Qubad İbadoğlu: “Satışa çıxarılan valyutanın həcmi eyni dövrdə qazanılan gəlirlərdən 800 milyon dollar çox olub”
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2020-ci ilin əvvəlindən bugünə qədər satışa 1,8 milyard ABŞ dolları və yaxud 3,08 milyard manat həcmində valyuta çıxarıb.
ARDNF
-in açıqladığı məlumatda deyilir ki, qalıq öhdəliyin icrası üçün Fond tərəfindən daha 5 milyard ABŞ dolları məbləğində xarici valyutanın satışa çıxarılması nəzərdə tutulur. Bu da xarici valyuta ilə bağlı kifayət qədər böyük təklifdir.
ARDNF
2020-ci ilin əvvəlindən martın 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 1 milyard 5 milyon ABŞ dollarlıq gəlir əldə edib.
Demokratiya və Rifah Hərəkarının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, Neft Fondu gələcək nəsillər üçün nəzərdə tutulan aktivlərinin xərclənməsinə başlayıb.
“Bu ilin yanvar-fevral aylarında Dövlət Neft Fondunun resurs gəlirləri Azəri Çıraq və Günəşli yatağından 1 milyard 5 milyon ABŞ dolları, o cümlədən də Şahdəniz yatağı üzrə kondensatın satışından 69 mln. ABŞ dolları olub. Cari ilin əvvəlindən dünənə qədər Dövlət Neft Fondu tərəfindən valyuta bazarında satışa ümumilikdə 1,8 milyard ABŞ dollar çıxarılıb. Baxın, satışa çıxardığı valyutanın həcmi eyni dövrdə qazandığı gəlirlərdən 800 milyon dollar çox olub. Bu, o deməkdir ki, Dövlət Neft Fondu artıq gələcək nəsillər üçün nəzərdə tutulan aktivlərinin xərclənməsinə başlayıb”.
Qubad İbadoğlu deyir ki, 2020-ci il yanvarın 1-də ARDNF-nin aktivləri 43 323,3 mln. ABŞ dolları olub. Hazırda bu məbləğ azalır və gözləntilərə görə ilin sonuna qədər 40 milyard dollardan da aşağı düşəcək:
“Valyuta bazarında satışla bağlı Mərkəzi Bank açıqlama vermədiyindən onun malik olduğu 6,4 milyard dollarlıq rəsmi valyuta ehtiyatlarının nə qədər azaldığı hələ bilinmir”.