“Nazirliyə, deputata müraciət etmişəm, şikayətə baxan yoxdur”

Foto: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Astara sakini xəstəliyi olan oğlunun pensiyasının kəsilməsindən narazıdır

Astara rayonu, Maşxan kənd sakini, 20 yaşlı Elgün Mahmudovun əlillik pensiyası kəsilib.

Atası Elçin Mahmudov Meydan TV-yə müraciət edərək bildirib ki, oğlu uşaq yaşlarında miningit xəstəliyi (baş beyin və onurğa beyni qişalarının iltihabi) keçirib, ruhi xəstədir. Oğlu özünü idarə edə bilmir, baxıma möhtacdır. 5 yaşından pensiya alıb, lakin 18 yaşı tamamlanan kimi pensiyası kəsilib.

“Hərbi komissarlıq öz maşını ilə Elgünü xəstəxanaya göndərdi, təkcə hərbi xidmətə deyil, xidmətdən kənarda da orduya yararsız olduğunu təsdiqləyən sənəd verdi. Amma pensiya verilmir”,- Mahmudov deyib.

Foto: Meydan TV

Şikayətçinin sözlərinə görə, xəstəxanadan ona kağız verib tapşırıblar ki, uşağın tutmalarını qeyd etsinlər:

“Müxtəlif bəhanələrlə yubadırlar. Deyirlər ki, uşağın tutmalarının sayını, dəqiqəsini qeyd edin. Elə gün olur ki, 2 dəfə, elə gün də olur 5 dəfə tutması olur. Bu həkimin kabenitindən çıxıb, digərinə gedirəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, deputatlara müraciət etmişəm, ancaq baxan yoxdur”.

Foto: Meydan TV

E.Mahmudov bildirib ki, kənddə iş tapmaq çətindir. Yalnız iş olanda işləyir, əsasən anasının təqaüdü ilə dolanırlar. Gündəlik çörəkpulu güclə yetir, oğlunun dərmanlarını almağa imkanı çatmır:

“Bir oğlum da 13 yaşındadır, əsgərlik yaşı çatan kimi qapıya gəlib aparacaqlar. Amma indi maraqlanan yoxdur ki, ruhi xəstəsi olan ailə necə, hansı yolla dolanır. Uşaq özünü idarə edə bilmir, üzünə baxan kimi xəstə olduğu görünür”.

Foto: Meydan TV

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətindən şikayətə münasibət öyrənmək mümkün olmayıb. Nazirliyin “qaynar xətt” xidmətindən isə bildiriblər ki, poliklinika və ya xəstəxanaların göndərişi ilə əlillik təyin olunur. Şikayətçi nazirliyə müraciət edə, imtina edilibsə, səbəbini öyrənə bilər.

Ana səhifəBölgə“Nazirliyə, deputata müraciət etmişəm, şikayətə baxan yoxdur”