Şamil Abduləliyevin atası: “Ayağı kəsilməlidir, artıq çürüyür, bu da bütün bədəninə zəhərlənmə təhlükəsi yaradır”
Nizami Rayon Məhkəməsində Nardaran məhbusu, 2015-ci il noyabrın 26-da ona vurulan 3 güllədən ikisini hələ də bədənində gəzdirən Şamil Abduləliyevin şikayətinə baxılıb. Ş.Abduləliyev məhkəməyə şikayətində göstərib ki, dəfələrlə özünün, atasının və vəkilinin müvafiq dövrlər orqanlarına şikayətlərinə baxmayaraq, beş ildir, iki güllə bədənindən çıxarılmır. Bunun da nəticəsində bir müddət əvvəl güllə olan ayağının amputasiya olunması ehtimalı vardısa, indi artıq bütövlükdə həyatını itirmək təhlükəsiylə üz-üzədir.
Ş.Abduləliyevin atası Adil Abduləliyevin Meydan TV-yə verdiyi məlumata görə, oğlu hazırda 15 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Onun sağlıq durumuyla əlaqədar cəzasının qalan hissəsindən azad edilməsi barədə ərizəsinə baxılarkən özünü məhkəmə gətirməyiblər. Elə saxlandığı müəssisədən videogörüntü vasitəsilə prosesə qoşulub.
Ş.Abduləliyev səhhətindəki problemlərlə əlaqədar bir müddət Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılıb. O müddətdə onu Kliniki Tibbi Mərkəzin həkimləri müayinə edib, kompüter-tomoqrafiyadan keçiriblər: “Hələ o vaxt həkimlər demişdi ki, güllələrin qalması fəsadlar yaradıb. Sağ ayağı həddindən artıq nazilib, 10 santimetr kiçilib. Bunu gözlə də görmək olur. Onda həkimlər demişdi ki, təcili əməliyyat olunmalı, güllələrin hər ikisi sağ ayaqdan çıxarılmalıdır. Əməliyyata qədər də sağ ayağın təcili fizioterapiya edilməsini tövsiyə eləmişdilər. Xəbərdarlıq eləmişdilər ki, əməliyyat geciksə, müalicə olunmasa, sağ ayağı kəsilə bilər. Vaxtında eləmədilər. Həkimlər deyir ki, güllə qalmış ayaq artıq kəsilməlidir”.
A.Abduləliyevin sözlərinə görə, dəfələrlə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə müraciət ediblər. Onlara bildirilib ki, növbəyə yazılıb, sırası çatanda əməliyyat olunacaq:
“Artıq beş ilə yaxındır ki, əməliyyat üçün sırası çatmır. Ağrıları çox şiddətlənib. Anası onun başına gələnlərə dözməyib vəfat etdi. Hazırda ağrıkəsicilər də kömək eləmir, ayağını qatlaya bilmir. Ayağı tamamilə yararsız vəziyyətdədir. Yalnız əməliyyat və amputasiya ilə onun özünü xilas eləmək olar. Ayağı artıq çürüyür, bu da bütün bədəninə zəhərlənmə təhlükəsi yaradır. Belə bir vəziyyətdə onun cəza çəkməsi, həbsdə saxlanması ədalətli deyil”.
35 yaşlı Ş.Abduləliyev ali təhsillidir. Həbsindən öncə Dövlət Gömrük Komitəsində çalışıb. Dediyinə görə, onun ilahiyyatçı Taleh Bağırzadəyə qarşı münasibətini biləndən sonra işdən çıxarıblar. 7 yaşlı bir qızı var.
Məhkəmənin qərarıyla Ş.Abduləliyev barəsində tibbi şəhadətləndirilmə təyin edilib. Bunu Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Xüsusi Həkim Ekspert Komissiyası həyata keçirib. Komissiya belə nəticəyə gəlib ki, hazırkı durumu onun həbsdə saxlanmasına, cəza çəkməsinə imkan verir.
Prokuror da Ş.Abduləliyevin həbsdən buraxılmasına etiraz edib.
Hakimin qərarı da prokurorun mövqeyinə uyğun olub – Ş.Abduləliyevin ərizəsi təmin edilməyib.
Ş.Abduləliyevin vəkili Zibeydə Sadıqova bildirib ki, qərardan apelyasiya şikayəti veriləcək. Vəkilin sözlərinə görə, cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etməlidir: “Şamil Abduləliyev artıq əlildir, ayağı amputasiya edilməlidir. Əks halda, həyatı böyük risk altındadır. Himayəsində azyaşlı uşağı var, özü də artıq beş ilə yaxındır ki, həbsdədir. Belə vəziyyətdə o, nə yeni cinayət törədə bilər, nə də sosial ədalət pozula bilər. Ali təhsilli, mədəni adamdır. Həbsdə olduğu dövrdə cəzaçəkmə müəssisəsinin qaydalarını heç vaxt pozmayıb”.
Ş.Abduləliyev 2015-ci il noyabrın 26-da Nardaranda ilahiyyatçı Taleh Bağırzadə və digərlərinin həbsi, ikisi polis, dördü yerli sakin olmaqla, 6 nəfərin öldürüldüyü polis əməliyyatı nəticəsində güllələnib. Əməliyyatdan sonra onu yerli sakinlər xəstəxanaya çatdırıb. Bundan sonra xəstəxanada ona qarşı T.Bağırzadə və digərlərinə verilən ittihamlar elan edilib. Bunların arasında terrorçuluq, dövlət çevrilişinə cəhd və s. ittihamlar var. Ş.Abduləliyev bu ittihamlarla 14 il 6 ay azadlıqdan məhrum edilib. Lakin o, özünü təqsirli bilmir. İttihamların yalan olduğunu bildirir.