Neft Fondu 6 ayda qazandığının 79,5 faizi xərclənib

2014-cü il büdcəsinin icrası çərçivəsində 4 883,8 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib

Source:

2014-cü il büdcəsinin icrası çərçivəsində 4 883,8 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin I yarımilliyinin yekunları ilə bağlı hesabatını açıqlayıb.

Hesabatı araşdıran “Turan İA”-a məlum olub ki, Neft Fondu 6 ayda qazandığının 79,5 faizni xərcləməli olub.

Agentlik məlumat verir ki, Neft Fondunun cari il üçün təsdiq edilmiş büdcə proqnozlarına əsasən (aprel ayında edilən dəyişikliklər nəzərə alınmaqla), il kəsirsiz yekunlaşmalı və gələn vəsaitin cəmi 91,1 faiz xərclənməlidir.

Ancaq praktika onu göstərir ki, adətən ilin II yarısı büdcə xərcləmələri daha çox olur, ikinci bir tərəfdən Fonddan neft layihələrinin maliyyələşdirilməsi yönümündə ilin əvvəlindən xərcləmələr nəzərdə tutlduğundan az olub.

ARDNF isə bildirir ki, 2014-cü ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 6 493,6 milyon manat, büdcə xərcləri isə 5 163,1 milyon manat təşkil edib.

“Turan İA” 2014-cü ilin ilk 6 ayı ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlərinin 6 374,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6 355,4 milyon manat, tranzit gəlirləri 4,4 milyon manat, bonus ödənişləri 13,3 milyon, akrhesabı ödənişlər 1,7 milyon manat təşkil etdiyini bildirib.

2014-cü ilin  yanvar-iyun  tarixləri ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 118,8 milyon manat təşkil edib.

“Hesabat dövrü ərzində Neft Fondunun 2014-cü il büdcəsinin icrası çərçivəsində 4 883,8 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 177,3 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 11 milyon, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə 19,6 milyon manat vəsait ayrılıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 5,2 milyon manat vəsait yönəldilib. “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri üzrə yaradılmış səhmdar cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi məqsədilə Neft Fondundan 40 milyon manat vəsait ayrılıb. 2014-cü ilin yanvar-iyun ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 26,2 milyon manat təşkil edib” –  məlumatda deyilir.

Daha sonra bildirilir ki, “2014-cü ilin ilk altı ayı ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 6,5 milyon manat təşkil edib, o cümlədən qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 78,1 milyon manat, ABŞ dolları, Avro, İngilis funt sterlinqi və digər valyutaların dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar xərcləri 71,6 milyon manat təşkil olunub”.

2014-cü il iyulun 1-ə Fondun aktivləri 2014-cü ilin əvvəlinə (35 877,5 milyon ABŞ dolları) nisbətən 4,86 faiz artaraq 37 622,4 milyon ABŞ dollarına bərabər olub.

Ana səhifəXəbərlərNeft Fondu 6 ayda qazandığının 79,5 faizi xərclənib