Hazırda ölkədə fəaliyyət göstərən həkimlərin 65 faizə yaxını Bakıda çalışır
Son illər Azərbaycandan müxtəlif xarici ölkələrə işləmək üçün gedən həkimlərin sayının artdığı bildirilir.
2020-ci ilin əvvəlinə olan rəsmi rəqəmlərə görə, ölkədə həkimlərin sayı 32,6 min nəfər olub. Dövlət Statistika Komitəsinin (DSK) 2022-ci ildəki hesabatından məlum olur ki, ötən il Azərbaycanda həkimlərin sayı 32 min nəfərə düşüb.
Ötən ilə olan statistikaya görə, Azərbaycanda həkimlərin 31,3 faizini terapevtlər, 25,3 faizini digər sahələrdə ixtisaslaşan həkimlər, 2,5 faizini epidemoloqlar, 5,6 faizini ginekoloqlar, 10 faizini pediatrlar, 4,7 faizini şüa-diaqnostika üzrə ixtisaslaşmış kadrlar, 10,3 faizini stomotoloqlar, 10,3 faizini cərrahlar təşkil edib.
Həkimlərin regional bölgüsü də diqqət çəkən məqamdır. Hazırda ölkədə fəaliyyət göstərən həkimlərin 65 faizə yaxını Bakıda çalışır. Bu baxımdan, paytaxtda əhalinin hər 10 min nəfərinə 92 həkim düşdüyü halda, bir neçə şəhər və rayonu çıxmaq şərti ilə, bütün rayonlarda həmin göstərici iyirmidən aşağıdır.
Almaniya Tibb Assosiasiyasının məlumatına görə, 2022-ci ildə 1359 həkim işləmək üçün bu ölkəyə üz tutub.
2019-cu ildə bu rəqəm 877, 2021-ci ildə isə 1028 nəfər təşkil edib.
Həkimlərin xarici ölkələrə üz tutmasının səbəblərinə gəlincə, mütəxəssislər bunu daha çox maaşların azlığı ilə əlaqələndirirlər.
Kardioloq, Azərbaycan Kardiologiya Cəmiyyəti İdarə Heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru Üzeyir Rəhimov zamanla bu rəqəmin daha da artacağını proqnozlaşdırır:
“Həkimlərin ölkədən kütləvi getməsinin səbəbləri çoxdur. Məsələn, təhsil aldıqları universitetdəki və ya daha sonra çalışmağa (staj görməyə) başladıqları yerlərdəki aldıqları psixoloji travmalardır. Güvənli-həkim haqlarını qoruyan-həkim və pasiyent əlaqələrini tənzimləyən qaydaların olmamasıdır. Həmçinin maddi rifah və mənəvi əminliyin olmaması həkimlərin ölkədən getməsinə səbəb olur. Heç kim vətənini tərk etmək istəmir. Amma gedən həkimlər də heç nə itirmirlər. Əksinə, gələcəklərini sığortalamış oldular”.
Kardiloloq deyir ki, Azərbaycanda tibb təhsilini bitirənlərə və rezidentlərə çox ciddi maaş verilməlidir, eləcə də onların yaşaması üçün şərait yaradılmalıdır:
“Avropada rezidentlər üç min avro maaş alır. Rezidentura müddəti artdıqca, əməkhaqları daha da artır. Hətta ayda beş min avroya qədər əməkhaqqı verilir. Belə olan halda həkim niyə Azərbaycanda işləsin? Azərbaycandan fərqli olaraq gördükləri işdən zövq alacaqlar”.
Almaniyada yaşayan “Helios Klinikum Siegburg”da həkim olaraq işləyən Elvin Hüseynov da bununla bağlı sosial şəbəkə hesabından paylaşım edib.
Bildirib ki, çalışdığı klinikanın rəhbərliyi iş üçün Azərbaycandan çoxlu sayda həkim müraciətlərinin olduğunu deyir.
“Yaxın on-on beş il ərzində Azərbaycanda tibb sektorunda faciəvi şəkildə kadr çatışmazlığı olacaq. Əsasən də regionlarda. Dövlətimiz və xalqımız son illərdəki beyin axınının fəsadını ödəyəcək”, – Elvin Hüseynov qeyd edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov ötən gün jurnalistlərə açıqlamasında deyib ki, “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ı çərçivəsində xaricdə təhsil alan həkim-mütəxəssislərin TƏBİB-in tabeli tibb müəssisələrində işə qəbulu aparılır.
“Bu proqram çərçivəsində həm regionlarda, həm də mərkəzdə yerləşən tibb müəssisələrimizdə 60 nəfərdən çox xaricdə təhsil alan azərbaycanlı həkimlərimiz işlə təmin olunub. Bu tendensiyanı gələcəkdə də davam etdirməyi düşünürük”, – Vüqar Qurbanov deyib.
TƏBİB-in Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə isə jurnalistlərə açıqlamasında bildirib ki, tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ı çərçivəsində xarici ölkələrdə (Avropa İttifaqı ölkələri, Amerika Birləşmiş Ştatları, Türkiyə Cümhuriyyəti) müxtəlif ixtisaslar üzrə təhsil almış 72 həkim-mütəxəssis 15 TƏBİB tabeli tibb müəssisəsində əmək müqaviləsi əsasında daimi olaraq işə qəbul edilib.
Proqram çərçivəsində işə qəbul edilən cərrahi və radioloji profilli ixtisaslardan olan həkim-mütəxəssisin minimum əmək haqqı 6500 manat, terapevtik və pediatrik ixtisaslardan olan həkim-mütəxəssisin minimum əmək haqqı isə 5000 manat təşkil edib.
Fəqan Həsənzadə qeyd edib ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqindən əvvəlki dövrlə müqayisədə minimum vəzifə maaşı alan ixtisaslı həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunmaqla əmək haqqı 2019-cu illə müqayisədə orta hesabla üç dəfə artıb.
“Artım ölkə üzrə əhalinin orta aylıq əmək haqqından 1.5 dəfə yüksəkdir. Avropada bu rəqəm orta aylıq əmək haqqına nisbətlə 2-3 dəfədir. Bizim hədəfimiz bu rəqəmi iki dəfəyə qədər çatdırmaqdır”, – şöbə müdiri bildirib.