Muxtar Babayev: “Söyüdlü kəndində hər şey norma daxilindədir”
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iyulun 12-də Söyüdlü hadisəsi ilə bağlı keçirdiyi brifinqdə ziddiyyətli açıqlamalar verib.
Nazir çıxışının əvvəlində deyib ki, Gədəbəyin Söyüdlü kəndində hər şey norma daxilindədir:
“Gədəbəyin Söyüdlü kəndində çirkləndirici maddələrin çox olması ilə bağlı narahatlıq vardı. İlk gün aparılan hava keyfiyyətinin nəticələrinə görə təhlükəli maddələrin normadan artıq olmadığı məlum olub. Yəni hər şey norma daxilindədir”.
Muxtar Babayev, eyni zamanda, Söyüdlü kəndində vəziyyətin araşdırılması məqsədilə yaradılan Komissiyanın sədridir.
Nazir bildirib ki, kənd sakinləri üçün müayinələrin aparılması təşkil olunub, müayinədən imtina edənlər olsa da, xəstəxana şəraitində yoxlanılanlar da olub.
Ötən gün, iyulun 11-də ölkə başçısı İlham Əliyev cari ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışı zamanı isə daha çox Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyini günahlandırıb:
“Hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib”.
“İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil”, – deyə İlham Əliyev bildirib.
“Prezident haqlı iradlar səsləndirib, onun tapşırıqları icra olunacaq”
İlham Əliyevin çıxışına istinad edən nazir bu dəfə fərqli açıqlama verib.
O deyib ki, prezidentin müşavirədə səsləndirdiyi iradlar haqlıdır və onun verdiyi tapşırıqlar icra olunacaq.
“Prezident ötən gün haqlı iradlar səsləndirib. Xüsusilə nazirliyin bəzi sahələrdəki fəaliyyətsizliyi ilə bağlı fikirlər söyləyib. Bütün tapşırıqlar icra olunacaq. Belə hallarla üzləşməmək üçün çalışacağıq”, – Muxtar Babayev belə deyib.
Onun sözlərinə görə, Gədəbəyin Söyüdlü kəndində süni anbar 2011-ci ildə tikilib:
“Gölün dayanıqlığı ilə bağlı tədqiqatların aparılması nəzərdə tutulur. Mövcud tullantı anbarının istismar 3 aydan çox olmadığı, həmçinin ikinci anbarının tikintisinə razılıq verilmədiyi nəzərə alınaraq, istismarçı şirkətlə görüşdə də bu məsələlər səsləndirilib. Şirkətə istismarın müvəqqəti dayandırılması təklif olunub və razılıq əldə edilib”.
Nazir onu da deyib ki, beynəlxalq şirkətə Söyüdlüdə tullantı anbarında qiymətləndirmə aparması təklif olunub:
“İyulun sonunda həmin şirkətin işlərə başlayacağı gözlənilir”.
“Söyüdlüdə mədənin istismarında müasir avadanlıq və texnologiyaların tətbiqi təklif edilib. Eyni zamanda, mövcud anbarın reabilitasiyası ilə bağlı da texniki təklif hazırlanacaq. İstismarçı şirkətin sosial-korporativ layihələri ilə bağlı şirkətə ciddi iradlar tutuldu”,-deyə Babayev əlavə edib.
Söyüdlü hadisələri
İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.
10-dan artıq kənd sakini və hadisənin təşkilində şübhəli bilinən şəxs saxlanılıb. Saxlanılanlar arasında narkotik ittihamı verilən də var.
İyunun 22-də Gədəbəyin Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırılıb.
Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərib.
Kəndin sakinləri isə bildirirlər ki, əsl səbəb iyunun 20-21-də etdikləri etiraz aksiyasıdır, onları nəzarətdə saxlamaq istəyirlər.
Söyüdlü kəndinin sakinləri iki gün ard-arda evlərinin yaxınlığında qızıl mədənləri üçün ikinci süni gölün salınmasına etiraz edib.
Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər.
Onların sözlərinə görə, bu su hövzələri onların əkin və örüş sahələrində salınır.
Bu da əkinə, meyvəyə, ağaclara və insanların sağlamlığına zərər vurur.
Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.
Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.
Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.
Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.
Nazirlər Kabineti məsələ ilə bağlı komissiya yaradıldığını deyir.
Komissiya dövlət məmurlarından formalaşıb, tərkibində müstəqil ekspert yoxdur.
Həbslər və təzyiqlər…
Hakimiyyət hadisəyə təxribat donu geyindirir, yerli mediada bununla bağlı eyni məzmunlu materiallar dərc olunur, hadisəni işıqlandıran müstəqil media hədəfə alınır.
Nazim Bəydəmirli baş verənlərə görə şirkəti tənqid etdiyi üçün hökumət mediası tərəfindən hədəfə alınıb.
Buna görə də o, “Yeni Müsavat” saytını, Azərbaycan Dövlət Televiziyasını və deputat Elman Nəsirova qarşı məhkəmə iddiası qaldırıb.
İyulun 4-də isə Nazim Bəydəmirli Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”) şübhəli şəxs qismində saxlanılıb.
İyulun 5-də Nərimanov Rayon Məhkəməsi onun barəsində 4 ay həbs-qətimkan tədbiri seçib.
DİN Nazim Bəydəmirlinin səhmdarı olduğu şirkətdən pul tələb etmə ittihamıyla saxlanıldığı iddia etsə də, sabiq deputat deyib ki, onu Söyüdlü kəndində baş vermiş etirazlara görə saxlayıblar.
Bundan başqa, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Elmir Abbasov və keçmiş “heykəl məhbusu” Qiyas İbrahimov da Söyüdlü hadisələri zamanı sosial şəbəkələrdə yazdıqları statuslara görə inzibati qaydada həbs edilib.