Nazirlik: Kiber təhlükələr aradan qalxdıqdan sonra internetin fəaliyyəti bərpa ediləcək

“Vətəndaşlar elektron kommunikasiya vasitələrindən əlavə digər resurslara daxil olmaqda, internet sürəti ilə bağlı çətinlik yaşadıqda problemin aradan qaldırılması üçün dərhal müvafiq çağrı mərkəzlərinə müraciət etməlidirlər”.

Source: google.az


Ekspert: “Vətəndaşların narahatlığı üçün əsası var”

Sentyabrın 27-dən – Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar başlayan gündən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edir. Qurum bunu baş verə biləcək hər hansı genişmiqyaslı təxribatın qarşısını almaq məqsədilə etdiyini deyir.

Sosial şəbəkələrə, o cümlədən, mesajlaşma proqramlarına, həmçinin “YouTube” videohostinqinə giriş lokallaşdırılıb. Tətbiq olunan məhdudiyyətlərdən sonra sosial şəbəkə istifadəçiləri arasında VPN-dən istifadə edənlərin sayı çoxalıb.

Hərbi əməliyyatlar başlayanda və ölkədə internet məhdudlaşdırılanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bildirilmişdi ki, lokallaşma sosial şəbəkələrə və mesajlaşma tətbiqlərinə şamil olunur, digər internet resurslarına giriş sərbəstdir. Lakin bəzi internet istifadəçiləri əksini iddia edir. Dediklərinə görə internetin verilməsində və sürətində ciddi problemlər var.

Paytaxt sakini Aysel Əliyeva deyir ki, Azərbaycanda internetin sürəti həmişə zəif olub. Dövlətin internetlə bağlı verdiyi qərar isə sürəti sıfıra endirib:

“Demişdilər ki, məhdudlaşma yalnız sosial şəbəkələrə şamil olunacaq. Bir aydan çoxdur ki, istifadə etdiyim internet sürünür, işləmir. Hər hansı bir sayta girmək üçün dəqiqələrlə gözləməli oluram. Bununla bağlı dəfələrlə istifadəçisi olduğum provayder “Uninet”lə əlaqə saxlayıb, iradımı bildirmişəm. Məni borclu çıxarmağa çalışıblar ki, guya problem ATS xətlərindədir. Sosial şəbəkələrə giriş məhdudlaşdırılsa da, hamı VPN tətbiqindən istifadə edir. Ödəniş etdiyimiz halda, niyə internetimiz zəif olmalıdır? Hesab edirəm ki, buna görə provayderlər güzəştlər tətbiq etməlidir. Hazırda hər bir internet istifadəçisini düşündürən məqam, aylıq internet ödənişinin necə olacağı, güzəşt olunub-olunmayacağı ilə bağlıdır. Bunlar isə əksinə, bizi aldadırlar”.

“Bakinternet” ADSL istifadəçisi Nərmin Kərimova da provayder xidmətindən narazıdır. Onun sözlərinə görə, aylıq istifadə haqqı ödənilsə də, bir ay müddətində internet olmayıb:

“Sentyabrın sonlarından internetimiz kəsildi. Düşündüm ki, yəqin aylıq ödənişin vaxtı yaxınlaşdığı üçün sürət azalıb. Lakin ödəniş edəndən sonra da problem aradan qalxmadı. “Baktelecom”la əlaqə saxladım, operator dedi ki, yaranan problem bizlik deyil. Nazirlik bu haqda açıqlama yayıb, ölkədə internet məhdudlaşdırılıb və bu çərçivədə biz ayın 27-dən interneti dayandırmışıq. Operatordan soruşdum ki, bəs yaxşı, aylıq ödənişi niyə dayandırmamısınız? Operatorun cavabı “bizə dəxli yoxdur! Biz bu işlərə baxmırıq. Şikayətinizi nazirliyə edin!” – oldu. Paytaxtın bəzi hissələri məhz “Baktelecom”a məhkumdur, çünki başqa provayder yoxdur. “Baktelecom” da bundan sui-istifadə edir, müştərilərin də başqa çıxış yolu yoxdur. Müştərini axmaq yerinə qoyan operator deyir ki, bəs, pulu nazirliyə ödəmisiniz, daha sonra isə deyir ki, mən adi məlumat bürosuyam, mən nə bilim, ödəməyərdiniz. Bunlar sanki “nəzir qutusu” qoyub, pul dilənirlər. Məhdudiyyət əsasən sosial şəbəkələrə aiddir, ancaq görünür, “Baktelecom” söhbəti bir az səhv başa düşüb, interneti tamamilə bağlayıb”.

Noyabrın 9-dan 10-a keçən gecə Ermənistan və Azərbaycan arasında davam edən hərbi əməliyyatlara son qoyulmasına dair razılaşma bəyanatı imzalanıb. Belə olan olan təqdirdə, internetə qoyulan məhdudiyyətlərin nə zaman aradan qaldırılacağı sualı yaranır.

Meydan TV-nin sorğusunu cavablandıran Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova bildirib ki, internetin məhdudlaşdırılması müvafiq qanunvericilik əsasında həyata keçirilir. Məhdudlaşdırmanı zəruri edən hallar, eləcə də, kiber təhlükələr aradan qalxdıqdan sonra internetin fəaliyyəti bərpa ediləcək. Günel Gözəlova istifadəçilərə tövsiyə edib ki, internetdə yaranan problemlərlə bağlı çağrı mərkəzlərinə müraciət etsinlər:

“Vətəndaşlar elektron kommunikasiya vasitələrindən əlavə digər resurslara daxil olmaqda, internet sürəti ilə bağlı çətinlik yaşadıqda problemin aradan qaldırılması üçün dərhal müvafiq çağrı mərkəzlərinə müraciət etməlidirlər. “Baktelecom” şəbəkəsinin istifadəçiləri 155 nömrəli çağrı mərkəzinə, “Aztelekom” şəbəkəsinin istifadəçiləri 170 nömrəli çağrı mərkəzinə müraciət edə bilirlər. Müraciətlərinin icrası təmin olunmadığı hallarda nazirliyin 1655 nömrəli “Qaynar xətt”inə müraciət ünvanlaya bilərlər. Özəl internet provayderlərinin istifadəçiləri isə birbaşa abunəçisi olduqları provayderlərə müvafiq əlaqə vasitələri ilə müraciət ünvanlamalıdırlar”.

Nazirlik sözçüsü onu da deyib ki, sentyabrın 27-dən bu günə kimi kiberhücumların sayı əvvəlki dövrə nisbətən 5-6 dəfə artıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar müntəzəm olaraq vətəndaşları kibertəhlükəsizlik qaydalarına əməl etməyə səsləməkdə, bununla bağlı müvafiq xəbərdarlıqlar ünvanlamaqda və metodiki, texniki dəstək göstərir.

İnformasiya və kommunikasiya məsələləri üzrə ekspert Osman Gündüz Meydan TV-yə bildirib ki, internetin verilməsi müqavilə ilə tənzimlənən məsələdir. İstifadəçiyə müqavilədə göstərilən internet sürəti mütləq ödənilməlidir:

“Vətəndaşların narahatlığı üçün əsası var. Çünki ödəniş edib, lakin müqavilədə nəzərdə tutduğu keyfiyyəti, sürəti əldə edə bilməyib. Lakin provayderlərin interneti az almaq imkanları olub. Provayderin xərcini tənzimləməyə imkanı olub, vətəndaşın isə olmayıb. Bu məsələdə itirən tərəf yalnız vətəndaşlardır. Təbii ki, ödənişlərin geri qaytarılması müzakirə predmeti ola bilməz. Amma bütün provayderlər növbəti iki ay ərzində internetin sürətini iki qata çatdıra bilərlər. Bu məntiqli, doğru addım olardı. Düşünürəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilk növbədə özünün dövlət provayderlərinə tapşırıq verməlidir. Bu provayderlər ilk olaraq bu addımı atmalıdır. Bunda sonra özəl provayderlər dərhal bunu yerinə yetirəcəklər”.

Ana səhifəSosialNazirlik: Kiber təhlükələr aradan qalxdıqdan sonra internetin fəaliyyəti bərpa ediləcək