NATO-nun Baş katibi Tbilisiyə səfər edəcək
NATO-nun 24 üzv ölkəsindən və partnyor ölkələrindən təxminən 350 nəfərlik işçi qrup martın 18-də Gürcüstanda 11 gün davam edəcək birgə hərbi təlim keçirəcək, – Azadlıq Radiosu xəbər verir.
NATO-Gürcüstan 2019 hərbi təlimi Tbilisi yaxınlığında Krtsanisi Milli Təlim Mərkəzində keçiriləcək. Təlimlər 29 marta qədər davam edəcək.
Bu təlim "Gürcüstan üçün mühüm bir məşqdir və NATO-Gürcüstan hərbi-siyasi əməkdaşlığının gücləndirilməsində mühüm mərhələdir", – Qərb hərbi birləşməsi bəyan edib.
NATO-nun Baş katibi Jens Stoltenberq Gürcüstanın rəhbərliyi ilə görüşmək və məşqlərdə iştirak etmək üçün təlim zamanı Tbilisiyə səfər edəcək.
Stoltenberq martın 6-da Brüsseldə jurnalistlərə bildirib ki, "bu, müntəzəm olaraq həyata keçirilən bir təlimdir və NATO və Gürcüstanın yaxın tərəfdaş olduğunu göstərir".
İlk NATO-Gürcüstan təlimləri 2016-cı ildə keçirilib.
2008-ci ildə keçirilmiş zirvə görüşündə NATO razılaşdı ki, Gürcüstan sonradan ittifaqa daxil olacaq, amma heç bir dəqiq tarix verilməyib, baxmayaraq ki, Gürcüstan üçün üzvlük perspektivi hər zaman NATO sammitlərində qeyd edilir.
Moskva NATO-nun daha da genişlənməsinə, xüsusən də Gürcüstan və Ukraynaya bu quruma üzv olmasına açıq şəkildə qarşı çıxıb. Kiyev də NATO-ya üzv olmaq istəyir.
2008-ci ilin avqustunda Gürcüstan Rusiya ilə qısa müharibə aparıb və Moskvanın Gürcüstan ərazisində hərbi iştirakını davam etdirməsi bölgədə gərginliyi artırmağa davam edir.