Neftçilər məcburi YAP-a üzvlükhaqqı yığılmasından şikayətçidir

Yeni Azərbaycan Partiyası, Foto: http://yap.org.az/

“Hazır ərizələri imzalatdırıblar ki, guya könüllü maaşlardan tutulmasını istəyirik”

“Dövlət Neft Şirkətinin bütün idarə və müəssisələrində işçilərin demək olar ki, əksəriyyəti YAP-a üzv olub. Kimi öz arzusu, kimi də işdən çıxarmaq qorxusu ilə partiyaya yazılıb. Məsələ ondadır ki, son vaxtlar əməkhaqqıdan 1 faiz YAP-a üzvlük haqqı kimi tutulur və mən daxil olmaqla heç kim buna etiraz edə bilmir”.

Bunu işdən çıxarılmaqdan ehtiyat etdiyi üçün adının açıqlanmasını istəməyən neftçi bildirib. Onun sözlərinə görə, dənizdə ağır şəraitdə çalışır. Təkcə tarif maaşlarından deyil, dəniz şəraitində işlədiyi üçün əmək haqqına əlavələrdən də üzvülük haqqı üçün pul tutulur.

“Bir faiz YAP-a, bir faiz həmkarla təşkilatına üzvlük haqqı ödəyirik. Hazır ərizələri imzalatdırıblar ki, guya könüllü üzvülük haqlarının maaşlardan tutulmasını istəyirik. İcbari tibbi sığorta, Dövlət Sosial Müdafiə Fonduna ödənişlər, gəlir vergisi və adını xatırlamadığım daha bir neçə ödəniş var, əziyyətlə qazandığımız puldan çıxılır”,-neftçi bildirib.

Neft daşları, Foto: Northfoto/shutterstock

Onun sözlərinə görə, neftçilər ölkə rəhbərliyinin, həmçinin partiyanın bundan xəbərsiz olduğundan əmindilər. Hesab edirlər ki, bu xırda məmurların təşəbbüsü ilə edilir.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə Meydan TV-yə deyib ki, SOCAR-da YAP-ın özəyi yaradılıb. Bu isə Əmək Məcəlləsinin 21.3-cü maddəsinə ziddir. İşçilərin əməkhaqqından partiya üçün üzvlük haqqı tutulur.

“Bununla bağlı təşkilatımıza çoxsaylı müraciətlər daxil olub. Onlar sadəcə olaraq işdən çıxarılacaqlarından qorxurlar. Verilən məlumatlara görə, YAP üzvüləri olan işçilərə işlədiyi idarənin rəhbərliyinin təkidi ilə ərizə yazdırıb tək tarif maaşından deyil, həm də əməkhaqqına olan əlavələrdən (zərərli iş, dəniz şəraitində, yaxud gecə işlədiyi üçün, eləcə də yemək pulu, ezamiyyət xərcləri) üzvülük haqqı tutulur. Bu əlavələr ağır şəraitdə işləyən neftçilərin sağlamlığının bərpası üçün nəzərdə tutulub”,-Qəhrəmanlı deyib.

Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı, Foto: Meydan TV

Hüquq müdafiəçisinin sözərinə görə, bütün qazancının bir faizinin YAP-ın hesabına keçirilməsi ilə əlaqədar hazır ərizəni imzalamaqdan imtina edən işçilərə hədə-qorxu gəlinir.

SOCAR-dan məsələ ilə bağlı danışmaq istəməyiblər. Yalnız onu bildiriblər ki, heç kim nəyəsə məcbur edilmir.

Meydan TV hakim Yeni Azərbaycan Partiyasından (YAP) da münasibət öyrənə bilməyib. Məcburi üzvlük haqqının yığılması problemi yeni deyil. Bu ilin fevralında da dövlət müəssisəsində işləyənlər partiyanın məcburi üzvlük haqqı yığmasından, üzvlük haqqının artırılmasından şikayətlənirdilər. Belə ki, 2013-cü ildən partiyaya üzvlük haqqı 1 manat nəzərdə tutulmuşdu. Ötən ilin sonunda isə partiya üzvlük haqqının maaşın 1 faizi məbləğində müəyyənləşməsini qərarlaşdırıb. Yəni sovet dövründə olduğu kimi partiya üzvlərinin maaşından 1 faiz çıxılır.

Partiyanın MSK-ya verdiyi 2020-ci il hesabatına əsasən, həmin il 10 milyon 346 min 294 manat üzvlükhaqqı topanıb.

Parlamentdə çoxluq təşkil etdiyindən dövlət büdcəsindən də partiyaya 1 milyon 942 min 414 manat ayrılıb.

Yeni Azərbaycan Partiyasının üzvlərinin sayına gəldikdə sonuncu dəfə ötən ilin noyabrında bu barədə açıqlama yayılıb.

Partiya sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ın 800 minə yaxın üzvü olduğunu deyib.

Ana səhifəSiyasətNeftçilər məcburi YAP-a üzvlükhaqqı yığılmasından şikayətçidir