Prezident İlham Əliyev martın 10-da Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişikliklərin tətbiqi ilə bağlı sərəncam imzalayıb.
Dəyişikliklər Milli Məclisin fevralın 2-də qəbul etdiyi Konstitusiya Qanununa əsaslanır.
Ən diqqətçəkən dəyişiklik Konstitusiyanın giriş hissəsi – Preambula ilə bağlıdır. Yeni redaksiyada 1921-ci ildə imzalanmış Moskva və Qars müqavilələrinin adı Konstitusiyanın mətnindən çıxarılıb.
İndiyədək qüvvədə olan mətndə Naxçıvanın muxtariyyətinin əsaslarının 1921-ci il 16 mart tarixli Moskva və 13 oktyabr tarixli Qars müqavilələri ilə müəyyən olunduğu qeyd edilirdi. Həmin sənədlərdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olduğu və ərazi sərhədlərinin müəyyənləşdirildiyi göstərilirdi.
Yeni redaksiyada isə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu vurğulanır. Bildirilir ki, Konstitusiyanın əsasını Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bağlı 1991-ci ildə qəbul edilmiş sənədlər və 1995-ci ildə referendumla qəbul olunan Azərbaycan Konstitusiyası təşkil edir.
Dəyişikliklər Naxçıvanda idarəetmə sistemi ilə bağlı bəzi yenilikləri də əhatə edir. Belə ki, muxtar respublikada Prezidentin səlahiyyətli nümayəndəliyinin yaradılması nəzərdə tutulur. Ali Məclisin seçki və fəaliyyət qaydalarında da dəyişikliklər edilib.
Yeni qaydalara görə, dövlət rəmzləri Azərbaycan bayrağı, gerbi və himni ilə eyniləşdirilir. Ali Məclisə seçkilər Prezidentin təyinatı ilə keçiriləcək, buraxılma və növbədənkənar seçkilərlə bağlı yeni prosedurlar müəyyən olunub. Müharibə şəraitində isə Ali Məclisin səlahiyyət müddətinin uzadılması mümkün olacaq.
Sərəncama əsasən, Nazirlər Kabineti qanunların və Prezidentin aktlarının yeni dəyişikliklərə uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlamalıdır.