XİN rəhbəri görüşdə Laçın dəhlizindəki vəziyyətdən də danışıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın yeni təyin olunmuş səfiri Mixail Yevdokimova narazılığını bildirib.
İyulun 17-də Ceyhun Bayramov Mixail Yevdokimovun etimadnaməsinin surətini qəbul edərkən Rusiya Xarici İşlər Nazirliyinin iyulun 15-də yaydığı bəyanatındakı fikirlərə toxunub.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsi görüş barədə məlumat yayıb.
Məlumatda deyilir ki, görüş zamanı, Azərbaycan və Rusiya arasında əlaqələrin ikitərəfli və çoxtərəfli müqavilələr çərçivəsində, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafının vacibliyi vurğulanıb. Nazir Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin Ermənistan tərəfinin mövqeyinə istinadən şərtləndirilməsinin qeyd olunan çərçivəyə uyğun olmadığını bildirib.
“Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə əlaqədar bölgədə “gərgin humanitar vəziyyət” yarandığı barədə iddiaların reallığı təhrif etdiyi vurğulanıb. Uzun müddət ərzində Rusiyanın da tərəf olduğu üçtərəfli bəyanata zidd olaraq Laçın yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyət, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizat və minalar daşınması faktları xatırlanıb. Azərbaycan tərəfinin Laçın sərhəd buraxılış məntəqəsi yaratmasının suveren hüququ olduğu, qanuna zidd fəaliyyətlərin qarşısının alınması, habelə şəffaflığın təmin olunması məqsədi daşıdığı bildirilib. Buna baxmayaraq, Ermənistan tərəfinin məntəqəyə qarşı 15 iyun və iyul ayının əvvəlində təxribatlardan əl çəkmədiyi qeyd olunub”,-deyə nazirlik əlavə edib.
Ceyhun Bayramov Azərbaycanın yenə də, erməni sakinlərin bu məntəqədən keçidi üçün şərait yaratdığını və eyni zamanda, Azərbaycanın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğu diqqətə çatdırıb:
“Rusiya XİN-i tərəfindən qeyd edilən erməni sakinlərin “hüquq və təhlükəsizliyi” məsələsinə gəldikdə, bu məsələnin Azərbaycanın milli qanunvericilik çərçivəsində həll olunacağı və bu məqsədlə erməni sakinlərlə dialoq təşəbbüsünün mövcudluğu qeyd edilib”.
Rusiya XİN iyulun 15-də yaydığı bəyanatda qeyd edirdi ki, Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıması bölgədə Rusiya sülhməramlılarının yerləşdirilməsi şərtlərini kəskin olaraq dəyişdirib:
“Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq, amma bu, Rusiya, Azərbaycan, Ermənistan rəhbərlərinin 9 noyabr (10 noyabr – red.) 2020-ci il bəyanatının imzalandığı zaman baza şərtlərini, o cümlədən bölgədə Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi şərtini kəskin olaraq dəyişib”.
Azərbaycan və Ermənistan arasındakı Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu nəzarətə götürüb.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.