Vəkili: “Hazırda ona qarşı olan ittiham tamamilə cəfəngiyyatdır”
Hazırda həbsdə olan keçmiş deputat Nazim Bəydəmirli özünü “ekologiya məhbusu” sayır.
O düşünür ki, rəsmi ittiham fərqli olsa da, həbsinin əsas səbəbi Gədəbəyin Söyüdlü kəndində yerli sakinlərin keçirdiyi etiraz aksiyasıdır.
Bəydəmirli vəkilə deyib ki, onu Söyüdlüdə baş verən etirazlarla əlaqələndirirlər, əslində isə həmin hadisələrə heç bir aidiyyəti yoxdur.
Bu barədə Meydan TV-yə vəkili Aqil Layıc danışıb.
Vəkil bildirib ki, avqustun 10-da Bakı İstintaq Təcridxanasında Nazim Bəydəmirli ilə görüşüb:
“Nazim Bəydəmirli özünü “ekologiya məhbusu” sayır. Həbsinin yeganə səbəbi Söyüdlüdə baş verən hadisələrdir. Hazırda ona qarşı olan ittiham tamamilə cəfəngiyyatdır”.
Aqil Layıcın sözlərinə görə, müvəkkili Prezident İlham Əliyevə müraciət edərək onu inandırmaq istəyir ki, Söyüdlü hadisələrilə heç bir əlaqəsi olmayıb.
“Ölkə başçısına müraciət ünvanlayaraq, bəyan edir ki, onun Söyüdlü hadisələrilə heç bir əlaqəsi olmayıb, ona verilən informasiya düzgün deyil”, – vəkil bildirib.
Nazim Bəydəmirli müdafiəçisinə deyib ki, deputat olanda prezidentin tapşırığıyla Gədəbəydə qızıl zavodunun açılışında iştirak edib.
“Onun ekoloji təmizliyin qorunmasına dair mediadakı çıxışları, ölkə başçısının açılış zamanı və Söyüdlü hadisələrindən sonrakı çıxışı zamanı qeyd etdiyi nüanslarla üst-üstə düşür. Əgər onun təqsiri bundan ibarətdirsə, təqsirini boynuna alır”, – vəkil Aqil Layıc əlavə edib.
2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli iyulun 4-dən həbsdədir.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələb etmə- xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Cinayət işinin materiallarında iddia olunur ki, o, pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb edib.
Nazim Bəydəmirli iyulun 4-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“bandotdel”) çağırılaraq saxlanılıb. O, ittihamı qəbul etmir, Söyüdlü etirazlarına görə həbs olunduğunu deyir.
Nazim Bəydəmirlinin həbsindən bir neçə gün öncə hökumətə yaxın media orqanlarında Söyüdlü hadisələrinin təşkilatçıları qismində bir neçə nəfərin sırasında Nazim Bəydəmirlinin də adı hallandırılırdı.
Nazim Bəydəmirli özü də “bandotdel”ə çağırılarkən oradan vəkilinə telefon zəngində Söyüdlü hadisələrinə görə saxlandığını bildirib.