***
13.47.
İqtisadçı Toğrul Maşallı xatırladıb ki, 2015-ci ilin birinci devalvasiyası fevralın 21-də baş verib. Bunun üçün neftin qiyməti 60 dollardan aşağı düşməli idi, uzunmüddətli dövr üçün ay üzrə ortalama daha vacibdir. Və ilk dəfə belə bir fakt 2014-cü ilin dekabrında qeydə alınıb (ay üzrə orta qiymət 57,35 $). Yəni devalvasiya üçün ən azı 2,5 ay lazım olub (yanvarda 49,15 $). Başqa tərəfdən 2014-cü ilin dekabrın 1-i üçün Mərkəzi Bankın rezervləri 15 milyard $ idi. Devalvasiyaya kimi ehtiyatları 11 milyard $ kimi azalmışdı. İlk devalvasiyadan sonra il ərzində 6 milyard $ xərclənmişdi.
İndiki vəziyyətə vəziyyətə gəldikdə, T.Maşallı hesab edir ki, fevral üzrə neftin orta qiyməti 49,67 $. Mərkəzi Bankın ehtiyatları isə 6,4 milyard $. Məhz buna əsasən də təhlillər qurmaq olar. Devalvasiya nəsə təbii proses deyil. Onu Mərkəzi Bank lap sabah edə bilər, ya da bir ildən sonra. Azərbaycanda devalvasiya Mərkəzi Bank tərəfindən onun apardığı monetar siyasətə uyğun olaraq həyata keçirdiyi mexanizmlərdən biridir. Bunu hətta neftin yüksək qiymətə satıldığı dövrdə də edə bilər. Yəni devalvasiya cəhətindən hər şey Mərkəzi Bankın İdarə heyətindən asılıdır.
Deputat Nəsib Məhəməliyev report.az-a bildirib ki, dünya bazarında neftin ucuzlaşması neft ölkələri, o cümlədən Azərbaycan üçün heç də yaxşı hal deyil.
Amma deputat qiymət azalmasını Azərbaycan iqtisadiyyatında şok yaratmayacağını düşünür:
"Milli iqtisadiyyat Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində xeyli şaxələndirilib. Son illər ölkədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən tədbirlər Ümumi Daxili Məhsulun (ÜDM) strukturunda qeyri-neft sektorunun payının artmasına səbəb olub. Bundan əlavə, Azərbaycanın qızıl-valyuta ehtiyatları da dövlət büdcəsi ilə bağlı öhdəlikləri yerinə yetirməyə imkan verir. Hesab edirəm ki, büdcə qanunvericiliyində nəzərdə tutulan tədbirlərin hamısı vaxtında yerinə yetiriləcək".
***
Azərbaycan nefti qiymətdən düşür
Martın 9-da Azərbaycan neftinin qiyməti 28 faiz də ucuzlaşaraq 32 dollar oldu.
“Goldman Sachs Group Inc” neftin qiymətlərinin 1 barel üçün təxminən 20 dollara düşə biləcəyini proqnoz edir.
Mövcud vəziyyəti şərh edən Demokratiya və Rufah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, OPEC+ formatının dağılması ilə Səudiyyə Ərəbistanı və Rusiya arasında siyasi və iqtisadi nəticələrə səbəb ola bilən hasilat müharibəsi başladıqdan dərhal sonra ilk iş günüdə neft bazarlarında qiymətlər 30 faizdən çox aşağı düşüb. Belə ki, “Brent” neftinin qiyməti Asiya birjalarının açlışının başlanğıc dəqiqələrində – 1991-ci ildə Körfəz müharibəsi dövründə baş verən enmədən sonra- 31,02 dollar olmaqla ikinci böyük ucuzlaşmasını yaşayıb. Sonradan nisbi sabitləşən neft qiymətləri WTI Crude Oil (Nymex) USD/bbl. 32.51, Brent Crude (ICE) USD/bbl. 35.60 səviyyəsində qərarlaşıb. Lakin bu da son hədd deyil. “Goldman Sachs Group Inc” qiymətlərin 1 barel üçün təxminən 20 dollara düşə biləcəyini proqnoz edir.
Qubad İbadoğlu hesab edir ki, neft qiymətlərinin kəskin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsiri birbaşa və güclü olacaq.
Onun fikrincə, 1 barel üçün neftin qiyməti 55 dollar səviyyəsində hesablanan Dövlət Neft Fondunun (DNF) və dövlət büdcəsinin mədaxilində çətinliklər yaranacaq və belə situasiya davamlı olarsa, hökumət ilk növbədə DNF-nin, sonra isə dövlətin büdcəsinə yenidən baxmalı olacaq:
“Əks təqdirdə DNF-nin dövlət büdcəsi, dövlət büdcəsinin də aztəminatlı əhali və maliyyəşdirdiyi təşkilatlar qarşısında öhdəliklərinin icrasında problemlər yaranacaq. Neft qiymətlərinin ucuzlaşması qaz ixracatından əldə edilən gəlirlərə də təsir etdiyindən SOCAR-ın da işçiləri və müştərək investorları qarşısında öhədliklərinin yerinə yetirilməsi imkanları pisləşəcək”.
İqtisadçı 2015-16-cı illərdəki Azərbaycan təcrübəsini xatırladaraq bildirib ki, belə situasiyada avtoritar ölkələr xərclərini "əhalini vergi və rüsumlarla yükləməklə" çıxardırlar. “Görünən odur ki, bu vəziyyətdən çıxış yolu axtaran hakimiyyət neft-qaz gəlirlərinin azalmasından olan itkiləri əhalinin büdcə və SOCAR qarşısında öhdəliklərini artırmaqla, eləcə də manatın ucuzlaşmasına rəvac verməklə tarazlaşdırmağa çalışsın. Odur ki, manatın əvvəlki kimi kəskin olmasa da, yumşaq devalvasiyası qaçılmazdır. Başqa variant benzinin qiymətlərinin, su, elektrik və qaz tariflərinin bahalaşması və borclanmaya getmək də ola bilər. Odur ki, bilmirsən ki, dünya bazarında neftin qiymətinin ucuzlaşmasına sevinəsən, yoxsa kədərlənəsən. Hər ikisi sıravı vətəndaş üçün pisdir. Belə ki, neftin qiyməti bahalaşanda gəlirlər bir qrupun əlində cəmlənir, qiymət ucuzlaşanda isə xərclər hamının, daha çox da yoxsul təbəqənin üzərinə doyulur”,- iqtisadçı vurğulayıb.
ReAL Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli də növbəti devalvasiyanın qaçılmaz olduğunu düşünür.
Natiq Cəfərli yazır ki, 2 rəqəmli inflyasiya da olacaq, bu primitiv iqtisadi model və bacarıqsız hökumət problemləri operativ həll edə bilməyəcək:
“İlk olaraq hökumətin iştirakı ilə müstəqil mütəxəssislərdən ibarət Böhran Komitəsi və ya Böhran Masası qurulmalıdır. Prezidentin iştirakı ilə o masada həqiqətlər deyilməli, ciddi müzakirələr olmalı, effektiv və işlək qərarlar alınmalıdır. Nazirlər Kabineti alınmış qərarları icra etməli, buna nəzarəti isə Böhran Masası Sivil Toplum və media ilə birlikdə həyata keçirməlidir”.
Natiq Cəfərli vəziyyətin çox gərgin olduğunu qeyd edərək vurğulayır ki, hökumət öz yalan rəqəmlər və pafoslu tezislər üzərində qurduğu iş rejimi ilə ölkəni bu böhrandan çıxara bilməyəcək.
“Neft təbii ki, daim 30-35 dollar olmayacaq, oynamalar baş verəcək, amma bu ilin orta qiyməti 40 dollar civarında olacaq. Buna ölkə hazır deyil, təcili hazırlaşmaq lazımdı…”,-deyə Natiq Cəfərli fikrini tamamlayıb.
2015-ci ilin 21 fevral tarixində neftin dünya bazarında qiymətinin ucuzlaşması nəticəsində Azərbaycanda devalvasiya baş verdi. Mərkəzi Bank manatın 1 dollara görə dəyərini 1.05 AZN təyin etdi və devalvasiya 33.8% oldu.
21 dekabr 2015-ci ildə isə 2-ci devalvasiya oldu və 1 ABŞ dollarının rəsmi məzənnəsini 1.55 manat səviyyəsində qərarlaşdı. Hazırda 1 ABŞ dollar 1.70 manat səviyyəsində qərarlaşıb.