Arif Hacılı: “Hüquqi və siyasi müstəvidə addımlarımız davam edəcək”
ReAL Partiyası 16 fevral aksiyası zamanı polislərin davranışı ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir.
Bunu Meydan TV-ə partiyanın təmsilçisi Natiq Cəfərli deyib.
O namizədlərin şikayətlərinin hazlırlanıb, müvafiq qurumlara göndərildiyini deyib:
“Ən azından partiya üzvlərinə qarşı qeyri-insani davranışlar, onları aparıb çölün düzündə qoyulması faktı ilə bağlı məhkəmələrə müraciət edəcəyik. Əgər məhkəmələr bizi razı salan qərarlar qəbul etməyəcəklərsə, Avropa Məhkəməsinə qrup şəklində şikayətlər göndərəcəyik. Hazırda partiyanın hüquqşünaslar komandası bu məsələnin üzərində çalışır”.
Natiq Cəfərli növbəti aksiyaların keçirilməsi istiqamətində maraqlı siyasi tərəflərlə danışıqlar apardıqlarını söylədi:
“Çox güman ki, yaxın günlərdə müxtəlif fikirlər dəyərləndiriləcək, bundan sonra qərarlar veriləcək. Bizim əsas tələbimiz 9 fevral seçkilərinin tamamilə ləğv edilməsi, yeni seçkilərin keçirilməsidir”.
Müsavat Partiyasının başqanı Arif Hacılı hüquqi və siyasi müstəvidə addımların davam etdiriləcəyini bildirib.
Müsavat başqanı xatırladıb ki, 100-ə qədər seçki dairəsi barədə şikayət ərizəsi verilib:
“Müsavat Partiyasının isə 42 namizədi şikayət ərizəsi təqdim edib. Bu, ümumi seçki dairələrinin üçdə birindən çoxdur. Eyni zamanda, müstəqil namizədlər və başqa seçki blokundan olanlar da şikayətlər verib. Təxminən 500 namizəd DSK və MSK-ya şikayət ərizəsi ilə müraciət göndərib. Hüquqi müstəvidə Konstitusiya Məhkəməsinə qədər şikayətlər davam edəcək. Siyasi müstəvidə görüləcək işlərlə bağlı hazırda müzakirələr aparılır”.
O, etiraz aksiyaların keçiriləcəyini istisna etməyib.
D18 Hərəkatının İdarə Heyətinin üzvü Samirə Ağayeva hazırda aksiyaların davam etdirilməsi yönündə müzakirələrin getdiyini təsdiqlədi.
O, fevralın 16-da polisin davranışı ilə bağlı hüquqi müstəvidə addımlar atacaqlarını bildirdi.
Fevralın 16-da
Müsavat, ReAL partiyaları, “D18” Hərəkatı və müstəqil namizədlər Mərkəzi Seçki Komissiyasının qarşısında aksiya keçirməyə cəhd edib. Ancaq aksiyanın başlanmasına bir neçə saat qalmış təşkilatçılar saxlanılıb. MSK qarşısına gələn insanlar da saxlanılaraq şəhərdən kənara aparlıblar. Müsavat Partiyasının başqanı Arif Hacılı “Bayraq Meydanı”na, ReAL Partiyasının sədri İlqar Məmmədov Şamaxıya, D18 hərəkatının sədri Ruslan İzzətli Yevlaxa aparılaraq, orada sərbəst buraxılıblar.