“Layihə baş tutmayacaq, çünki sistem zaydır”
““Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qeyd edilənlər yaxşı arzular, istəklərdir, amma ciddi sənəd deyil. Çünki burada əsas məsələdən yan keçilib. Bu gün ölkədə olan ciddi problemlər iqtisadiyyatdan qaynaqlanmır, sosial problemlərə baxışdan doğmur – əsas məsələ siyasi və idarəetmə sistemidir”.
İqtisadçı Natiq Cəfərli belə deyir.
Prezident İlham Əliyev fevralın 2-də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda Prezident Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i təsdiq edib.
Nazirlər Kabinetinə tapşırıb ki, layihəni doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.
Prezident layihəni hazırlayarkən qabaqcıl beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini, aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunmasını, Milli Prioritetlərin həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsini də tapşırıb.
Natiq Cəfərli deyir ki, layihə baş tutmayacaq: “Azərbaycanda indiki şəraitdə istənilən konsepsiyanın, istənilən Yol Xəritəsinin ilk hissəsi siyasi və sitem islahatlarından, idarəetmənin fəlsəfəsinin dəyişdirilməsdən ibarət olmalıdır. Başqa yanaşma, sadəcə, özümüzü, cəmiyyəti aldatmaqdan ibarət olacaq. Bundan başqa, eyni konsepsiya bir neçə il öncə də qəbul edilmişdi: “Azərbaycan-2020”. Artıq 2021-ci ildir, o sənədin 1 hədəfinə belə çata bilmədik, çünki sistem hələ də zaydır”.
Daha öncə sənədlə bağlı danışan iqtisadçı Rövşən Ağayev isə bildirirdi ki, əksmərkəzləşmə olmayınca bu kimi sənədlərin effekti olmayacaq:
“Əksmərkəzləşmə hesabatlılıq, iştirakçılıq, şəffaflıq, ictimai nəzarət, ən aşağı pillədən ən yüksək pilləyədək idarəetmənin vətəndaşın səsindən asılı olması deməkdir. Xüsusilə sənəddə tarazlı bölgə inkişafından, inklüziv və dayanıqlı inkişafdan söhbət gedirsə, sovetlərdən miras qalan hazırkı yüksək mərkəzləşmiş idarəetmə ilə bu imkansızdır”.