"Bir çox brauzerlər köhnə versiyada olduğu üçün proqram işləmir, bu hallar da var"
Noyabrın 2-dən, yəni xüsusi karantin dövründə Azərbaycandakı bütün təhsil müəssisələri tədrisi distant (məsafədən) formatda təşkil etməlidir.
Oktyabrın 29-da Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə" imzaladığı qərarda belə deyilir.
“Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə uyğun qurumların rəyləri əsasında Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədrisin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər”, – qərarda bildirilir.
“Sentyabrın 27-dən başlayan münaqişədə 9 şagird həlak olub”, – oktyabrın 30-da xüsusi karantin rejimi dövründə Azərbaycan ərazisindəki təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.
O deyib ki, son iki həftədə bu aqressiya həm məktəblərə, həm mülki əhaliyə qarşı tətbiq edilib: “Hazırda Azərbaycan terrorçu dövlətlə mübarizə aparır. Son bir ayda bu təcavüz nəticəsində 9 şagirdimiz dünyasını dəyişib. Eyni zamanda, 50-yə yaxın məktəb yararsız vəziyyətə düşüb", – o vurğulayıb.
Nazir onlayn təhsilin təşkili məsələsinə də toxunub. Deyib ki, son həftələrdə koronavirusa yoluxma artıb: “Bu və başqa amillər nəzərə alınaraq bütün təhsil müəssisələrində tətil elan edilib. Əsas məqsəd situasiyanı düzgün təhlil etmək, eyni zamanda, müəyyən hazırlıq işləri apararaq ən optimal qərarları vermək olub".
E.Əmrullayevin sözlərinə görə, son iki həftə ərzində bir sıra hazırlıq işləri görülüb.
Nazirin fikrincə, ən optimal qərar verilib və bütün təhsil müəssisələrində onlayn tədrisə keçirilir: “Təcrübə əvvəlki dövrlərdən var. İnanıram ki, nə qədər çətinlik olsa da, bu üsulla növbəti həftələrdə tədrisi onlayn qaydada keçirəcəyik”.
"Ən böyük məsələ ölkədə onlayn platformaların, TEAMS-in bərpası üçün çoxlu işlər görülüb, aidiyyəti dövlət qurumları ilə həmin platformaların işləməsi üçün testlər aparılıb", – o bildirib.
O bildirib ki, müəyyən problemlər var və bura internetin keyfiyyəti də daxildir: “Platformalar VPN-siz işləyəcək. İnternetin keyfiyyəti ilə bərabər, həm də istifadəçi bacarığı ilə bağlı da problemlər var. Bir çox brauzerlər köhnə versiyada olduğu üçün proqram işləmir, bu hallar da var. 10-15 faiz istifadəçidə internet olsa da, sadaladığım məsələlərə görə problem olur, ona görə çalışırıq maarifləndirmə işi aparaq".
Sentyabrın 27-də döyüşlər başlanandan sonra ölkədə internetin rəsmən məhdudlaşdırıldığı açıqlanıb.
Bu il martın 24-dən başlayan xüsusi karantin rejimi dekabrın 1-dək uzadılıb. Elə qərar da həmin dövrə qədər qüvvədədir. Dərslər isə karantin dövründən əvvəl, martın 3-dən dayanmışdı.
Yeni tədris ilinin başlanğıcında (sentyabrın 15-də) isə yalnız ibtidai siniflər məktəbə (həftənin 2-3 günü) getdilər.
Qalan siniflərdə dərslər onlayn keçirilməyə başladı. V-IX siniflər oktyabrın 1-dən, X-XI sinflər isə oktyabrın 15-dən (həftənin bəzi günləri) məktəblərə yollandılar. Amma növbəti həftədən tədris müəssisələrində düz iki həftə tətil elan edildi.
Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Qarabağ münaqişəsi ilə bağlı sentyabrın 27-də döyüşlər başlandığından ölkədə internet məhdudlaşdırıldı. Bu da dərslərin onlayn keçirilməsində çətinliklər yaratdı. Eyni zamanda, son həftələr ölkədə koronvirusa yoluxma ilə bağlı rəsmi açıqlamalarda da artım var.
Müharibəyə görə sentyabrın 27-dən ölkənin 20-yə yaxın bölgəsində tədris dayandırılıb.