Nəfəs alətləri orkestrinin bədii rəhbərinə hökm oxundu

Foto: Meydan TV

Onun üzərinə üstəlik, 355 min manatı ödəmək öhdəliyi qoyuldu

Mədəniyyət Nazirliyinin nəzdində Dövlət Nəfəs Alətləri Orkestrinin bədii rəhbəri Lütfi Qədirov 11 il azadlıqdan məhrum edilib.

Noyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hakim Zeynal Ağayevin sədrliyilə çıxarılan hökmə əsasən, Lütfi Qədirov külli miqdarda mənimsəmə və rüşvət alma kimi əməllərdə təqsirli bilinib.

Cinayət işinin materiallarında iddia olunur ki, faktiki işə gəlməyən əməkdaşlarla əmək müqaviləsinə xitam verilməyib. Onların maaş kartlarına köçürülən vəsaiti Lütfi Qədirov özü çıxarıb və xərcləyib. Əvəzində həmin işçilərə əmək stajı yazılıb. Bundan başqa, onun tabeliyində olan işçilərə himayədarlıq edib, onların səhlənkar əməllərinə göz yumduğu, bunun müqabilində həmin şəxslərdən rüşvət aldığı da ittihamda yer alıb.

Mədəniyyət Nazirliyi məhkəmədə təqsirləndirilən orkestr rəhbərinə qarşı mülki iddia qaldırıb. Məhkəmə nazirliyin 355 min manatlıq mülki iddiasını da təmin edib.

Lütfi Qədirov məhkəmədə etiraf edib ki, müxtəlif adamların adlarına olan maaş kartlarından pullar çıxarıb.

Lakin o pulları şəxsi ehtiyaclarına xərcləməyib, iş prosesində xərc tələb edən məsələlərə sərf edib. Onun sözlərinə görə, elə işlər olurdu ki, vəsait lazım olsa da, onlara büdcədə pul nəzərdə tutulmurdu. Ona görə də məcbur olub, bu yolla xərcləri qapadırdı:

“Mədəniyyət Nazirliyi kifayət qədər vəsait ayırmırdı. Məsələn, 100 manat ayırırdı, halbuki, o işə 500-600 manat xərcimiz çıxırdı. Mən də dövləti, bayrağımızı təmsil eləyirdim, razı ola bilməzdim ki, nələrsə qaydasında olmasın. Ona görə zəruri xərclərdə qənaət eləmirdim. Xarici ölkədə ölkəmizi təmsil edərkən özümüzü pis vəziyyətdə qoya bilmərəm ki…”

Lütfi Qədirovun dediyinə görə, dəftərxana işləri, o cümlədən çap maşınlarına kartriçlərin doldurulması, kağızların alınması və s. xərclər də nəzərə alınmırdı.

Lütfi Qədirov Birinci Qarabağ Müharibəsində qazi olduğunu, 3 aylıq maaşını Koronavirusa Qarşı Mübarizə Fonduna köçürdüyünü də ifadəsində bildirib.

Lütfi Qədirovla yanaşı, orkestrin təsərrüfat işləri üzrə müdiri olmuş Nəzakət Zairova da təqsirləndirilən şəxs statusunda idi. Lakin o, həbs olunmamışdı. Məhkəmə ona da şərti cəza verib.

Ana səhifəUncategorized @azNəfəs alətləri orkestrinin bədii rəhbərinə hökm oxundu