Həlak olan gəncin atası da məktəbin yararsız olmasından şikayət etdiklərini deyir
“Nehrəm qəsəbəsindəki məktəbin yararsız vəziyyətdə olması barədə dəfələrlə icraya, yerli nümayəndəliyə şikayət edilib. Əhəmiyyət verən yox idi. Hətta bir neçə gün öncə Qarabağ qazilərindən biri əraziyə gələrək etiraz edib, bildirib ki, bina tamamiylə sökülməlidir, çünki qəzalıdır, uçacaq”.
Adlarının açıqlanmasını istəməyən qəsəbə sakinləri Meydan TV-yə belə deyib.
Martın 31-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəb çöküb.
Hadisənin məktəbdə inşaat işləri aparılan zaman baş verdiyi bildirilir. Qəza nəticəsində qəsəbə sakinləri 22 yaşlı Qadir Nizami oğlu Süleymanov, 50 yaşlı Həsən Abbasəli oğlu Əliyev, 34 yaşlı Asəf İsmayıl oğlu Rüstəmov və 61 yaşlı İbrahim Xəlil oğlu Məhərrəmov həyatlarını itirib. Güznüt kənd sakini, 1996-cı il təvəllüdlü Alı Həsən oğlu Əliyev isə hadisədə xəsarət alıb.
Kənd sakinləri deyir ki, binanın qəzalı olmasına etiraz edən qazi bu haqda çəkib sosial şəbəkələrdə ictimailəşdirəcəyini söyləyib, onu həbs edəcəkləri ilə təhdid ediblər:
“Orda olanlar etiraza məhəl qoymayıb işlərinə davam etdilər. Təmir də faciə ilə nəticələndi. Məktəbin layihəsini Babək Rayon Tikinti İdarəsi həyata keçirirdi, amma hansı şirkətin tikdiyi bəlli deyil”.
Meydan TV idarənin rəisi Rəvayət İmanovla əlaqə saxlaya bilməyib.
Hadisədə həlak olan Qadir Süleymanovun atası Nizami Süleymanov da binanın qəzalı olduğunu Meydan TV-yə təsdiqləyib:
“Yararsız məktəb idi. 50 dəfə demişdik rəhbərliyə. Olan mənim uşağıma oldu. İndi də heç nə demirlər, elə uşağı torpağa qoyub gəlmişəm”.
Nizami Süleymanov baş verən hadisəyə görə məsuliyyət daşıyanların cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına şikayət edəcəyini də deyib.