məsələlərlə bağlı istintaqa ifadələrində bir cür danışıb, mediaya müsahibələrində isə tamam fərqli fikirlər səsləndiriblər. Vəkillər həmin video-müsahibələrlə bağlı disklərə də baxış keçirilməsini istəyib.

Məhkəmə araşdırmaları oktyabrın 26-da disklərə baxış keçirilməsilə davam edəcək.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Ana səhifəBölgə“Nərmin işi”ndə vəzifəli şəxslərin dindirilməsi tələb olundu: Kamal Qılıcov, Şirzad Əsgərov…