Eks-prezident Qazaxıstan hadisələrindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb
“Elita daxilində heç bir münaqişə və ya qarşıdurma yoxdur. Bu barədə yayılan şayiələrin hamısı tamamilə əsassızdır”.
Qazaxıstanın keçmiş prezidentti Nursultan Nazarbayev yanvarın 18-də yayılan video-müraciətində belə deyib. Bu, eks- prezidentin Qazaxıstandakı son etiraz aksiyalarından sonra ictimaiyyət qarşısındakı ilk açıqlamasıdır.
Nazarbayevin bəzi qohumlarının son zamanlar dövlət sektoru, dövlətə yaxın şirkətlərdəki aparıcı vəzifələrindən çıxdıqları bildirilir.
Ötən həftə Tokayev Nazarbayevi ilk dəfə açıq şəkildə tənqid edib. Bildirib ki, onun hakimiyyəti dövründə Qazaxıstanda xeyli gəlirli şirkətlər və həddən artıq zəngin adamlar peyda olub. Tokayev artıq xalqın layiq olduğunu almasının vaxtının çatdığını söyləyib.
81 yaşlı Nursultan Nazarbayev isə açıqlamasında bildirir ki, o, ölkənin postsovet tarixindəki ən dəhşətli zorakılıqlar zamanı Qazaxıstanda qalıb:
“Mən artıq Mərkəzi Asiyanın ən zəngin dövlətinə rəhbərlik etmirəm. 2019-cu ildə səlahiyyətlərimi indiki prezident Kasım-Jomart Tokayevə təhvil vermişəm. Bütün səlahiyyətlər onun əlindədir. Mən isə Qazaxıstanın paytaxtında yaşayıram, heç yerə getməmişəm və təqaüddəyəm. Xaricdə olmağımla bağlı deyilən bütün sözlər şayiədir”, o bildirib.
Qazaxıstanda etirazlar yanvarın 2-də başlayıb.
Əvvəlcə Qərbi Manqistau regionundan başlayan etirazlar artıq bütün ölkəyə yayılıb. İlkin səbəb maye qazın qiymətinin qaldırılması olub. Sonradan etirazların çərçivəsi genişlənib, ümumilikdə ölkədəki korrupsiya, işsizlik, aşağı əməkhaqqı və qiymət artımları da ön plana çəkilib.
Yanvarın 15-də Qazaxıstan Baş Prokurorluğun cinayət təqibi xidmətinin rəhbəri Serik Şalabayev iğtişaşlar zamanı 225 nəfərin öldüyünü, 4578 nəfərin müxtəlif xəsarətlər aldığını deyib.
Xidmət rəisinin sözlərinə görə, ölənlərin 19-u, xəsarət alanların isə 3393-ü hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.
Nursultan Nazarbayevin etirazlar zamanı qəfil yoxa çıxması və dövlət təhlükəsizliyinin keçmiş rəisi Kərim Məsimovun vətənə xəyanət ittihamı ilə saxlanılması keçmiş prezidentlə onun varisi Tokayev arasında fikir ayrılığından danışmağa səbəb olub.
İğtişaşların zirvəsində Tokayev deyib ki, o, Nazarbayevin prezidentlikdən istefa verdikdən sonra geniş səlahiyyətlərdən istifadə etməyə davam etdiyi təhlükəsizlik şurasının sədri vəzifəsini öz üzərinə götürür.
Təhlükəsizlik qüvvələri 19 milyonluq ölkəyə nəzarəti bərpa etdikdən sonra Tokayev deyib ki, o, Nazarbayevin hakimiyyəti altında sərvətlərini qazananların sərvətlərini ictimaiyyətlə bölüşməsini istəyir.
Yanvarın 15-dən etibarən Nazarbayevin hər üç kürəkəni dövlət şirkətlərində və biznes lobbi qrupunda rəhbər vəzifələrdən istefa verib. Tokayev eks-prezidentin qardaşı oğlunu Milli Təhlükəsizlik Komitəsindəki vəzifəsindən azad edib.