“Nazir müavini təsir göstərəndə hakimlər qanunları ayaq altına atır”

O, hakimdən Məhkəmə-Hüquq Şurasına şikayət edəcək.

Source: Meydan TV


Bakı sakini gizli məhkəmə keçirildiyini və evinin əlindən alınması haqda qərar verildiyini deyir

Bakı sakini Ağası Hüseynov deyir ki, Yasamal Rayon Məhkəməsində gizli iclas keçirib, onun və ailəsinin yeganə yaşayış yeri olan mənzildən çıxarılmalarına qərar verilib. Bu qərarı hakim Təhminə Xəlilova icra məmuru Ruslan Əsgərovun təqdimatı əsasında çıxarıb.

“Təqdimat dekabrın 25-də məhkəməyə daxil olub. İki gün sonra mənə heç bir məlumat vermədən gizli qərar çıxarıb. Halbuki, Ali Məhkəmənin rəhbərliyinin qərarıyla pandemiyaya görə məhkəmələrdə təxirəsalınmaz işlər istisna olmaqla, digər işlərə baxılması dayandırılıb. Əvvəl dekabrın 2-dən 28-nə qədər təxirə salınmışdı, sonra bu müddət yanvarın 18-nə qədər uzadıldı. Belə bir vəziyyətdə hakimin nə marağı var ki, məhkəməni keçirir, mənə də heç bir məlumat vermədən evimdən çıxarılmağım haqda qərar verir?”, – Ağası Hüseynov Meydan TV-yə bildirib.

O, hakimdən Məhkəmə-Hüquq Şurasına şikayət edəcək. Amma cəzalanacağına da inanmadığını deyir. Fikrini də belə əsaslandırır:

“Hakimin özbaşına belə iş gördüyünü düşünmürəm. Hesab edirəm ki, bundan əvvəlki proseslərdəki kimi, bu işdə də Ədliyyə nazirinin müavini Azər Cəfərovun təsiri olub”.

Ağası Hüseynovun sözlərinə görə, nazir müavini bu mübahisədə qarşı tərəf olan Fuad İbrahimovun qohumudur. Fuad İbrahimovla Ağası Hüseynov iki bacının övladlarıdır. Fuad İbrahimov iddia edir ki, xalası oğlu ondan 85 min dollar borc alıb və qaytarmayıb. O, məhkəmədə bu barədə iddia qaldırıb. Məhkəmə iddianı təmin edib. Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Əsgərov da bu qətnamənin icrası kimi, yaşadığı mənzilin Ağası Hüseynovdan alınıb Fuad İbrahimova verilməsi üçün təqdimatla məhkəməyə müraciət edib. Binanı inşa edən “Tamam” firmasına da məktub göndərilib ki, mənzil Fuad İbrahimovun adına rəsmiləşdirilsin.

Ağası Hüseynov icra məmurunun hərəkətinin də, məhkəmənin qərarının da qanunsuz olduğunu deyir: “Ailənin yeganə yaşayış yeri müsadirə oluna bilməz. Ailənin yaşamağa başqa yeri yoxdursa, həmin mənzilin müsadirəsi qadağandır. Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli, 89 saylı Qərarında da bu məsələ əksini tapıb. Məhkəmə qərarı icra olunarkən tələbin əmlaka yönəldilməsinə yol verilməyən hallar var və həmin hallar Nazirlər Kabinetinin bu qərarında əksini tapıb. Amma nazir müavini təsir göstərəndə məhkəmələr bütün qanunları ayaqlar altına atır”.

Ağası Hüseynov Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Əsgərovdan da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisinə şikayət edib. O hesab edir ki, icra məmuru da mənzilinin ələ keçirilməsində maraqlıdır.

Ağası Hüseynov 85 min dolların ona verilmədiyini, böhtanla mənzilinin əlindən alındığını deyir.

Fuad İbrahimov isə xalası oğlunun məsuliyyətdən yayınmaq üçün yalan danışdığını bildirir.

Ana səhifəSosial“Nazir müavini təsir göstərəndə hakimlər qanunları ayaq altına atır”