Hakim təmin etdiyi vəsatətin icra olunmasını lazım bilmir
Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı məhkəmə araşdırmaları davam edir. Bu cinayət işinə iki ilə yaxındır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır. Azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun vəkilləri məhkəmə prosesinə sədrlik edən hakim Dadaş İmanovun hərəkətlərindən narazı qalıb. Son məhkəmə iclasında da bildiriblər ki, onun bu iş üzrə obyektiv və ədalətli hökm çıxaracağına şübhə ilə yanaşırlar. Bu səbəbdən ona yazılı şəkildə etiraz vermək niyyətindədirlər. Hakimdən də etirazlarını hazırlamaq üçün vaxt istəyiblər. Buna səbəb isə məhkəmədə qaldırdıqları 20-yə yaxın vəsatətin əksəriyyətinin təmin edilməməsi olub.
Məhkəmədə dindirilməsi tələb olunan generallar
Qaldırılan vəsatətlər əsasən müxtəlif şəxslərin dindirilməsi haqda idi. Onların arasında bir sıra yüksək vəzifəli şəxslər də var. İlkin Süleymanovun vəkilləri hesab edir ki, həmin şəxslərin məhkəmədə dindirilməsi çox vacibdir. Çünki bu cinayət işinin istintaqında onların müxtəlif formada iştirakı olub.
Vəkillər Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi Kamal Qılıcovun, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirovun, Baş Prokurorluğun İstintaq İdarəsində İlkin Süleymanovun işi üzrə istintaqı aparmış müstəntiq Nadir Mirzəyevin, Tovuz rayon Polis İdarəsinin o dövrdə rəisi olmuş Şirzad Əsgərovun məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıblar.
“Cinayət işinin materiallarında müstəntiqin məktubu var ki, telefon tədqiq olunması üçün Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirova təqdim olunur. Hansı hüquqi əsasla? O, hansı tədqiqatı aparıb və nəticəsi nə olub? Arzu Daşdəmirov bu sahə üzrə mütəxəssisdirmi? O telefon ona niyə verilməliydi?
Məhkəmədə ekspert dindirildi, məlum oldu ki, İlkin Süleymanovun telefonuna müdaxilə olunub. Hərçənd, ondan əvvəl də məlum idi. Çünki yanvarın 8-də İlkin Süleymanov müstəntiqin yanında şahid qismində dindirildiyi dəqiqələrdə onun telefonundan hansısa görüntülərə baxılmasına dair rəy var. Kim baxıb o görüntülərə? Deməli, telefona kimlər müdaxilə edibsə, o adamlar.
Kamal Qılıcova gəlincə, Nərmin Quliyevanın valideynlərindən tutmuş, kənd sakinlərinə qədər bir çoxunun ifadələrində onun adı çəkildi. Məlum oldu ki, İlkin Süleymanovun əleyhinə insanları yönləndirirmiş və s. Bundan başqa, məhkəmədə İlkin Süleymanovun hadisə yerinə gətirilib, ifadə alınarkən çəkilən görüntülərində də Kamal Qılıcov görünür. Orada yaxınlaşıb müstəntiqə nəsə deyir, sonra müstəntiq hansısa addım atır. Kamal Qılıcov istintaq qrupunun üzvü deyil, hansı statusla bunu eləyir, təzyiq göstərir?”, – vəkillər adları çəkilən şəxslərin çağırılmasıyla bağlı tələblərini belə əsaslandırırlar.
Müstəntiq Nadir Mirzəyevə gəlincə, vəkillər deyir ki, istintaq cinayət işinin materiallarında çoxsaylı ziddiyyətlər var. Müdafiə tərəfi hadisə yerindən tapılmayan paltarların ekspertin əlinə necə gedib çıxmasıyla bağlı sualların açıq qaldığını deyir. Onlar bildirir ki, meyitin üstündə olmayan, hadisə yerinin müayinə protokolunda əksini tapmayan cins şalvarla bağlı ekspert rəy verib. Həmin ekspert gəlib məhkəmədə də deyib ki, müstəntiqin ona təqdim etdiyi torbadan o şalvar parçası çıxıb:
“O kisənin fotosu iş materiallarında var, içində heç nə yoxdur. Hadisə yerinin protokolunda da o şalvar haqda heç nə yazılmayıb. Müstəntiq gəlməlidir, görək ki, parçanı ekspertə həqiqətənmi o verib? Yaxud da cavab versin görək ki, telefonu Daşdəmirova niyə göndərib?”
Nərmin Quliyevanın anası Aynurə İsmayılova məhkəmədə dindiriləndə bildirmişdi ki, yanmış meyit tapılmamışdan bir gün əvvəl Şirzad Əsgərov onlara gəlib. Onun sözlərinə görə, soruşub ki, əgər övladları tanınmaz halda tapılarsa, hansı əlamətlərindən tanıya bilərlər?
Vəkillər Şirzad Əsgərovun dindirilməsini həm də ona görə istəyir ki, yandırılmış meyit haqda İlkin Süleymanovun əmisi oğlu polisə məlumat verən kimi hadisə yerinə qısa müddət sonra o gəlib. Kənd sakinlərinin, hətta Nərmin Quliyevanın valideynlərinin də dediyinə görə dərhal da oradan İlkin Süleymanovu götürüb aparıblar və bir daha buraxmayıblar. Lakin cinayət işinin materiallarında yazılıb ki, İlkin Süleymanov 4 gün sonra – yanvarın 10-da tutulub. İlkin Süleymanov ifadəsində həmçinin polis rəisi tərəfindən təzyiq və təhqirlərə məruz qaldığını bildirib. Bundan başqa, yanvarın 8-dən 9-na keçən gecə saat 5 radələrində polis rəisi və bir neçə başqa polisin gizli şəkildə Süleymanovların həyətinə girdiyi, ertəsi gün həyətdən qan ləkəsi tapıldığı iddia olunur. Bütün bu hallarla əlaqədar sabiq polis rəisinin dindirilməsi haqda vəsatət qaldırılıb.
Lakin Dadaş İmanovun sədrlik etdiyi, Nural Əliyev və Faiq Mahmudovdan ibarət hakimlər kollegiyası bu vəsatətlərin heç birini təmin etməyib.
“Məhkəmə öz qərarına hörmət etməlidir”
Məhkəmədə vəkillərlə hakim Dadaş İmanov arasında telefon anten məlumatlarının mobil operatorlardan alınması məsələsilə əlaqədar mübahisə yaranıb. Vəkillər bildirib ki, bu məlumatların alınması haqda vəsatət qaldırıblar, hakim də onu təmin edib. Lakin indi məhkəmə özü öz qərarına hörmət edib, onu icra etmək istəmir.
Hakim isə vəkillərə belə cavab verib:
“Siz həmin məlumatları almaqla nəyi sübut eləmək istəyirsiz? İlkin Süleymanovun yanvarın 10-da yox, 6-da saxlanmasını? Onu təkzib eləyən nə var?”
Vəkillər bildirib ki, əgər məhkəmə də İlkin Süleymanovun yanvarın 10-da yox, 6-da tutulduğunu, faktiki 4 gün qanunsuz şəkildə saxlandığını qəbul edirsə, o halda, həmin günlərdə onun mobil telefonuyla bağlı araşdırmaya ehtiyac qalmaz.
“Xeyr, məhkəmə belə fikir bildirmir”, – hakim vəkillərə cavab verir.
“O zaman məhkəmə öz qərarına hörmət eləsin, qəbul etdiyi vəsatəti icra eləsin. Özünüz demisiniz ki, təmin olunub”, – vəkillər belə deyib.
Lakin Dadaş İmanov deyib ki, anten məlumatlarıyla bağlı məsələ araşdırılmayacaq.
Vəkillər Tovuz Rayon Polis Şöbəsinin Post-Patrul Bölüyünün rəisi Vüqar Hüseynovun məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıblar. Çünki yandırılmış meyiti görəndən sonra İlkin Süleymanovun əmisi oğlu öz rəhbəri olaraq, dərhal ona zəng edib. Lakin o, Bakıya getdiyini bildirib və hadisə yerinə gəlməyib:
“Bizdə o şəxsin yalan danışması haqda məlumat var. Xahiş edirik, o şəxs çağırılıb dindirilsin, anten məlumatları da araşdırılsın ki, həqiqətən Bakıya gedib həmin vaxt, yoxsa yox”.
Bu vəsatət də təmin olunmayıb.
Nərminin gündəliyi…
Müdafiə tərəfinin məhkəmədə dindirmək istədiyi daha bir nəfər isə Nərmin Quliyevanın əmisi oğlu Ruslan Quliyev idi. Ruslan Quliyev istintaqda dindirilsə də, prokurorluq onun adını məhkəməyə çağırılacaq şahidlər siyahısına daxil etməyib.
Hakimlər bu vəsatəti də təmin etməyib.
İlkin Süleymanov həbs olunduğu ilk günlərdə ona dövlət hesabına vəkil təyin olunmuş Araz Əhmədovun da məhkəmədə əlavə şahid qismində dindirilməsi haqda vəsatət qaldırılıb. İlkin Süleymanovun sözlərinə görə, Araz Əhmədov faktiki ona vəkillik etməyib. Əksinə, Araz Əhmədovun hərəkətləri ona zərbə vurub.
Məhkəmədə Araz Əhmədovun dindirilməsi haqda vəsatəti də rədd edib.
Vəkillərin sözlərinə görə, onlar İlkin Süleymanovun müdafiəsinə qoşulanda onun haqqında artıq həbs qətimkan tədbiri seçilmişdi. Onlar İlkin Süleymanovu ilk dəfə apelyasiya məhkəməsində görüblər. Həmin vaxt onun üzərində çoxsaylı xəsarət izləri aşkar görünürdü. İlkin Süleymanov özü də apelyasiya məhkəməsində çıxışında bildirib ki, Tovuz Rayon Polis Şöbəsində dözülməz işgəncələrə məruz qalıb, bu üzdən cinayəti üzərinə götürməyə məcbur olub.
Vəkillər deyir ki, bundan sonra onlar İlkin Süleymanovun saxlandığı Bakı İstintaq Təcridxanasına sorğu göndəriblər. O, təcridxanaya daxil olarkən müayinənin nəticəsi haqda cavab istəyiblər. Lakin təcridxananın rəisi sorğuya konkret cavab verməkdən imtina edib.
Hakim bildirib ki, özü təcridxanaya sorğu göndərəcək.
Rusiyalı ekspert Ponov sənədlər əsasında bu işiylə bağlı rəy verib. Məsələn, istintaq belə nəticəyə gəlib ki, meyit 5 dəqiqə 40 saniyə yanıb. Lakin Ponovun gəldiyi qənaətə görə, o müddətdə meyit o cür kömürləşmə həddində yana bilməzdi və s. Həmin rəyi istintaq qəbul edib və iş materiallarına əlavə olunub.
Vəkillər sözügedən rəyinin məhkəmədə elan olunmasını və tədqiq edilməsini istəyib. Lakin hakim bundan imtina edib:
“Mən hər yoldan keçənin fikrini burada araşdıra bilmərəm ki…”.
Müdafiə tərəfi buna etiraz edib. Onlar bildirib ki, Ponov yoldan keçən deyil, nüfuzlu ekspertdir. Digər tərəfdən də istintaq onu qəbul edib, cinayət işinin materiallarına əlavə edibsə, deməli, məhkəmə də tədqiq eləməlidir.
Etirazlara baxmayaraq, hakimlər onu tədqiq etmək istəməyib.
Vəkillər bildirib ki, ümumiyyətlə, məhkəmə çoxsaylı vacib sənədləri tədqiq etməyib. Məsələn, Nərmin Quliyevanın gündəliyi (azyaşlı orada atasının onu istəməməsindən yazıb-red.), telefon zəngləri və s.
Müdafiə tərəfinin qaldırdığı vəsatətlərdən yalnız Nərmin Quliyevanın nənəsi Minayə İsmayılova və qanla bağlı rəy vermiş ekspert Elşən Məmmədovun dindirilməsi təmin olunub.
Məhkəmə prosesi aprelin 26-na qədər təxirə salınıb.
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.
İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.
İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.
Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.