"Hökumətin bir qərarı ilə 148 min insan pensiya almaq hüququndan məhrum edilib"
"Son 3 il yarımda pensiyaçıların sayı 96.2 min nəfər azalıb. Bu, 2017-ci illə müqayisədə 7.2 faiz azdır".
Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.
İqtisadçı Nemət Əliyev deyir ki, hökumət 3 il yarımda pensiyaçıların hesabına 1 milyard manat qənaət edib.
2017-ci il iyulun əvvəlində pensiyaçıların sayı 1 milyon 328,4 min nəfər, 2021-ci ilin əvvəlində isə 1 milyon 232,2 min nəfər olub.
İqtisadçının sözlərinə görə, 2014-2017-ci illərin faktiki say dinamikasına istinadən aparılan proqnoz hesablamalar göstərir ki, hökumət pensiya yaş həddinin artırılması haqqında qərar çıxarmasaydı, bu gün dövlətin pensiya təminat sistemindən yararlanan pensiyaçıların sayı 1 milyon 380 min nəfərə qədər artmalıydı: “Halbuki onların bu günə olan sayı 1 milyon 232 min nəfərə düşüb. Bu hesabla hökumətin bir qərarı ilə 148 min (1380 -1232 =148) insan pensiya almaq hüququndan məhrum edilib. Ötən il orta aylıq pensiya məbləğinin 300 manat olmasını burada nəzərə alıb sadə hesablamaları davam etdirsək, belə məlum olar ki, pensiyaçıların sayını qayçılamaq hesabına hökumət yalnız 2020-ci ildə 530 milyon manat (300x148x12) vəsaitə “qənaət” edib. Pensiya almalı yaşlı insanların boğazından kəsilən vəsaitin məbləği 2019-cu ildə 280 milyon manat, 2018-ci ildə 170 milyon manat, 2017-ci ilin son 6 ayında isə 25 milyon manat təşkil edib. 3 il yarıma “qənaət edilən” vəsaitin həcmi 1 milyard manatdan çoxdur”.
Nemət Əliyev deyir ki, buradan belə nəticə hasil olur ki, pensiya yaş həddinin qaldırılması istiqamətində hökumət fəaliyyəti milyarddan yuxarı maliyyə vəsaitini qayçılamağa imkan yaratsa da, faktiki olaraq 150 minə yaxın insanın sosial təminat sistemindən kənara atılması ilə nəticələnib: “Odur ki, bu cür qərar və tədbirlərə islahat donu geyindirmək və bu yöndəki istənilən fəaliyyəti “sosial islahat” adı ilə uzlaşdırmaq cəhdləri çox yersiz və çox mənasızdır”.
2020-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1277,8 min nəfər olmaqla ölkə əhalisinin 12,8 faizini təşkil etmişdi.
2019-cu ildə isə 1299,5 min nəfər olmaqla ölkə əhalisinin 13,2 faizini təşkil etmişdi. 1 il ərzində təqaüdçülərin sayı 11717 nəfər azalmışdı.
MDB Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda hər 1000 nəfərə 126, Ermənistanda 154, Qazaxıstanda 157, Moldovada 200, Ukraynada 264, Belarusda 273, Rusiyada 296 pensiyaçı düşür.
2017-ci ildə Azərbaycan qanunvericiliyinə edilən dəyişikliklə pensiyaya çıxmaq həddi 65 yaş müəyyən edildi.
Bu yaş həddi əvvəllər qadınlarda 60, kişilərdə isə 63 idi. Lakin bu müddət mərhələli şəkildə uzadılır.
Pensiyaya çıxmaq yaşı kişilərdə 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 2017-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılır.