Nazirlikdə yarım milyona yaxın yeyinti

O, həmin məlumatları da ictimailəşdirəcəyini vurğulayıb.

Foto: Meydan TV


Sabiq baş mühasib qurumdakı korrupsiyadan danışır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin keçmiş direktoru Əkbər Həsənov, sabiq baş mühasibi İlqar Hacıyev və departamentin daha üç əməkdaşı məhkəmə qarşısına çıxarılıb. Onlar yarım milyon manata yaxın mənimsəmədə ittiham olunurlar. Bu cinayət işində söhbət 451 min manatlıq mənimsəmədən gedir. İttihama görə, departamentdə onlarla adamın adına saxta maaş kartları açılıb, aylıq ora pullar köçürülüb. Sözügedən 451 min manat da adı olub, özü olmayan işçilərin kartlarına köçürülən pullardır.

Təqsirləndirilən şəxslərdən yalnız sabiq baş mühasib həbsdədir. Digərləri haqqında istintaq və məhkəmə dövrü üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Ə.Həsənov da, İ.Hacıyev də belə maaş kartlarının olduğunu inkar etmir. Lakin Ə.Həsənov deyir ki, bu kartların sayının 25-30 ədəd olduğunu bilib. İş materiallarında 80-ə yaxın saxta maaş kartına köçürülən pullardan bəhs olunur.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmədə Ə.Həsənov keçmiş baş mühasibin vəkilinin suallarını cavablandırarkən bildirib ki, vaxtilə rəhbərlik etdiyi departament nazirə tabe idi.

Ə.Həsənovdan mənimsənildiyi iddia olunan 451 min manatın hara xərcləndiyi soruşulub. Cavabında deyib ki, cari xərclərə sərf olunub – məsələn, internet, telefon, alpinistlərin axtarışı və s.

Ə.Həsənov deyir ki, departamentdə 80 nəfərin adına kart açılmasından, aylıq maaş ayrılmasından xəbəri olmayıb: "Mənim bildiyim 25-30 kart idi. Onlar üçün də aylıq 6-7 min manat yığılırdı. 80 kartdan xəbərim yoxdur".

O, xəbərsiz olduğu kartların açılmasında təqsirləndirilən İ.Hacıyevi günahlandırıb. Sabiq baş mühasib isə bunu təkzib edib. Deyib ki, departamentdə 1254 nəfərlik işçi siyahısı olub və hər ay siyahı Ə.Həsənova təqdim edilib: "Bütün siyahıya və ayrılan əməkhaqqına baxandan sonra imzalayırdı. Əkbər müəllim nə savadsızdır, nə də xəbərsiz. Hər şeyi də yaxşı bilirdi. Hətta siyahıda olan adamı tanımayanda zəng edib dəqiqləşdirirdi ki, görsün mən onu aldatmıram ki? Sadəcə indi həqiqətləri danışmır".

Vəkil Ə. Həsənovdan sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovla aralarındakı 265 min manatlıq haqda da soruşub: "2018-ci ildə Hüseynqulu Bağırov sizi çağırıb 265 min manat istəyibmi? Həmin məbləğin 50 mini prezident seçkiləri, 215 mini isə Salyanda tikiləcək iki zavoda lazım imiş…"

Ə.Həsənov bu haqda danışmayıb.

Departamentin aylıq xərcləri haqda nazirə məlumat verilib-verilməməsi haqda sualı isə Ə.Həsənov "yox" deyə cavablandırıb:

"Bütün işlər görülüb. Etiraf edirəm ki, sənədləşmə işləri aparılmayıb. Buna görə də indi həmin məbləğ mənimsəmə və israf etmə kimi qiymətləndirilir. Nazirə demirdim, öz işimizin xətrinə edirdim".

451 min manatlıq zərərin 300 min manata yaxınını ödəyən Ə.Həsənov qalan hissəni ödəməməsi haqda sualı belə cavablandırıb: "Mən İlqara (təqsirləndirilən baş mühasib) dedim ki, artıq olan olub, biz bunu ödəməliyik. İlqar 151 mini ödəməyə razılıq verdi. İstintaqa ərizə də yazdı. Amma ödəmədi, ona görə iş bu yerə gəlib çıxdı".

İ.Hacıyev isə 151 min manatı ödəməməsinin səbəbini belə izah edib: "Mənim 3 övladım var. Mən istəmərəm ki, onlar məni cinayətkar kimi tanısın. Mən həmin məbləği niyə ödəməliyəm? Nə etmişəm ki? Pulların hara və kimə verilməsi aydındır. Mən ifadəmdə bunları geniş şəkildə danışacam. Ödəsəydim, məni bəlkə də həbs etməzdilər. Amma günahkar olacaqdım. Mən bəraət hökmü çıxarılmasını istəyirəm".

Ardınca İ.Hacıyev özü bu haqda ətraflı danışıb. Deyib ki, işlədikləri departamentdə birinci dəfə audit yoxlaması aparılanda 25 min manatlıq çatışmazlıq üzə çıxıb: "Bu, büdcəsi 2-3 milyon olan bir qurum üçün çox kiçik məbləğ idi. Əkbər Həsənov həmin məbləği ödədi. Bir müddət keçəndən sonra bizi işdən çıxardılar. Könüllü ərizə yazmağımızı istədilər. Yazmasaydıq, audit yoxlamasının nəticəsini prokurorluğa göndərəcəkdilər. Biz də ərizə yazdıq. Sonradan keçirilən audit yoxlamasında isə dəymiş ziyan 451 min manat oldu".

Bundan sonra İ.Hacıyev 451 min manatlıq ziyanın yaranması və ayrı-ayrı şəxslərin adına maaş yazılması prosesindən danışıb. Onun sözlərinə görə, işlədikləri müddətdə hər ay 30-a yaxın adamın adına maaş yazılaraq nağdlaşdırılıb. Həmin məbləğ də tam şəkildə Əkbər Həsənova verilib.

İ.Hacıyev onu da bildirib ki, sabiq nazir H.Bağırovun onlardan aldığı puldan sonra işlər bu vəziyyətə çatıb:

"2018-ci ildə prezident seçkilərinə hazırlıq ərəfəsində nazir Əkbər Həsənovun yanına çağırdı. Ondan 265 min pul istədi. Həmin məbləğin 215 mini Salyanda iki zavodun tikintisi üçün alınırdı. Nazir demişdi ki, 50 min də prezident seçkilərinə görə lazımdır. Əkbər Həsənov bunu mənə deyəndə bildirdim ki, mən işdən çıxıram. Çünki bu işi biz bacarmazdıq və çox riskli idi. Hətta Əkbər özü də işdən çıxmaq istəyirdi. Amma iki gün sonra Əkbər Həsənov gəlib dedi ki, Vüqar adlı şəxsdən bu məbləği ala bilər. Buna görə Vüqara 10-12 faiz xeyir verilməlidir. Vüqar bizim işlədiyiniz firmalardan birinin rəhbəri idi. Münasibətlərimiz də yaxşı idi. Hətta Əkbər deyirdi ki, çıxsaq da Hüseynqulu Bağırovun əlindən qaça bilmərik. Çünki o zaman Hüseynqulu Bağırov nazir idi və istədiyini edə bilirdi. Əkbər pulu alıb nazirə verdi. Sonra biz xərcləri qaytarmaq üçün kartların sayını atırdıq. Bütün işçilərin də bir siyahısı olub və hamısını da Əkbər imzalayıb. Siyahının sonunda da ümumi ayrılan məbləğ yazılırdı. Amma indi deyir ki, 80 nəfərin adına maaş yazılmasında xəbərsizdir. Bizdə elə vakansiyalar var idi ki, onlara işçi götürülmürdü. Məsələn, sovet dövründən qalan topçular, raketçilər, mühəndislər. Onların adına maaşlar ayrılırdı".

İ.Hacıyev danışır ki, alıb nazirə verdikləri pulu qaytarmaqda çətinlik çəkiblər: "Əkbərə xəbərdarlıq elədim ki, bu pulu verə bilməyəcəyik. Əkbər dedi ki, nazirlə danışıb. Hüseynqulu Bağırov demişdi ki, yenidən nazir təyin edilsə, pulu tam qaytaracaq. Amma elə oldu ki, pulu verəndən bir neçə ay sonra Hüseynqulu Bağırov işdən çıxarıldı. Onu da deyim ki, Əkbər hər ay kartlardan çıxarılan pullardan 10 min manatı nazirə çatdırırdı. Ona görə də bizim işimizdə heç bir problem olmurdu. Yeni nazir gələndə işlər qarışdı. Biz tələsirdik ki, aldığımız borcu qaytaraq. Özümüzə qazanc belə götürmürdük".

410827945.jpg
Bakı Ağır Cinayətlər Məhkəməsi

İ.Hacıyevin sözlərinə görə, pulu qaytara bilmədiklərini görüb, Ə.Həsənovla birlikdə H.Bağırovun qəbuluna gediblər: "Qərb Universitetinin qarşısında gözlədik, amma bizi qəbul eləmədi. Sonra Hüseynqulu Bağırovun mətbuatdakı işlərinə baxan bir nəfərlə görüşdük. Mətbuata müraciət edəcəyimizi bildirdik. Bundan sonra Hüseynqulu Bağırovun vəkili bizimlə əlaqə saxladı. Həmin məbləği də Hüseynqulu Bağırov verdi. Əkbər Hüseynqulu Bağırovun verdiyi 300 mini öz adından ödədi. Hüseynqulu Bağırov qalan hissəsini də ödəməli idi. Amma son günə qədər gözləsək də Hüseynqulu Bağırov pulu ödəmədi".

İ.Hacıyev ifadəsində çalışdığı müddətdə nazirin bir çox qeyri-rəsmi göstərişlərini yerinə yetirdiklərini də açıqlayıb: "Mən bu günə qədər susdum. Amma gördüm ki, artıq hamı öz canına yanır. Ortada qalan isə bir mən olmuşam. Bu işə görə məsuliyyətə cəlb edilənlərdən digər üç nəfərin nə günahı var? Onlar niyə cəzalandırılmalıdır? Əkbər Həsənov işə rəhbərlik edib. O da göstərişi nazirdən alıb. Amma indi həqiqətləri danışmır, ad çəkmir.

Biz dəfələrlə rayonlardan nazir Hüseynqulu Bağırovun üzüm bağları üçün peyin axtarmışıq. Nazirin Qərb Universitetinin yeni korpusu tikiləndə nə qədər işləri biz görmüşük. Bunlar havayı deyildi. Pulsuz bu işləri görmək olardı? Daha susmaq yoxdur. Ya mən və digər təqsirləndirilən şəxslər bəraət alacağıq, ya da Əkbər Həsənov və Hüseynqulu Bağırov da həbs ediləcək".

İ.Hacıyev əlavə edib ki, söylədiklərini sübut edən səs yazıları və telefon danışıqları var. O, həmin məlumatları da ictimailəşdirəcəyini vurğulayıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və daha bir neçə maddəsi ilə ittihamlar irəli sürülüb.

Ana səhifəİqtisadiyyatNazirlikdə yarım milyona yaxın yeyinti