“Mövcud qeyri-müəyyənlik vergi ödəyiciləri üçün çaşqınlıq yaradıb”
“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Baş nazir Əli Əsadova açıq məktub ünvanlayıb.
Naşir məktubu “Facebook” səhifəsində paylaşıb.
Onun müraciəti kitab üzərində hələ də qanunsuz olaraq Əlavə Dəyər Vergisinin (ƏDV) saxlanılması ilə bağlıdır:
“Ölkəyə gətirilən hər növ kağız və kitablardan gömrükdə 18 faiz daha çox ödəməyə məcburuq. Eləcə də, kitab dükanlarında hər satlan kitabın qiymətindən 18 faiz ödənilir. Qanuna görə yanvar ayının 1 dən kitaba aid nə varsa, hər növ kağız və kitab satışı 18 faizdən azad olmalı idi. Göründüyü kimi qanuna əməl edilmir. Baş nazirdən xahiş edirəm ki, bu məsələyə aydınlıq gətirilsin”.
Xuduoğlu bildirib ki, məktubu rəsmi qaydada yollayıb. Sosial şəbəkədə paylaşmaqda məqsədi icitimai diqqəti bu məsələyə cəlb etməkdir.
O, həmçinin diqqəti kağız və kitabın vergidən azad olunması ilə bağlı Vergi Məcəlləsindəki bəndlərə çəkib. 164.1.7. və 164.1.8-ci maddələrə aydınlıq gətirilməsini istəyib:
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli Qanununun 1.59.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 164.1.7-ci və 164.1.8-ci maddələri (Maddə 164.Vergi ödəməkdən azad edilmə) yeni redaksiyada verilib.
Bununla da həmin Qanunun 2.7-ci maddəsinə uyğun olaraq 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş bu dəyişikliyə əsasən:
1) “164.1.7. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı”;
2) “164.1.8. mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla)” cari ilin əvvəlindən ƏDV-dən azad edilib.
Eyni zamanda, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli 1533 nömrəli Fərmanının 2, 2.1 və 2.1.2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə üç ay müddətində həmin Məcəllənin 164.1.7-ci maddəsinə uyğun olaraq, kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi tapşırılmışdır.
Naşir deyir ki, ƏDV-dən azadolma ilə bağlı qanunun tətbiqi 2022-ci il yanvarın 1-dən nəzərdə tutulsa da, 164.1.7-ci maddədəki siyahı tələbi və fərmandakı müvafiq göstəriş bunu qeyri-mümkün edib.
Digər tərəfdən, artıq 4 ay keçməsinə baxmayaraq, Nazirlər Kabineti sözügedən siyahını təsdiq etməyib:
“Bu səbəbdən mövcud qeyri-müəyyənlik hələ də ƏDV ödəməli olan nəşriyyat-poliqrafiya və kitab satışı sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri üçün çaşqınlıq yaradıb. Baş nazirdən Vergi Məcəlləsinin 164.1.7. və 164.1.8-ci maddələrinin tətbiqi məsələsinə aydınlıq gətirilməsini xahiş edirik”.
Şahbaz Xuduoğlu məsələ ilə bağlı “Meyart” verilişinin 23 aprel buraxılışında danışıb.
Qanunun şərti xarakter daşıdığını deyib.
“Əgər bu qanun işləməyəcəkdisə, niyə qəbul olunurdu?”, – naşir müsahibəsində deyib.
2021-ci il dekabrın 3-də Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda kağız və kitab 18 faiz ƏDV-dən azad olunub.
Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minib.