“Nazir dedi ki, bu cür məsələlər mənim üçün həssasdır…”

Azyaşlıya təcavüz. Foto: Meydan TV

 Cinsi təcavüzə məruz qalmış yeniyetmənin ailəsi Vilayət Eyvazovla görüşüb

Göyçayda yeniyetməyə qarşı törədilən cinsi cinayətlə əlaqədar istintaq zamanı onun yaxınlarının narazı qaldığı məsələlər haqda daxili işlər naziri Vilayət Eyvazova məlumat verilib. Sözügedən cinayət işinin istintaqı Göyçay Rayon Polis Şöbəsində aparılıb.

Yeniyetmənin atası Sarvan Daşdiyev Meydan TV-yə bildirib ki, nazir iyunun 13-də İsmayıllı rayonunda vətəndaşları qəbul edib:

“Mən də qəbulda oldum. Vaxt azlığına görə məni narahat edən problemi qısa şəkildə çatdırmağa çalışdım. Göyçay Rayon Polis Şöbəsinin müstəntiqinin bizi aldatmasından, işdə ifadələrin təhrif olunması və başqa narahatlıq doğuran məsələlərdən danışdım. Nazir şikayətimi eşidəndə dedi ki, bu cür məsələlərə həssas yanaşır. Mütləq bu işi nəzarətdə saxlayacaq. Elə yanımda da göstəriş verdi ki, araşdırılsın, nəticə barədə məlumat verilsin”.

Yeniyetməyə qarşı cinsi cinayətdə ittiham olunan 2001-ci il təvəllüdlü Ramiz Cəfərova mayın 30-da Göyçay Rayon Məhkəməsində hökm oxunub. Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 152.1 (14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsilə 2 il azadlıqdan məhrum edilib.

Zərərçəkmiş tərəf bu hökmü ədalətsiz sayır. Onlar hesab edir ki, əslində, Ramiz Cəfərov Cinayət Məcəlləsinin 149.2-1.1 (zorlama, yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə cəzalandırılmalıydı. Bu maddədə 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Göyçay Rayon Polis Şöbəsi. Foto: DİN

Zərərçəkmiş tərəf təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın ağırlaşdırılması üçün işin istintaqa qaytarılmasını istəsə də, məhkəmə bu barədə vəsatəti təmin etməyib. Ailə bildirir ki, istintaq dövründə zərərçəkənin ifadələri təhrif olunub, nəticədə təqsirləndirilən şəxsə qarşı daha yüngül maddə ilə ittiham irəli sürülüb.

Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən şəxslə zərərçəkmiş könüllü şəkildə bir neçə dəfə könüllü şəkildə cinsi əlaqədə olub.

Təqsirləndirilən Ramiz Cəfərov da həm istintaqda, həm də məhkəmədə deyib ki, özünü Cinayət Məcəlləsinin 152.1 maddəsilə təqsirli bilir, əməlindən peşmandır. K.K. ilə sevgili olduğunu deyən təqsirləndirilən şəxsin sözlərinə görə, onunla öz razılığıyla bir neçə dəfə cinsi əlaqədə olub.

Zərərçəkmişin istintaqa ifadəsində də göstərilib ki, Ramiz Cəfərova bağlı olduğuna, onunla evlənəcəklərinə inandığına görə cinsi əlaqədə olmağa razılaşıb.

Lakin zərərçəkmiş məhkəmədə bildirib ki, onun ifadələri saxtalaşdırılıb. Onun sözlərinə görə, Ramiz Cəfərov tərəfindən dəfələrlə hədələnib, təzyiqlərə məruz qalıb, bütün bunlar haqda istintaqda müstəntiqə də məlumat verib. Lakin istintaq başa çatanda ittiham aktıyla tanış olarkən həmin ifadələrin heç birinin orada əks olunmadığını görüblər.

Ana səhifəSosial“Nazir dedi ki, bu cür məsələlər mənim üçün həssasdır…”