Məlahət Nəsibova: “
Nazirliyinin bəyanatı hakimiyyətin İlqarın döyülməsində iştirakı olduğunu bir daha sübut edir”
19.20. Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədbəyli Meydan TV-yə deyib ki, partiyanın Naxçıvan təşkilatının Fərid Əsgərov adlı üzvü olmayıb: “Düzdür, Fərid Əsgərovu Asəf Quliyev AXCP sədrinin müavini olanda, bizə təqdim etmişdi, amma şübhələndiyimizdən üzv qəbul etmədik”.
***
Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyi (DİN) Naxçıvan şəhər sakini İlqar Nəsibovun Naxçıvanda “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi” İctimai Birliyinin ofisində döyülməsi barədə bəzi kütləvi informasiya vasitələrində yayılmış xəbərlərlə əlaqədar məlumat yayıb.
Nazirlikdən apa-ya verilən məlumatda bildirilir ki, baş vermiş hadisə ilə bağlı daxil olmuş məlumat əsasında Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, heç də ictimai birliyin ofisinə hücum edilməyib, hadisə yalnız məişət zəminində baş vermiş davadan ibarət olub.
Məlum olub ki, ictimai birliyin həmtəsisçisi olan İlqar Nəsibov uzun müddətdən bəri yaxın dostluq münasibətləri saxladığı Vətəndaş Həmrəyliyi Partiyası Naxçıvan Muxtar Respublikası təşkilatının sədri olub, Naxçıvan şəhər sakini Fərid Əsgərovla birlikdə ictimai birliyin ofisində vaxtaşırı görüşərək orada içki məclisləri qurublar.
21 avqust 2014-cü il tarixdə axşam saatlarında hər iki şəxs qeyd olunan ünvanda yenə də içki məclisi qurub, orada spirtli içki qəbul ediblər. Həmin vaxt spirtli içkinin təsiri altında olan İlqar Nəsibov və Fərid Əsgərov arasında yaranmış mübahisə sonda əlbəyaxa davaya çevrilib.
Fərid Əsgərov öz izahatında bildirib ki, onlar arasındakı davaya səbəb onun ailə üzvləri haqqında İlqar Nəsibovun işlətdiyi nalayiq və təhqiramiz ifadələr olub.
Hər iki şəxs əlbəyaxa dava zamanı bir-birinə bədən xəsarətləri yetiriblər.
Hazırda Naxçıvan şəhər sakini Fərid Əsgərov polis tərəfindən saxlanılıb. Faktla bağlı inzibati araşdırma tədbirləri davam etdirilir.
“Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi” İctimai Birliyinin sədri Məlahət Nəsibova Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyinin məlumatı ilə Meydan TV-in sualını cavablandırdı.
Məlahət Nəsibova sual etdi ki, indiyə qədər hüquq-mühafizə orqanları hansı hüquq müdafiəçisinin, jurnalistinin, gənc fəalın və siyasətçisinin qarşılaşdığı fiziki zorakılığı normal araşdırıb? Ki, Naxçıvanda da bu cür normal araşdırma gözləyək: “Əslində, hüquq-mühafizə orqanlarının normal araşdırma aparacağına ümid edirdik. Çünki İlqarın döyüləndən sonra yayılan şəkillərini hər hansı vicdansız görsə, hər halda vicdanı titrəyər. Bu mənada Naxçıvan DİN-in vicdanının silkələnəcəyini düşünürdük, görünür, yanılmışıq. Absurddur ki, İlqar Nəsibov oğlu yerində olan uşağa söysün. İkinci, Fərid Əsgərov özü problemini çatdırmaq üçün İlqarı ofisə çağırıb”.
Məlahət Nəsibova dedi ki, Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyinin bəyanatı hakimiyyətin İlqarın döyülməsində iştirakı olduğunu bir daha sübut edir. “Biz əvvəldən də belə düşünürdük və baş verən qəddarlıqda yerli hakimiyyətin iştirakını vurğulayırdıq. Ona görə də hadisəni obyektiv araşdırmayacaqlarını deyirdik. Çünki özləri özlərini ittiham etməyəcəklərki”.