İran ərazisindən həyata keçirilən dron hücumları nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanında 4 nəfər xəsarət alıb.
APA-nın məlumatına görə, yaralanan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Xəstəxananın təcili yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirib ki, dron hücumu nəticəsində xəsarət alanlardan 2 nəfərə barotravma, 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Onların vəziyyətinin stabil olduğu və müvafiq şöbələrə yerləşdirildiyi bildirilir.
Bu gün Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, İran silahlı qüvvələri İran ərazisindən pilotsuz uçuş aparatları ilə Naxçıvan Muxtar Respublikasının ərazisinə hücum edib.
Məlumata görə, dronlardan biri Naxçıvan Hava Limanının terminal binasına düşüb. Digər dron isə Şərur rayonunun Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Qurum hücumu pislədiyini və Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün cavab tədbirlərinin hazırlandığını bildirib.
Eyni zamanda Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanat yayaraq mülki obyektlərə qarşı hücumu qınadığını açıqlayıb və hadisəyə görə məsuliyyətin İran tərəfinin üzərinə düşdüyünü bildirib.
Nazirlik hadisəni pisləyərək bunu beynəlxalq hüququn norma və prinsiplərinə zidd addım kimi qiymətləndirib və regionda gərginliyin artmasına səbəb ola biləcəyini qeyd edib.
Bəyanatda İran tərəfinin qısa müddətdə hadisəyə aydınlıq gətirməsi, izahat verməsi və belə halların təkrarlanmaması üçün tədbir görməsi tələb olunur.
XİN həmçinin bildirib ki, İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu nazirliyə çağırılıb və ona etiraz notası təqdim olunacaq.
Müdafiə Nazirliyi isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunması, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin edilməsi üçün cavab tədbirləri hazırlandığını və hücumun cavabsız qalmayacağını açıqlayıb.