Naxçıvana uçuşlar və Azərbaycan–İran sərhədində yük daşımaları bərpa olunub

Fotolar: Meydan TV

Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti yenidən bərpa edilib. Bu gündən etibarən hava limanından uçuşlar planlaşdırılmış cədvəl üzrə həyata keçirilir.

Hazırda hava limanında pilotsuz uçuş aparatının zərbəsi nəticəsində zərər görmüş hissələrdə təmir işləri davam edir.

“Azərbaycan Hava Yolları”nın (AZAL) məlumatına görə, martın 9-dan Bakı–Naxçıvan istiqamətində birbaşa uçuşlar yenidən həyata keçirilir. Şirkət bildirir ki, martın 10-dan etibarən isə bu istiqamətdə reyslər adi qaydada davam edəcək.

AZAL qeyd edib ki, mövcud vəziyyət izlənilir və uçuşların təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görülür. Sərnişinlər uçuş cədvəlində mümkün dəyişikliklər barədə məlumatlandırılacaqlar.

Bununla yanaşı, Azərbaycanla İran arasında dövlət sərhədindən yük avtomobillərinin hərəkəti də bərpa olunub. Nazirlər Kabinetinin məlumatına görə, martın 9-u saat 10:00-dan etibarən bütün növ nəqliyyat vasitələri üçün yük daşımaları, o cümlədən tranzit daşımalar yenidən mümkün olub.

Martın 5-də Naxçıvana İran ərazisindən pilotsuz uçuş aparatları ilə hücum edildiyi bildirildikdən sonra Bakı–Naxçıvan–Bakı marşrutu üzrə bütün uçuşlar ləğv edilmişdi. Həmin gün Azərbaycan hökuməti Azərbaycan–İran sərhədindən yük avtomobillərinin hərəkətini də müvəqqəti dayandırmışdı.

Hökumət bu qərarın Naxçıvanda mülki infrastruktura qarşı həyata keçirilən dron hücumları ilə bağlı təhlükəsizlik səbəbindən verildiyini açıqlamışdı.

Ana səhifəSosialNaxçıvana uçuşlar və Azərbaycan–İran sərhədində yük daşımaları bərpa olunub