NATO Ukraynaya görə qüvvələrini hazır vəziyyətə gətirdiyini, şərqi Avropaya əlavə gəmilər və qırıcı təyyarələr göndərdiyini bəyan edib. Alyansın Baş katibi Yens Stoltenberq bildirib ki, NATO bütün müttəfiqlərinin qorunması və müdafiəsi üçün gərəkən addımları atacaq, eyni zamanda Alyansın şərq hissəsini gücləndirəcək.
Eyni zamanda bəzi Qərb ölkələri, Almaniya Britaniya və Birləşmiş Ştatlar Ukraynadan səfirlik işçilərinin bir qismini və ailə üzvlərini çıxarmağa başladığını elan edib. Dövlət Departamenti amerikalılara Ukraynaya getməməyi tövsiyə edib.
Avropa İttifaqı Rusiya ilə münaqişənin nəticələrini aradan qaldırmaq üçün Ukraynaya 1.2 milyard avro həcmində maliyyə paketi elan edib. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen deyib ki, bu paket Ukraynaya münaqişədən dolayı artan maliyyə ehtiyaclarını yoluna qoymağa kömək edəcək. Paket həm fövqəladə kreditlər, həm də qrantlardan ibarət olacaq.
Kremlin sözçüsü Dmitri Peskov isə bəyan edib ki, Birləşmiş Ştatlar və NATO “informasiya isteriyası” və “konkret addımlar”la gərginliyi artırır. O, Ukrayna əsgərlərinin rusiyapərəst separatçılara qarşı hücum riskinin “çox yüksək” olduğunu deyib.
Dövlət katibi Entoni Blinken yanvarın 23-də Rusiyaya qabaqlayıcı sanksiyaları rədd edib, belə bir addımın Moskvanı Ukraynaya potensial təcavüzdən çəkindirmək istəyən Qərbin gücünə zərbə vuracağını deyib.
İrlandiyanın Xarici işlər naziri Simon Koveney isə bildirib ki, Rusiya Dublinə İrland dənizindəki beynəlxalq sularda donanma təlimləri keçirəcəyi haqda bildiriş göndərib. Sitat: Bunun qarşısını almaq gücümüz yoxdur, amma Rusiyanın İrlandiyadakı səfirinə bunun alqışlanası hərəkət olmadığını demişəm. Hərbi fəaliyyəti və gərginliyi artırmaq zamanı deyil.