Şahbaz Xuduoğlu mədəniyyət nazirinin müavini ilə görüşüb
Mədəniyyət Nazirliyi “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli və “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun birgə layihəsi olan “Təkərli kitab dükanı”nın Bakı Beynəlxalq Kitab sərgisində nümayişinə icazə verib.
Şahbaz Xuduoğlu Meydan TV-yə bildirib ki, məsələ ilə əlaqədar Mədəniyyət nazirinin müavini Fərid Cəfərovla görüşüb:
“Görüş zamanı nazirlik belə bir əsas gətirdi ki, sərginin keçirilməsi nəzərdə tutulan Bakı Ekspo Mərkəzi bizə icazə vermir. Nazirlik bildirdi ki, binanı kirayə götürüblər, sərgini binada keçirəcəklər. Amma dedi ki, binanın qarşısı ilə bağlı bizim sərəncamverici hüququmuz yoxdur”.
“Mən çox sadə məntiqlə çıxış etdim ki, əgər siz şadlıq evini kirayə götürürsünüzsə, toya gələnlərin “parkovka”sı ilə bağlı da şadlıq evi ilə ayrıca razılaşmırsınız. Bu, artıq avtomatik həll olunur. Bakı Ekspo Mərkəzi necə qadağan edə bilər ki, sərgi keçirilən binanın qarşısında maşın saxlamaq olmaz. Bu, düzgün deyil. Onlar Bakı Ekspo Mərkəzi ilə təkrar danışandan sonra binanın qarşısında layihəmizi təqdim etməyə icazə verdilər. Bizim şərtimiz qəti idi. Ya biz bu layihəni təqdim edirik, ya da ümumiyyətlə, sərgiyə qatılmırıq”, – deyə Şahbaz Xuduoğlu bildirib.
Noyabrın 6-da Şahbaz Xuduoğlu “Facebook” səhifəsində yazmışdı ki, Mədəniyyət Nazirliyi “Təkərli kitab dükanı”nın Bakı Beynəlxalq Kitab sərgisində nümayişinə icazə vermir:
“Bu, sosial layihədir, öz hesabımıza başa gəlib. Kənar bir qəpik dəstək olmayıb. Oxucuların təşəkkürü, uşaqların sevinən baxışlarından başqa heç kimdən heç nə gözləmirik. Məqsədimiz regionlara, kəndlərə gedib kitabı təbliğ etməkdir. Bu, vətənimizə, insanımıza, mədəniyyətimizə və dövlətimizə sevgidən irəli gəlir”.
Naşir həmçinin qeyd etmişdi ki, Bakı Beynəlxalq Kitab Sərgisində iştirak üçün ödəniş edib:
“74 kvadrat metrlik yer üçün biz 12 min manat pul ödəmişik. “Təkərli kitab dükanı”nın təqdimatını da salonda yox, həyətdə, “parkinq” yerində etmək istəyirik. Amma Mədəniyyət Nazirliyi buna icazə vermir. Bu elə Fatmayidə Mədəniyyət evinin müdirinin davranışına bənzəyir”.
“Təkərli kitab dükanı” layihəsi bu ilin oktyabrında yaradılıb.
Nigar Köçərli layihə haqqında danışarkən deyib ki, ucqar kəndlərdə kitab mağazaları və kitabxanalar yoxdur.
Layihənin məqsədi ucqar rayonlarda da kitabların əlçatan edilməsidir:
“Məqsədimiz o kəndlər və oralarda yaşayanlar üçün kitabı əlçatan etməkdir. Yaşayış yeri insanın inkişafına əngəl olmalı deyil. Ucqarlarda yaşadıqları üçün kitabı əldə edə bilmirlərsə, demək biz kitabla onlara doğru getməliyik. O kəndləri 1-2 manatlıq kitabla təmin etməklə yanaşı, söz və sənət adamlarını, yazarları, şairləri özümüzlə aparıb, ulduzlu səma altında, bir tonqal ətrafında maraqlı müzakirələr açmaqla kitabı insanlara daha çox sevdirəcəyik”.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 11-15 noyabrda Bakı Ekspo Mərkəzində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçiriləcək.