Qanunda zərərçəkmişin dövlət hesabına vəkillə təmin olunması nəzərdə tutulmasa da, hakim Şərif Quliyevə söz verdi
Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu il noyabrın 21-də 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı cinayət işi hazırda Gəncə Apelyasiya Məhkəməsinin icraatındadır. Azyaşlını oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunaraq, 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanov və onun vəkilləri istəyir ki, onların hökmdən verdiyi apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılsın – şahidlər dindirilsin, sübutlar araşdırılsın. Üstəlik, jurnalistlərə də Apelyasiya məhkəməsində audio və video yazı aparmaq imkanı yaradılsın.
Vəkil Əlibaba Rzayev oktyabrın 3-də Gəncə Apelyasiya Məhkəməsində bu barədə vəsatətlər qaldırıb.
“Demirlər ki, İlkin Süleymanov cinayətkardır, bu işi görüb, faktlarla, sübutlarla ortaya qoyulsun, məhkəmədən görüntülərlə verilsin. İctimaiyyət bilsin ki, nə oldu bu məhkəmədə. İlkinin günahı var, yoxsa yox. Gəncə Ağır Cinayətlər Məhkəməsində hökmü alıb oxuyanda, protokollarla tanış olanda məlum olur ki, şahidlərin ifadələri saxtalaşdırılıb, adamların dedikləri fikirlər təhrif olunub”, – vəkil Əlibaba Rzayev bildirib.
Zərərçəkmişin hüquqi varisi – Nərminin atası Şərif Quliyev də, prokuror da jurnalistlərin audio yazı aparmasına, çəkiliş etməsinə etiraz edib. Teyyub Muxtarovun sədrlik etdiyi hakimlər kollegiyasının üzvləri də bu cinayət işi üzrə birinci instansiya məhkəməsində araşdırmaların iki il çəkməsində medianı ittiham edib.
Videoçəkilişin zəruriliyi məsələsini vəkil bir də belə əsaslandırıb:
“Biz 2020-ci ilin yanvarında İlkin Süleymanov haqqında həbs qərarından apelyasiya şikayəti verəndə həmin şikayətə Bakıda Sabunçu Rayon Məhkəməsinin binasında siz baxırdınız. Həmin vaxt İlkin Süleymanov bu cinayətin onun boynuna işgəncə yoluyla qoyulduğunu bildirdi və bədənindəki işgəncə izlərini də göstərdi. Siz özünüz də o zaman gördünüz. Amma sonradan biz məhkəmədən o görüntüləri ala bilmədik. Prokurorluğa işgəncədən şikayət verəndə Sabunçu Rayon Məhkəməsinə müraciət etdik ki, bizə həmin gün o zalda olan videogörüntülər verilsin. Dedilər ki, yoxdur, olmayıb. Bu məhkəmədə olanları sabah biz necə sübut edəcəyik?”.
Vəkilin arqumentlərinə baxmayaraq, məhkəmə qərarını dəyişməyib – audio və video yazıya icazə verməyib.
Şərif Quliyev isə məhkəmədən ona dövlət hesabına vəkil təyin olunmasını istəyib. Ona bu məsələnin müsbət həll olunacağı bildirilib.
Hərçənd, qanunda zərərçəkmişin dövlət hesabına vəkillə təmin olunması nəzərdə tutulmayıb.
İlkin Süleymanovun vəkilləri hakimlərin qərəzli mövqe tutduqlarını, açıq-aşkar işə birtərəfli yanaşdıqlarını vurğulayaraq, onların bu işə baxmasına yazılı şəkildə etiraz ediblər. Lakin etiraz baxılmamış saxlanılıb.
Bu iş üzrə məhkəmə baxışı oktyabrın 17-nə təyin olunub.
Məhkəmədən sonra İlkin Süleymanovun qardaşı Adil Süleymanov jurnalistlərə açıqlamasında bildirib ki, Apelyasiya məhkəməsindən qətiyyən ədalətli nəticə gözləmirlər:
“Hər şey göz önündədir – vəkillərə qarşı aqressiv münasibət, əsaslı vəsatətlərin heç birinin təmin olunmaması, qarşı tərəfin isə əsassız mövqeyinin can-başla müdafiə edilməsi. Məhkəmə açıq-aşkar tərəf tutur. Şərif Quliyevin apelyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı vardı, amma özü verməmişdi. Heç bir əsas olmadan vaxtı ötürüb. Sonra ona göstəriş verildi ki, “apelyasiya şikayəti verməlisən”. Şikayət vermək üçün 20 günlük müddət keçmişdi. Heç bir üzrlü səbəb ortada olmasa da, müddəti bərpa eləyib, şikayəti qəbul elədilər. Arzumuz budur ki, bu ədalətsizliyi edən hakimləri günün birində elə özləri kimi hakimlər mühakimə eləsin”.
2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-da kənddə İlkin Süleymanovgilin evinin qarşısında yandırılmış meyit tapılıb.
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.
İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini övladlığa götürmək məqsədilə oğurlayıb. Daha sonra qətlə yetirərək meyiti evlərinin yaxınlığında yandırıb.
İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını, işgəncə nəticəsində cinayəti üzərinə götürdüyunü deyir. Onun sözlərinə görə, cinayət işinin materiallarında tutulduğu gün yanvarın 10-u göstərilsə də, əslində onu yanvarın 6-da saxlayıblar. 4 gün ərzində – yanvarın 10-na qədər işgəncələrə məruz qalıb. Bu üzdən dözə bilməyib və dörd gün sonra cinayəti üzərinə götürüb.
Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində iki il davam edən məhkəmə prosesinin nəticəsində İlkin Süleymanov 18 il azadlıqdan məhrum edilib. Bu nəticədən tərəflər narazı qalıb.
İlkin Süleymanov və yaxınları hökmün sifarişli olduğunu hesab edir. Onlar iddia edir ki, azyaşlının başına gələnlərin arxasında dayanan və cinayətin açılması haqda Prezidentə yalan məlumat verən qüvvələr var. Onlar məhkəməyə təsir göstərərək, bu iş üzrə obyektiv və ədalətli qərar qəbul olunmasına imkan vermədilər.
Zərərçəkmiş tərəf isə İlkin Süleymanova ömürlük həbs cəzası verilməsini istəyir.