"Ən dəhşətlisi budur ki, qıfıllanmış dünyada 10 mln. barel günlük hasilatın azalması belə işə yaramır“
Yenə dünya birjalarında neftin qiyməti ucuzlaşır.
Londonun ICE (
“InterContinental Exchange Futures”
) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,18 dollar geriləyərək 33,93 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,48 dollar ucuzlaşaraq 27,86 dollar təşkil edib.
Müstəqil iqtisadçılar daim deyirlər ki, neftin ucuzlaşması Azərbaycan kimi neftdən asılı olan ölkələr üçün ağır nəticələnə bilər.
Məsələn, Azərbaycanın 2020-ci ilin büdcəsində neftin bir barelinin qiyməti 55 dollardan hesablanıb. Təxminən hazırki qiymətin iki misli qədər. Bu, o deməkdir ki, Azərbaycan hazırki neft satışının hər barelində itirir.
İqtisadçı Natiq Cəfərli deyir ki, neftin yaxın aylar üçün taleyi aprelin 9-da müəyyən ediləcək. Həmin gün OPEC və Rusiya (əslində Səudiyyə və Rusiya) görüş keçirəcək. Həmin görüşdə müəyyən qərarların alınması gözlənilir:
“Ən maraqlı məsələ budur ki, Tramp və ABŞ dünyada neft qiymətlərinə təsir edən başlıca güc kimi yenə özünü göstərdi. Məsələnin məğzi nədir? Xatırlayırsınızsa, neft 70 dollara qalxan kimi Tramp bir “twit” atdı və OPEC+ formatını təhdid etdi. Bildirdi ki, qiymətləri süni yolla yuxarı çəkirlər. Bu isə ABŞ üçün məqbul deyil. Baha neft qiyməti daha baha benzin deməkdir. Amerikalılar üçün bu, qəbuledilməzdir”.
İqtisadçı bildirir ki, ABŞ seçicilərinin səsvermədə ən çox fikir verdiyi məsələ benzin qiymətləridir. Çünki ABŞ avtomobil ölkəsidir. Burada hər 1000 nəfərə 838 avtomobil düşür.
“Bu da dünyada ən yüksək göstəricilərdən biridir. Tramp prezident seçilən il ABŞ-da 1 qallon benzinin (3,7 litr) ölkə üzrə orta qiyməti (ştatdan ştata fərqlənirdi) 2,5 dollar civarında idi. Keçən ilin sonunda 1 qallon benzinin qiymət 4 dollar civarında oldu. Bu da Trampın xoşuna gəlmədi. Buna görə ard-arda “twit” yazaraq qiymətləri bir az aşağı çəkməyi bacardı. O zaman da təhdid dolu bəyanatları olurdu. Hətta OPEC-lə bağlı “kartel sövdələşməsi” məsələsini məhkəməyə verməyi düşünürdülər. Trampın istəyi o idi ki, neft 45-50 dollar civarına çəkilsin. Benzinin qallon qiyməti də 3 dollardan aşağı olsun. Bu zaman seçkilərdə şansı artırdı. Həm də ABŞ-ın irili-xırdalı neft istehsalçıları üçün 45-50 dollar koridoru çox konfortlu qiymət aralığı idi”.
Natiq Cəfərli deyir ki, martın əvvəlində OPEC-də razılaşma pozuldu. Rusiya və Səudiyyə anlaşmadılar və qiymətlər kəskin düşdü:
“Rusiyanın öz oyunu vardı. ABŞ istehsalçılarını bazardan sıxışdırıb çıxartmaq, amma əsas hədəf bu da deyildi: Məqsəd qazın da qiymətini ucuzlaşdıraraq ABŞ-ın Avropaya sıxılmış qaz satmaq ideyasını puça çıxartmaq idi. ABŞ aqressiv şəkildə Avropaya sıxılmış qaz (LNG) satmağa başlamışdı. Bu il isə satış həcmini 80 mlrd. m3-ə çatdırmağı palanlaşdırırdı. ABŞ qazı daha bahadır. Çünki logistika və əməliyyat xərcləri daha çoxdur. Rusiya isə borular vasitəsilə ildə Avropaya 150 mlrd. m3 qaz satır. Bir neçə ay daha ucuz satmağa razı idi ki, təki ABŞ o bazara girə bilməsin. Məncə, Kreml bu planı keçən ilin sonunda təsdiqləmişdi. Çünki OPEC+ formatında növbəti görüşün məhz martda olacağı öncədən bilinirdi. Martın əvvəlində isə hələ dünya tam “qıfıllanmamışdı”. Kreml virusun təsirlərinin miqyasını anlamadı deyə, anlaşmanı pozdu”.
İqtisadçı deyir ki, bu dövrdə Səudiyyə məsələnin ciddi olacağını bildiyindən daha böyük hasilat kəsintisinə getməyi təklif etmişdi:
“Amma bu, Səudiyyənin ağlının məhsulu deyildi – Böyük Qardaşı, ABŞ məhz belə məsləhət görmüşdü. Məncə, ABŞ Rusiyanın qərarlarından öncədən xəbəri var idi. Həm də virusun daha geniş karantin tədbirlərinə səbəb olacağını hesablamışdı. Amma olan oldu, OPEC+ anlaşması pozuldu, neft 10 dollar ucuzlaşdı. Bu hadisədən cəmi 5 gün sonra DST (Dünya Səhiyyə Təşkilatı) dünyada pandemiya elan etdi. Bundan sonra ölkələr ard-ardına qapanmağa, karantin tədbirlərini sərtləşdirməyə başladılar. Nəticədə dünyanın üzərinə qıfıl vuruldu. Bu isə dünyada neft istehlakını ilk həftə 8 faiz, sonra 15 faiz, bu günə isə 25-30 faiz azaltdı. Nəticədə neft qiymətlərində “sərbəst düşmə” başladı. Birja qiymətləri ilə spot (günlük real satış) qiymətləri arasında uçurum yarandı”.
İqtisadçı deyir ki, bu gün dünyada günlük 101 mln. barel neft hasil olunur. Günlük istehlak isə 65-70 mln. barelə düşüb. Dünya neftdə üzür, xammalı saxlamağa rezervuarlar, tankerlər çatışmır:
“ABŞ neft istehsalçılarının hər barel üçün maya dəyəri 25-35 dollar arasında dəyişir (şirkətin böyüklüyü, logistik imkanları, texnologi vəziyyətinə görə), bu günkü qiymətlər ABŞ istehsalçılarının 80 faizinin müflis olması deməkdir. Amma orda da bir “pəncərə” var: ABŞ-da bütün neft istehsalçıları həmişə öz fəaliyyətlərini sığortalayırlar (hedging). Bu, onlara yaxın həftələrdə dözməyə imkan verəcək. Amma qiymətlər 2 ay 20-25 dollarda qalsa, çoxu müflis olacaq. ABŞ-da bu sahədə yüzminlərlə insan çalışır. Məhz buna görə yenə Tramp “twit” qılıncını əlinə alıb, işə müdaxil oldu. Rusiyanı və Səudiyyəni təhdid edir ki, birlikdə hasilatı 10-15 mln. barel azaltsınlar. ABŞ özü isə hasilatı azaltmaq istəmir, deyir, “bizdə 3300 iri-xırda şirkət var, dövlət onlara söz deyə bilməz””.
Natiq Cəfərliyə görə, həm texniki, həm iqtisadi, həm də məntiq olaraq Rusiya və Səudiyyə hasilatı birdən-birə 10-15 mln. barel azalda bilməz. İkisinin birlikdə günlük hasilatı 21 mln. bareldir. Gərək hər bir ölkə azı 5-6 mln. barel kəsintiyə getsin. Bu isə mümkün deyil:
“Ən dəhşətlisi budur ki, qıfıllanmış dünyada 10 mln. barel günlük hasilatın azalması belə işə yaramır. Kəsinti ən azı 20 mln. barel olmalıdır ki, neft 35-40 dollar karidoruna yerləşsin. Bu isə dediyim kimi heç texniki olaraq da mümkün deyil”.
İqtisadçı düşünür ki, aprelin 9-da bazara sözlü müdaxilələr real işlərdən daha çox olacaq. Təqribən, 5-6 mln. barel kəsintiyə gedəcəklər. Bunun 3-3,5 mln. barelini Səudiyyə öz üzərinə götürəcək:
“Rusiya da 1,5-2 mln. barel azaltma ilə bağlı öhdəlik götürə bilər. Qalan həcmi isə iri-xırda ölkələrin belinə yükləyəcəklər. Biz əvvəl OPEC+ anlaşmasında 20-30 min barel günlük kəsintiyə boyun olmuşduqsa, indi 50 min barel bizə yükləyəcəklər. Amma bunun yetərli olmadığını hamı gözəl bilir. Ona görə də sözlü müdaxilələr daha çox olacaq ki, bəs gələcəkdə 15-20, hətta 35 mln. barel də hasilatı azalda bilərik. Belə sözlü müdaxilələrlə bazarı diri tutmağa, heç olmasa, 35-40 dollar qiymət koridoruna çatmaq istəyirlər. Məsələn, Putin dedi ki, 42 dollar qiyməti Rusiya üçün ideal olar”.
Sonda Natiq Cəfərli bildirir ki, anlaşmanın olmama ehtimalı da var. Belə olsa 5-ci gün birjalarda neft, demək olar ki, havayı olacaq. Qiymət 10-15 dollara düşəcək.
Neftin dünya bazarında ucuzlaşmasına bir səbəb də Çində yaranıb dünyaya yayılan COVİD-19 virusudur. Virusun daha böyük əhatədə yayılmasının qarşısının alınması üçün bir sıra dövlətlər qonşu ölkələrlə sərhədlərini qapayıb, beynəlxalq uçuşlara məhdudiyyət tətbiq edib, bir çox ölkələrdə sadə insanların evdən çıxması yasaqlanıb. Nəticədə neftə tələbat kəskin düşüb.
Artıq koronovirusdan dünya üzrə ölənlərin sayı 70 minə yaxınlaşır.
2020-ci ilin əvvəlində neftin qiyməti 70 dollar/barel, martın əvvəlində isə 50 dollar/bareldən çox olub.
Azərbaycan neftinin bir barelinin qiyməti ən son 2001-ci ilin dekabrında minimuma enmişdi. Bu zaman qiymət 19,15 dollar olmuşdu. 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollara qalxmışdı. Bu gün isə 24,14 dollardan təklif edilir.