Naxçıvanda karantində: 30-dan artıq tələbədə qızdırma 37-ni keçib

H.İsgəndərovun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasına giriş-çıxış bağlandığından hər hansı təhlükə də yoxdur

Fotolar: Meydan TV


“Dezinfeksiyaedici vasitələr yoxdur, sadəcə tualetdə 2 sabun qoyulub”

“100 nəfər eyni otaqda qalırıq. İndi yoxladılar, 30-dan artıq şəxsdə qızdırma 37-dən yuxarıdır. Sabah kimdəsə virus aşkarlansa, bu, hamımızın yoluxduğumuzu göstərəcək”.

Martın 29-da Naxçıvandakı hərbi hissədə karantində olan tələbələr Meydan TV-yə belə deyib.

Adının açıqlanmasını istəyən tələbə deyir ki, hərbi hissənin hələ istifadəyə verilməmiş 5 mərtəbəli yataqxanasına yerləşdiriliblər.

“Əgər əsgər olsaydıq, ideal şərait hesab edilərdi. Amma bura virus qorxusuyla yığılmışıq. Hər mərtəbədə 50 yataq var. Alt-üst, iki nəfərlik. Yəni 100 nəfər eyni qapalı otaqda qalırıq. 6 ümumi tualet var. Hamı ondan istifadə edir. Binada hamam yoxdur, bazar günü hərbi hissənin ümumi hamamından istifadə etməyə icazə verilir. Dezinfeksiyaedici vasitələr yoxdur, sadəcə tualetdə 2 sabun qoyulub. Yeməyi binanın xaricindəki ümumi yeməkxanada yeyirik. Yemək az olsa da, idarə edirik. Yalnız su qıtlığı var. Hərəmizə yarım litrik su verilir”.

Başqa bir tələbə isə buraya yeni gəldiyini deyir:

“Biz dünən gəlmişik. Eşitmişik ki, etiraz edən bir neçə nəfəri aparıb zirzəmidə döyüblər. Bunu hərbçilərin özləri deyir. Amma dəqiq bilmirəm neçə nəfəri döyüblər. Döyülənlər aşağı mərtəbədə saxlanıldığından bizimlə əlaqəsi yoxdur. Ümumiyyətlə, mərtəbələrin bir-birləri ilə əlaqəsi yoxdur".

Tələbələrin sözlərinə görə, onlara 14-21 gün ərzində burada qalacaqları deyilib:

“Hər gün qızdırmamızı ölçməkdən başqa heç nə etmirlər. Bir də sərhəddə dedilər ki, Bakıda yer olan kimi bizi ora aparacaqlar”.

Məsələ ilə bağlı rəsmi açıqlama almaq mümkün olmayıb.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin mətbuat katibi Hüseyn İsgəndərov isə “

Modern.az

”a deyib ki, Muxtar Respublikada koronavirusa yoluxma faktı qeydə alınmayıb.

H.İsgəndərovun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasına giriş-çıxış bağlandığından hər hansı təhlükə də yoxdur:

“Yeganə yerdir ki, burada koronavirus qeydə alınmayıb. Muxtar respublikanın hər yerində, Naxçıvanda, Şərurda, Ordubaddakı bütün təsərrüfat malları mağazalarında, oyun zallarında, diş kabinələrində və əhalinin daha çox istifadə etdiyi yerlərdə viruslara qarşı dezinfeksiya işləri aparılır. Mağazaların girişində insanların əli spirtlənir. Heç nəyə toxunmadan alış-veriş edirlər”.

Nazirlik rəsmisi qeyd edib ki, karantin üçün Qarxun kəndində xəstəxana ayrılıb:

“Amma ümumilikdə yoluxma yoxdur”.

H.İsgəndərov deyib ki, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və s. kimi qurumların əməkdaşları çalışmır: “Biz isə gücləndirilmiş iş rejimində çalışırıq”.

Ana səhifəSosialNaxçıvanda karantində: 30-dan artıq tələbədə qızdırma 37-ni keçib