Dövlət şurası Batumelebi və Netgazeti-nin təsisçisi Mzia Amaqlobelinin vaxtından əvvəl azadlığa buraxılması barədə müraciəti rədd edib. Müraciət onun iki illik cəzasını çəkdiyi həbsxana tərəfindən təqdim olunmuşdu və yaxşı davranışı, eləcə də əvvəllər məhkumluğunun olmaması əsas göstərilmişdi.
Batumelebi-nin cümə axşamı yaydığı məlumata görə, Xüsusi Penitensiar Xidmətin tərkibində fəaliyyət göstərən Məhkumların İşlərinə Baxılması üzrə Yerli Şura müraciəti Amaqlobelinin “indiyədək öz hərəkətlərinə görə peşmançılıq ifadə etməməsi” səbəbi ilə rədd edib.
Batumelebi bildirir ki, Rustavi həbsxanasının rəhbərliyi 2026-cı ilin yanvarında şuraya müraciət edərək qeyd edib ki, Amaqlobeli “baş verən faktı qəbul edir, lakin bunu cinayət əməli hesab etmir”.
Amaqlobeli 2025-ci ilin avqustunda iki il həbs cəzasına məhkum olunub. O, həmin ilin yanvarında Batumi polis rəisi İrakli Dqebuadzeyə qızğın mübahisə zamanı şillə vurduğuna görə ilkin olaraq saxlanılmışdı. Məhkəmə prosesi zamanı ittiham tərəfi onu polis əməkdaşına hücumda günahlandıraraq 4 ildən 7 ilədək həbs cəzası tələb etmişdi.
Həbsxana rəhbərliyi müraciətində əlavə edib ki, Amaqlobeli “emosional aqressiyaya” meyil göstərməyib, heç bir intizam tənbehinə məruz qalmayıb, həbsxananın gündəlik rejimini pozmayıb, digər məhbuslarla yaxşı münasibətlər saxlayır və həbsxana əməkdaşlarına qarşı nəzakətlidir. Həmçinin qeyd olunub ki, onun əvvəllər məhkumluğu yoxdur.
Şura müraciətə 9 mart tarixində baxıb və həbsxananın müsbət rəyinə baxmayaraq, Amaqlobelinin vaxtından əvvəl azadlığa buraxılmasını rədd edib.
“Penitensiar müəssisənin təqdim etdiyi materiallara əsasən, Mzia Amaqlobeli indiyədək öz hərəkətlərinə görə peşmançılıq ifadə etməyib. O, nümayişkaranə şəkildə hərəkətlərinin cinayət tərkibi daşımadığını israrla bildirir”, – deyə qərarda qeyd olunub.
Şura hesab edib ki, Amaqlobelinin şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması “ölkədə ictimai asayişi və qanuna hörməti qoruyan çoxsaylı hüquq-mühafizə orqanı əməkdaşlarına qarşı hörmətsizlik əlaməti olardı”.
Həmçinin bildirilib ki, Amaqlobeli “müxtəlif səbəblər göstərərək administrasiyanın təklif etdiyi sosial proqramlarda iştirak etmir”. Bununla belə, Rustavi həbsxanasının müraciətində onun məhkəmə prosesi başa çatdıqdan sonra reabilitasiya proqramlarında iştirak etməyə hazır olduğunu bildirdiyi qeyd olunub.
Məhkəmə prosesi boyunca Amaqlobeli dəfələrlə Dqebuadzeyə şillə vurduğunu etiraf edib, lakin hadisənin polis əməkdaşına hücum kimi qiymətləndirilməsi ilə razılaşmayıb.
“Mən hesab edirəm ki, qanunda mənim hərəkətimə – bir şilləyə uyğun olan müddəa mövcuddur”, – deyə o bildirib.
Amaqlobeli həmçinin hadisəyə gətirib çıxaran şəraitdən, o cümlədən polis tərəfindən alçaldıcı rəftardan, eləcə də şillə vurduqdan sonra saxlanılarkən üzləşdiyi zorakılıqdan tez-tez danışıb. Bunlara Dqebuadze tərəfindən üzünə tüpürülməsi, təhqirlərə məruz qalması və tualetdən istifadəyə icazə verilməməsi daxil idi.
Amaqlobelinin işi Gürcüstanda və xaricdə qeyri-mütənasib və siyasi motivli olması ilə bağlı geniş tənqidlərə səbəb olub.
Tək bir şilləyə görə irəli sürülən ittihamların və tələb olunan cəzanın sərtliyi bir çoxlarında xüsusilə də Dqebuadzenin özünün heç bir məsuliyyətə cəlb olunmadığı, eləcə də Amaqlobelinin həbsindən əvvəlki aylarda Tbilisidə hökumət əleyhinə etirazçıları zorakılığa məruz qoyan polis əməkdaşlarının cəzalandırılmadığı fonunda təəccüb doğurub.
Etiraz olaraq, o, həbsinin ilk 38 gününü aclıq aksiyasında keçirib və həbsdən əvvəl artıq zəif olan görmə qabiliyyəti həbsxanada ciddi şəkildə pisləşib.
Dqebuadzeyə gəlincə, o, 2025-ci ilin sentyabrında Batumi polis rəisi vəzifəsindən Tbilisidəki Mərkəzi Cinayət Polisi Departamentinə keçirilmiş və 2026-cı ilin yanvarına olan məlumata görə, təşkilatlanmış cinayətkarlıq bölməsində xidmət edirdi.
Dqebuadze Amaqlobelinin irəli sürdüyü zorakılıq iddialarını rədd edib, lakin o, digər şəxslər tərəfindən də oxşar davranışlarda ittiham olunub; Batumidə etirazçılar onu fiziki zor tətbiq etməkdə və onları təhqir etməkdə günahlandırıblar.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.