O, 212 milyondan artıq vəsaiti mənimsəmədə ittiham olunur
Dekabrın 13-də Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmovun həbs olunduğu bildirilir.
Səbail Rayon Məhkəməsindən “Turan”a bildiriblər ki, onun barəsində istintaq orqanının vəsatəti əsasında həbs-qətimkan tədbiri seçilib.
Hicran Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “xüsusi külli miqdarda” vəsaiti, muxtar respublikada tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə 212 milyon 361 min manatı mənimsəmədə ittiham olunur.
Məsələ ilə bağlı Hicran Rüstəmovun vəkilindən münasibət öyrənmək mümkün olmayıb.
Hicran Rüstəmov 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sərəncamı ilə vəzifəyə təyin edilib.
Komitə sədrliyinədək Hicran Rüstəmov Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini vəzifəsində çalışıb.
Hicran Rüstəmovun vəzifədə olduğu illərdə – 2018-ci ildən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 173 milyon 984 min 900 manatlıq inşaat işlərinin yerinə yetirildiyi bidirilir.
Həmin vaxt Hicran Rüstəmov bildirib ki, muxtar respublikanın ali, orta ixtisas və orta ümumtəhsil məktəbləri üçün 10 binanın yenidən qurulması və tikintisi başa çatdırılaraq istifadəyə verilib.
Bir il sonra, 2019-cu ildə isə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 2019-cu ildə muxtar respublikada 187 milyon 979 min manatlıq inşaat işləri yerinə yetirilib.
Rüstəmov deyib ki, 2019-cu il ərzində müasir tələblər əsasında inşa olunmuş yeni obyektlər istifadəyə verilib, sosial problemlərin həllinə xidmət edən infrastruktur sahələri yaradılıb.
Onun vəzifədə olduğu 2018 və 2019-cu illərə aid açıqlanan rəsmi rəqəmlərdə isə ümumilikdə Naxçıvanda şəhərsalma və tikinti işlərinə 361 milyondan artıq vəsaitin xərcləndiyi qeyd olunur.
Naxçıvanda məmurların korrupsiya ittihamı ilə həbs olunması prosesi ötən aydan başlayıb.
Noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) şöbə rəisi Mənsur Əsgərov (132 milyon mənimsəmə), ondan sonra isə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Rafael Əliyev (144 milyon mənimsəmə) barəsində eyni ittihamlar elan edilərək həbs edilib.