Nazirin oğlu “məktəbli avtobusu” biznesinə başlayıb

Kollaj: Meydan TV

Oktyabrın 1-dən Bakıda “məktəbli avtobusları” (“2School”) layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində xidmət göstəriləcək məktəblər arasında Elitar gimnaziya, 6, 8, 20, 23, 27, 132-134 və 189-190 saylı məktəblər yer alır.

Bu xidmətdən 1200 şagirdin yararlanacağı və şagirdlərin birbaşa evdən götürülməklə məktəbə gətirəcəyi bildirilir.

Sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlarda aylıq abunə haqqının baha olması valideynlər, vətəndaşlar tərəfindən tənqid olunub.

Aylıq abunə haqqının 100 manatdan başladığı deyilsə də, real rəqəmlər daha yüksəkdir.

Aparılan kiçik araşdırma nəticəsində məlum olub ki, bir uşaq üçün qiymətlər aşağıdakı kimidir:

Xırdalan şəhərindən – 132-134 nömrəli məktəbə gediş-gəliş olmaqla aylıq qiymət 240 manat təşkil edir. Bu, təxminən 15 km-lik məsafə, 20-25 dəqiqəlik yol deməkdir. Bu məktəblər paytaxtın mərkəzi hissəsində yerləşir.

Yasamal rayonu, Əsəd Əhmədov küçəsindən – 132-134 nömrəli məktəbə gediş-gəliş olmaqla aylıq qiymət isə 168 manat təşkil edir.

Ay ərzində şagirdlərin ortalama dərsə 20 dəfə gedib gəldiklərini nəzərə alsaq, bu, Xırdalan şəhərində yaşayan şagird üçün günlük 12 manat yol xərci deməkdir. Yasamalda qalan üçün isə günlük 8,4 manat xərc yaranmış olacaq.

Layihə rəhbərliyindən verilən məlumata görə, qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub. Eyni zamanda, ailədə bir neçə uşaq layihədə iştirak edirsə, ikinci uşağa güzəşt tətbiq ediləcəyi bildirilir.

“2school” SABAH.HUB İnnovasiya Mərkəzinin “SABAH studio”  layihəsinə bağlı startapdır. SABAH.HUB İnnovasiya Mərkəzinin rəhbəri xarici işlər naziri Ceyhun Bayramovun oğlu Rəhim Bayramlıdır.

Rəhim Bayramlı müxtəlif sahələrdə yeni şirkətlərin qurulmasına fokuslanan, Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun nəzdində 2021-ci ildə yaradılmış “Sabah.lab” MMC-nin icraçı direktorudur.

Rəhim Bayramlı haqqında daha geniş məlumatı AbzasMedia-nın həbsxanada olan jurnalistləri nazir Ceyhun Bayramovun ailə sərvətini araşdırarkən yazmışdılar.

Gununsesi” saytına açıqlamasında təhsil eksperti Elşən Qafarov vurğulayıb ki, avtobuslar üçün təyin olunan qiymətlər valideynlərin cibinə uyğun deyil.

“Ödənişlər aylıq 100 manatdan başlayıb 250 manata qədərdir.  Bəs avtobuslara nə qədər pul ayrılacaq? Bu xidməti hansı şirkətlər təşkil edəcək? Emin Əmrullayevin dostları, yaxud ona yaxın şəxslərin şirkətləri olacaqmı?

Necə ki, məktəb bufetləri ayrı-ayrı şirkətlərə verildi və məktəblərə bunun heç bir aidiyyəti yoxdur. Guya iaşə xidmətini təşkil edirlər, amma əslində böyük biznes layihəsidir.

Orta hesabla hər bir şagird üçün həmin şirkətlərə Təhsil Nazirliyinin hesabına 52 qəpik ödənilir. Gözləyək görək avtobuslar məsələsi necə olacaq”, – deyə o əlavə edib.

“2School” layihəsinin SABAH.HUB İnnovasiya Mərkəzi ilə əlaqəsi yoxdur”. Bu barədə “Yeniavaz” saytına SABAH.HUB İnnovasiya Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Mərkəzin rəsmi veb-səhifəsində bu barədə yerləşdirilmiş məlumat götürüləcək. Qeyd olunub ki, “2School” layihəsinin təsisçisi Mustafa Hüseynovdur. 

Lakin Mustafa Hüseynov yerli mətbuata müsahibəsində bildirib ki, “2school” layihəsi SABAH studio-nun startapıdır və hazırda pilot layihə kimi sınaqdan keçirilir. “2school” həm dövlət, həm də özəl məktəblərlə əməkdaşlıq edir.

Həmçini əlavə edib ki, daşıyıcı şirkətin qiymətləri heç də baha deyil: “Bu sadəcə məktəbli avtobusu deyil, qiymətə dayə xidməti, məktəblərin daxilində fəaliyyət göstərən kuratorlara verilən vəsait də daxildir  və bunlar da qiymətə təsir edən amillərdəndir”.

Ana səhifəAraşdırmaNazirin oğlu “məktəbli avtobusu” biznesinə başlayıb