İqtisadçı: “Dollara tələbatın artmasının səbəbi dövlət büdcəsinin, layihələrin, investisiyaların icrası və borcların ödənişləridir”
2024-cü ildə Azərbaycanın maliyyə bazarında dollara olan tələbat kəskin şəkildə artıb.
Bu tələbatı həm Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF), həm də Mərkəzi Bankının valyuta satışında müşahidə etmək mümküdür.
Neft Fondu 2024-cü ilin dekabr ayı ərzində 634,5 milyon dollar məbləğində vəsait satıb. Bu da 2023-cü ilin müvafiq ayı ilə müqayisədə 484,6 milyon dollar və ya 4,2 dəfə çoxdur. Ümumilikdə, ARDNF 2024-cü il ərzində 7,1 milyard dollar həcmində valyuta satışı həyata keçirib ki, bu da 2023-cü illə müqayisədə 2,6 dəfəlik artım deməkdir.
Azərbaycan Dövlət Neft Fondu tərəfindən satılan dollar məbləği haqqında (ABŞ dolları) | ||
2024-cü il | 2023-cü il | |
Yanvar | 417,0 milyon | 188,5 milyon |
Fevral | 920,5 milyon | 356,6 milyon |
Mart | 498,3 milyon | 383,9 milyon |
Aprel | 623,4 milyon | 286,0 milyon |
May | 558,6 milyon | 277,2 milyon |
İyun | 405,6 milyon | 78,9 milyon |
İyul | 826,3 milyon | 272,7 milyon |
Avqust | 763,0 milyon | 93,9 milyon |
Sentyabr | 732,3 milyon | 164,5 milyon |
Oktyabr | 174,4 milyon | 202,6 milyon |
Noyabr | 574,6 milyon | 234,7 milyon |
Dekabr | 634,5 milyon | 149,9 milyon |
Cəmi | 7 milyard 128 milyon | 2 milyard 689 milyon |
“Marja.az” xəbər verir ki, ötən il ARDNF-dən dövlət büdcəsinə transfert 12 milyard 781 milyon manat təşkil etməli idi.
Hesabat dövründə Fondun valyuta satışından əldə etdiyi vəsait isə bundan təxminən 662,55 milyon manat az, yəni 12 milyard 118,45 milyon manat olub.
Bundan əlavə, 2024-cü il ərzində Mərkəzi Bankın birjalara çıxardığı dollar satışında artım müşahidə olunub.
İqtisadçı ekspert Samir Əliyev bildirib ki, Mərkəzi Bankın valyuta ehtiyatı 6 faiz azalaraq 10,96 milyard dollara düşüb:
“Bu, 2023-cü ilin noyabr ayından bəri ən aşağı həddir. Ehtiyatların azalması ötən ilin son 4 ayında müşahidə edilib. Azalmanın əsas səbəbi Mərkəzi Bankın bazarda dollar satışı ilə bağlıdır”.
Ötən il ölkədə dollara tələbat nədən artıb?
Sonuncu dəfə Azərbaycanda dollara belə yüksək tələbat 2014-2016-cı illərdə müşahidə olunub. Həmin dövrdə neftin kəskin ucuzlaşması manata olan təzyiqi artırdı.
Azərbaycan Mərkəzi Bankı manatın ucuzlaşmasının qarşısını almaq üçün valyuta ehtiyatlarının böyük hissəsini xərcləməli oldu. Lakin yaranmış böhran manatın devalvasiyasını qaçılmaz etdi.
Bəs 2024-cü ildə dollara olan tələbatın bu qədər yüksəlməsi yenidən devalvasiya təhlükəsi yarada bilərmi?
İqtisadçı ekspert Xalid Kərimli Meydan TV-yə açıqlamasında bildirib ki, Neft Fondu büdcə qarşısında öhdəliyini yerinə yetirmək üçün dollar satışını artırıb:
“Lakin Neft Fondunun dövlət büdcəsinə proqnozlaşdırılan transfertinin 662 milyon manat az icra olunduğunu görürük. Fondun resurslarının əhəmiyyətli hissəsi, xüsusilə likvidlik hissəsi dollardadır. Qurum plansız və proqramsız olaraq daha çox dollar satmayıb, büdcə qarşısında öhdəliklərini yerinə yetirmək məqsədilə bunu edib”.
“2024-cü ilin iyun ayında büdcə 3 milyard manat artırıldı. 2023-cü ilin dövlət büdcəsi də 2022-ci illə müqayisədə təqribən 3 milyard manat artırıldı. 2025-ci ilin dövlət büdcəsində isə 1,7 milyard manatlıq artım proqnozlaşdırılır. Dövlət Neft Fondunun 2024-cü ildə büdcəyə 12,7 milyard manat transfert etməlidir. Bu transfert üçün dollar satılmalıdır”, – deyə o bildirib.
İqtisadçı hesab edir ki, 2023-cü illə müqayisədə dollara olan tələbin artmasının səbəbi investisiya xərclərinin artması, borcların geri qaytarılması və neft-qaz sektorunda repatriasiyanın artmasıdır:
“2024-cü ilin 9 ayının tədiyə balansına baxanda qeyri-neft-qaz sektoru üzrə idxalda 1,4 milyard dollarlıq artım görürük. Amma 1,4 milyard dolların strukturuna baxanda istehlak mallarının idxalı yalnız 200 milyon dollar təşkil edib. 2024-cü ilin 9 ayında ərzaq və digər istehlak mallarının idxalında cəmi 120-130 milyon dollarlıq artımın baş verdiyini görürük. Göründüyü kimi, dollara olan tələbat əhalinin çox yemək yeməsindən və ya çox geyim geyinməsindən yaranmayıb, bu, əsasən dövlətin tələbidir. 9 ayda əhali əvvəlki illə müqayisədə 130 milyon dollar çox xərcləyib. Burada daha çox investisiya xərclərindən söhbət gedir”.
“Qarabağ və Şərqi Zəngəzurda ilin əvvəlində 4 milyard manatlıq xərclər proqnozlaşdırılmışdı, ilin ortasında isə bu rəqəm 5 milyard manata qədər artırıldı. Eyni zamanda, 1 milyard manata qədər müdafiə xərcləri də artırıldı. Neft-qaz sektorunda qazancın repatriasiyası, yəni “Cənub Qaz Dəhlizi” layihəsinə investisiya qoyan konsorsiumun pullarını geri götürməyə başlaması, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, müdafiə xərclərinin artırılması, habelə COP ilə əlaqədar ciddi maliyyə xərcləri meydana gəldi. Pul xərclənəndə də dollarla xərclənir. Bir sözlə, həm Neft Fondunun transfertlə əlaqədar dollar satışının artmasının, həm də Mərkəzi Bankının ehtiyatlarının azalmasının əsas səbəbi dövlət büdcəsinin, layihələrin, investisiyaların icrası, neft-qaz sektorunda mənfəətin repatriasiyası və borcların ödənişləridir”, – iqtisadçı vurğulayıb.
Lakin X. Kərimli manatın devalvasiyası ilə bağlı ciddi təzyiqin olmadığını düşünür:
“Çünki tədiyə balansı profisitlidir. Neftin qiyməti 9 ayda 86 dollar/barel olub. Neft sektorundan gələn gəlirin aşağı düşməsinin səbəbi qiymətlərlə bağlı deyil, hasilatın aşağı düşməsi ilə əlaqədardır. Qaz gəlirlərində stabilləşmə var. Ona görə də, manat üçün ciddi təzyiq görünmür”.