Etnoqrafın apelyasiya şikayəti təmin edilməyib
İyulun 31-də Bakı Apelyasiya Məhkəməsi İqbal Əbilovun barəsində seçilən 4 aylıq həbs-qətimkan qərarını qüvvədə saxlayıb.
Azərbaycandakı milli azlıqlar, o cümlədən talışlarla bağlı araşdırma aparan etnoqraf İqbal Əbilov barəsində iyulun 24-də Səbail Rayon Məhkəməsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Özü də milliyyətcə etnik talış olan İqbal Əbilova qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.
İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunur.
Yaxınlarının Meydan TV-yə verdiyi məlumatlara görə, İqbal Əbilov bu ittihamlarla razılaşmır, özünü təqsirli bilmir. O, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.
İqbal Əbilov Belarusda yaşayır, Latviyada qeydiyyatdan keçmiş Talış Milli Akademiyasının təsisçilərindən biridir.
Müxtəlif ölkələrdən olan fəallar etnoqraf və alim, talışşünaslıq üzrə yeganə elmi jurnalın – “Talış Milli Akademiyasının Xəbərləri”nin baş redaktoru İqbal Əbilovun hüquqlarının müdafiəsi məqsədilə beynəlxalq təşəbbüs qrupu yaradıblar.
Təşəbbüs qrupunun yaydığı bəyanatda deyilir ki, İqbal Əbilov 22 iyul 2024-cü il tarixində hüquqları kobud şəkildə pozularaq həbs edilib və qondarma ittihamlarla olduqca ağır cinayətlərdə təqsirləndirilir.
“Cənubi Qafqaz və Yaxın Şərqdə müxtəlif etnik və dini qrupların mədəni xüsusiyyətlərini, o cümlədən türk dili və mədəniyyətini hərtərəfli araşdırması ilə tanınan Əbilovun işi yalnız elmi xarakter dasıyır və heç bir siyasi yönümlülüyü yoxdur”, – bəyanatda vurğulanır.
Bildirilir ki, Əbilovun redaktoru olduğu “Talış Milli Akademiyasının Xəbərləri” elmi jurnalının səhifələrində talışların tarixi, etnoqrafiyası, mədəniyyəti və dili üzrə Rusiyanın, Azərbaycanın, Fransanın, İranın, Niderlandın, Ermənistanın və Şimali Kipr Türk Respublikasının aparıcı alimləri məqalələrini nəşr ediblər. Lakin Azərbaycan hökuməti erməni alimlərinin yazılarının daxil edilməsini “xəyanət”in sübutu kimi qələmə verməyə çalışır:
“Onun həbs edilmə şəkli və üzərinə atılan ittihamlar olduqca təşviş doğurur. Belə ki, bu, repressiyaya məruz qalmış və həbsxanada faciəvi şəkildə, işgəncə verilərək öldürüldüyü Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən təsdiqlənmiş görkəmli talış alimi, mərhum professor Novruzəli Məmmədovun işi kimi, daha əvvəl təqib olunmuş digər talış fəal və alimlərin hadisələri ilə bənzərdir. Bu yanlış praktika meynstrimdən fərqli düşüncə sahiblərinə qarşı geniş işlədilən hazır qəlibdir. Bu, özündə, reallığı əks etdirmədiyi halda, talış intellektualları və fəallarının saxta “separatizm”/ “irredentizm” və “ermənipərəstlik” kimi ittihamlarla nüfuzdan salınmasını ehtiva edir”.
Müdafiəçilər bəyanatda vurğulayıblar ki, İqbal Əbilovun təqsirsizlik prezumpsiyası və müdafiə hüququları kobud şəkildə pozulur:
“Beynəlxalq ictimaiyyət təcili bu ədalətsizliyə son qoymalı və Azərbaycanda azadlıq və insan hüquqlarının müdafiəsinə qalxmalıdır”.
Talış alimi İqbal Əbilovun hüquqlarının müdafiəsi üzrə Beynəlxalq Təşəbbüs Qrupu aşağıdakı məqsədləri qarşısına qoyur:
1. Məlumatlılığın artırılması: Cəmiyyəti və dünya ictimaiyyətini İqbal Əbilovun ağır vəziyyəti və müstəqil araşdırmaçıların üzləşdiyi problemlər haqqında məlumatlandırmaq.
2. Ədalətin müdafiəsi: İqbal Əbilovun alim və şəxsiyyət kimi haqlarının müdafiəsini və ona qarşı ədalətli davranışın sərgilənməsini tələb etmək üçün bütün dəstəyi səfərəbər etmək.
3. Akademik azadlığa dəstək: Dövlətin müdaxiləsi və hədə-qorxusundan kənar qərəzsiz və müstəqil tədqiqatların mühümlüyünü təşviq etmək.
“Biz həqiqətə və akademik azadlığa sadiqliyinə görə təqiblərə məruz qalan İqbal Əbilov və bütün alimlərlə həmrəyik. Kampaniyamız təkcə bir insanın müdafiəsinə deyil, həm də müstəqil araşdırmaların müdafiəsinə və qərəzsiz tədqiqat hüququnun qorunmasına yönəlib”, – bəyanatda qeyd olunub.
Təşəbbüs dəstəyə cəlb olunma və müraciətlərin yayılması üçün onlayn-kampaniyalar və akademik forumlar daxil, bir sıra tədbirləri əhatə edəcək və bu məqsədlə, artıq İqbal Abilovun təqibinin dayandırılması tələbi ilə petisiyaya başlayıblar:
Qrup insan hüquqları təşkilatlatını, akademik qurumları və bütün dünyada məsələyə laqeyd olmayan şəxsləri müdafiəyə qoşulmağa, ədalət və akademik azadlıq mübarizəsinə dəstək verməyə çağırır.