Ədliyyə Nazirliyi fiziki şəxs Mahmudova Təranə Abid qızı ilə satınalma müqaviləsi bağlayıb. Müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Satınalmanın “bir mənbə” üsulu ilə həyata keçirilməsi o deməkdir ki, dövlət qurumu rəqabətli tender proseduru keçirmədən birbaşa seçilmiş tərəflə müqavilə bağlayır və satınalmanın detalları ictimaiyyətə tam açıqlanmır.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata görə, müqavilənin şərtlərinə əsasən Ədliyyə Nazirliyi Binəqədi rayon icra şöbəsi üçün Bakının Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanında yerləşən, ümumi sahəsi 340,2 m² olan qeyri-yaşayış binasını icarəyə götürəcək.
Nazirlik bu obyektə görə 30 yanvar 2026-cı ildən 30 dekabr 2026-cı ilədək Mahmudova Təranə Abid qızına 34 min 800 manat icarə haqqı ödəyəcək.
Təranə Mahmudova ölkədə tanınmış məmur ailəsi ilə əlaqələri ilə də diqqət çəkir. O, Baş nazirin sabiq müavini Abid Şərifovun qızı, eyni zamanda 6 saylı cəzaçəkmə müəssisəsinin sabiq rəisi Məmməd Mahmudovun həyat yoldaşıdır.
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, Təranə Mahmudova 2002-ci ildə qeydiyyata alınan “A.N.N.N” MMC və 2017-ci ildə qeydiyyata alınan “Güvən 2017” MMC-lərin hüquqi nümayəndəsi kimi qeyd olunur. Bundan başqa, onun Bakı şəhəri Nərimanov rayonunda fəaliyyət göstərən “Optimed” Tibb Mərkəzinin direktoru olduğu da bildirilir.
Maraqlı məqam odur ki, ailənin biznes əlaqələri yalnız Azərbaycanla məhdudlaşmır. Açıq mənbələrdə yer alan məlumatlara görə, Londonda şirkət açan tanınmış azərbaycanlılar arasında Abid Şərifovun nəvəsi Nicat Mahmudovun da adı hallanır. Bildirilir ki, Nicat Mahmudovun adına 2022-ci ilin 14 fevral tarixində Böyük Britaniyada “Londoncapsule Limited” şirkəti qeydiyyatdan keçirilib. Şirkətin ünvanı Durweston Street, London, W1H 1PG olaraq göstərilir. Meydan TV-nin araşdırmasında da bu barədə geniş material dərc olunmuşdu.
Məlumatlarda Nicat Mahmudovun eyni zamanda 2017-ci ildə təsis olunan “Abeona Global Limited” şirkətinə də rəhbərlik etdiyi qeyd olunur. Nicat Mahmudovun 6 saylı cəzaçəkmə müəssisəsinin sabiq rəisi Məmməd Mahmudovun oğlu, anasının isə Təranə Mahmudova olduğu bildirilir.
Beləliklə, Ədliyyə Nazirliyinin tender keçirmədən “bir mənbə” üsulu ilə bağladığı icarə müqaviləsinin qalibi kimi göstərilən şəxsin həm yüksək vəzifəli şəxslərlə ailə bağları, həm də kommersiya strukturlarında təmsilçiliyi bu satınalmanın şəffaflığı ilə bağlı suallar doğurur.