Naxçıvan büdcəsi sıxılır: dotasiya kəsilir, əməkhaqqı xərcləri azaldılır, vergi yükü artır

Kollaj: Meydan TV

2026-cı ildən etibarən dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyaların əhəmiyyətli dərəcədə azaldılması gözlənilir. Hətta 2025-ci il üçün nəzərdə tutulan dotasiyaların belə tam icra olunmaması ilə bağlı açıqlamalar var.

Hesablama Palatasının “Naxçıvan Muxtar Respublikasının 2026-cı il üzrə büdcə layihəsinə dair audit hesabatı”nda göstərilir ki, 2025-ci il üzrə Naxçıvan MR-yə ayrılan dotasiyanın təxminən 30 faiz ixtisarı gözlənilir. Belə ki, 2025-ci ilin illik proqnozuna əsasən, Naxçıvan büdcəsinin 57,9 faizi birbaşa mərkəzləşdirilmiş dövlət büdcəsindən daxil olan dotasiyalar hesabına formalaşmalı idi. İllik proqnoz 285,7 mln manat olsa da, faktiki icranın 200 mln manat səviyyəsində olacağı gözlənilir. Qeyd edək ki, bu rəqəm hələlik ötən ilin ilk 9 ayını əhatə edir.

Naxçıvanın büdcə xərcləri tam icra edilmir

Hesablama Palatası audit rəyində bildirir ki, proqnozlaşdırılmış dotasiya məbləğinin artıq qalan hissəsi üzrə sonuncu rübdə də tələb formalaşmayacaq. Əlbəttə, bununla bağlı yekun rəy 2025-ci ilin büdcə icrasına dair rəy açıqlandıqdan sonra aydın olacaq.

 Hələ ki, HP audit rəyindən aydın olur ki, son rüb üzrə nəzərdə tutulan dotasiya tam transfert olunmayıb.

“Aparılan analitik prosedurlara əsasən bildiririk ki, cari ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərclərini tənzimləmək məqsədilə 120 milyon manat dotasiya ayrılıb ki, bu da real tələb olunan vəsaitlə müqayisədə 18,7 mln manat çox olub. Dövlət büdcəsindən ayrılan dotasiyanın gəlir və xərclərin tənzimlənməsi məqsədi daşıdığını nəzərə alsaq, hesabat dövründə bu məqsədlə ayrılmış vəsaitin bir qədər də azaldılması imkanlarının olduğunu qeyd edə bilərik. Belə ki, cari ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri (MBF-nin daxilolmaları istisna olmaqla) 190,1 milyon manat, xərcləri isə 291,4 milyin manat olub. Bu halda gəlir və xərclərin tənzimlənməsi məqsədilə 101,3 mln manat dotasiyanın ayrılması zəruri olduğu halda, dövlət büdcəsindən əlavə olaraq 18,7 mln manat dotasiya istənildiyi qənaətinə gəlinib”, – deyə rəydə qeyd olunur.

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Naxçıvan MR büdcəsinin xərcləri ötən ilin 9 ayı ərzində cəmi 59,8 faiz icra olunub. Cəmi büdcə gəlirləri (dotasiya istisna olmaqla) üzrə proqnozun 99,1 faizi icra edildiyi halda, xərclərdə bu göstərici xeyli aşağı olub. Rəyə əsasən, cari ilin 9 aylıq proqnoz göstəriciləri ilə müqayisədə gəlirlər (dotasiya istisna olmaqla) 34,3 faiz çox, xərclər isə 18 faiz az icra edilib.

2026-ci ilə gəlincə isə, Muxtar Respublikanın cari ilin büdcə layihəsində dövlət büdcəsindən transfertlərin həcmi 211,6 mln manat müəyyən edilib. Bu məbləğ 2025-ci ilin təsdiq edilmiş dotasiya göstəricisindən 74,1 mln manat və ya 26 faiz azdır.

Hesablama Palatasının audit rəyində dotasiyanın azaldılması Naxçıvan Muxtar Respublikasının büdcə icrasında inzibatçılıq tədbirlərinin və fiskal intizamın gücləndirilməsi ilə izah olunur.

Muxtar Respublikasının 2026-cı ildə ümumi büdcə gəlirləri 483,2 mln manat səviyyəsində proqnozlaşdırılır. Bu, 2025-ci ilin proqnoz göstəricilərindən 10 mln manat az, gözlənilən icra göstəricisindən isə 22,5 mln manat çoxdur. Ümumi büdcə gəlirlərində dövlət büdcəsindən transfertlərin payı 43,8 faiz təşkil edəcək.

Cari ildə əhəmiyyətli artım Dövlət Vergi Xidməti xətti ilə daxilolmalarda gözlənilir. DVX üzrə təmin edilməli gəlirlərin həcmi 2025-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə 56,7 milyon manat və ya 29,6 faiz artaraq 248,2 milyon manat olacaq. Cari ilin proqnozu ilə müqayisədə DVX üzrə daxilolmalarda ümumi artım 61,4 mln manat təşkil edir. Bu artım əsasən fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi, əlavə dəyər vergisi, aksizlər və yol vergisi hesabına formalaşacaq.

Qeyri-neft və qeyri-dövlət sektoru üzrə fiziki şəxslərin gəlir vergisinin dərəcələrinin artırımı Muxtar Respublikanın büdcəsinə əlavə olaraq 13,1 mln manat vəsaitin daxil olmasına imkan yaradacaq. Bu istiqamət üzrə daxilolmalar 60 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 27,9 faiz çoxdur.

Dövlət büdcəsindən ayrılan transfertlərdən sonra aksizlər Muxtar Respublika büdcəsinin ikinci ən böyük gəlir mənbəyi hesab olunur. Cari ildən etibarən bəzi məhsullar üzrə aksiz dərəcələrinin artırılması Naxçıvan MR büdcəsində bu mənbə üzrə daxilolmaların 2,6 faiz artaraq 76 milyon manata çatacağı proqnozlaşdırılır.

Sadələşdirilmiş vergi üzrə daxilolmalarda isə 10 faiz azalma proqnozlaşdırılır.

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 2026-cı il üzrə 17,5 mln manat büdcə daxilolması gözlənilir ki, bu da 2025-ci ilin təsdiq edilmiş göstəricisindən 5,5 mln manat çoxdur.

Əməyin ödənişi xərclərində kəskin ixtisarlar aparılacaq

2026-cı ildə Naxçıvan MR büdcəsinin xərcləri 483,2 mln manat proqnozlaşdırılıb ki, bu da 2025-ci ilin təsdiq edilmiş büdcə xərclərindən 4,4 faiz azdır. Növbəti ildə büdcənin 6 bölməsi üzrə azalma nəzərdə tutulur: “Ümumi dövlət xidmətləri”, “Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq”, “Mənzil və kommunal təsərrüfatı”, “Kənd təsərrüfatı”, “Ətraf mühitin mühafizəsi” və “Əsas bölmələrə aid edilməyən xidmətlər”.

Növbəti büdcə ili üzrə ən böyük azalma “Ümumi dövlət xidmətləri” bölməsi üzrə olacağı müəyyən edilib. Aparılan təhlillərə əsasən, cari büdcə ilində Naxçıvan MR büdcəsində bu bölməsi üzrə xərclərin 9,3 milyon manat və ya 11,2  faiz azaldılması proqnozlaşdırılır. Hesablama Palatasının rəyində qeyd edilir ki, azalmanın böyük hissəsi – 7,5 mln manat və ya 80,6 faizi  “Əməyin ödənişi” bölməsinin payına düşür.  Bu təsnifat bölməsi ilə bağlı xərcin azaldılması, Muxtar Respublikada büdcə təşkilatlarında çalışanlar arasında ixtisarların aparılacağına dair ehtimalları artırır.

Ana səhifəİqtisadiyyatNaxçıvan büdcəsi sıxılır: dotasiya kəsilir, əməkhaqqı xərcləri azaldılır, vergi yükü artır